400 MİN DOLLARLIQ SOYĞUN – MTN-çilər gəmi təmiri şirkətini necə qarmağa keçirdi?

0
766

166327_res_01

 

 

 

 

 

 

Keçmiş MTN şefi Eldar Mahmudov ötən ilin oktyabr ayında vəzifədən kənarlaşdırıldıqdan sonra sözügedən qurumun yüksək rütbəli zabitlərinin bir qismi həbs edildi. Həbs olunanlar arasında generallar, idarə və şöbə rəisləri, müstəntiqlər də vardı. Sahibkarlara, iş adamlarına, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən vətəndaşlara qənim kəsilən MTN “çete”si bu insanların pullarını əllərindən almaqla yanaşı onlara hədə-qorxu gəlməkdən, qurduqları biznesi rahat şəkildə çökdürməkdən də çəkinməyiblər.

 Latviya və Estoniyadakı banklardakı offşor hesablar

MTN-nin taladığı iş adamlarından biri – “Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənov da bu qurumun toruna düşüb. “Techmarine LTD” MMC 1996-cı ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub. A.Həsənov tanışı Səhrab Allahverdiyevə birlikdə işləməyi təklif edib, şirkətdə 50% pay verərək onu özünə müavin təyin edib. Uzun illər birlikdə işləyiblər. 2013-cü ilin axırlarında şirkətin bağladığı müqavilələr üzrə sənədlərin yoxlanılmasını keçirərkən şərikinin onun razılığı və xəbəri olmadan şirkət tərəfindən görülmüş işlərə görə külli miqdarda pul vəsaitlərini Estoniya və Latviyada yerləşən banklara offşor hesabına köçürüldüyünü müəyyən edib. Bu səbəbdən də S.Allahverdiyevdən pulları geri qaytarmağı tələb edib, dövlətə vergi verilməli olduğunu deyib. Şəriki isə onu və oğlunu həbs etdirməklə hədələyib.

MTN-ə şikayət və…

Baş verənlər barədə A.Həsənov “Neftmaşınqayırma”MMC-nin direktoru Asif Bədəlova danışıb. Və elə onun da məsləhəti ilə şəriki haqda MTN-ə müraciət edib. 2015-ci ilin yanvar ayında Asif Bədəlov ona zəng vuraraq MTN-in yaxınlığındakı “Sultan” kafesində MTN əməkdaşları ilə birlikdə olduğunu deyib və A.Həsənovu oraya dəvət edib. Həmin kafeyə gedən A.Həsənov MTN əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov və A.Bədəlovla görüşüb. Onlara Səhrabın cinayət əməlləri barədə məlumat verib. Adları çəkilən şəxslər sənədləri təqdim etməli olduğunu ona bildiriblər. Və…

MTN-nin tələbi: ”400 min manat gətir”

Sonrakı günlərdə A.Həsənov həmin kafedə bir neçə dəfə MTN əməkdaşları ilə görüşüb. Şikayətin araşdırılması Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyatda təhlükəsizliyi Baş İdarəsi tərəfindən aparılıb. Sonuncu görüş zamanı MTN əməkdaşı Füzuli Hüseynov bütün günahların A.Həsənovda olduğunu, onu və oğlunu tutacaqlarını deyib, 400 min manat gətirməyi tələb edib. Ertəsi gün axşam saatlarında Füzuli Əliyev, Natıq Alıyev, Zaur Məmmədov, Akif Çovdarovun rəhbərlik etdiyi idarənin əməkdaşı, mayor Akif Əliyev (həbs olunub və hazırda Çovdarovla birlikdə mühakimə olunur – virtualaz.org) və digərləri “Techmarine LTD” MMC-in ofisinə “təşrif buyurublar”. F.Əliyevin göstərişi ilə ofisdə axtarış aparılıb, bütün kompüterlər serverdən açılıb, kompüterlərdə olan məlumatlar köçürülüb. “Techmarine LTD” MMC-in çek kitabçası, bütün maliyyə sənədləri götürülüb.

“Sultan” kafesində sultanlıq edənlər

Akif Həsənovu, oğlu H.Həsənovu, şəriki S.Allahverdiyevi, iş icraçısı Əlizamin Rzayevi və texnoloq Ramin Əkbərovu MTN-ə aparıblar. Gecə saatlarına kimi MTN-də A.Həsənova hədə-qorxu gələrək oğlunu həbs edəcəklərini deyiblər, təzyiq göstəriblər, külli miqdarda pul tələb ediblər. Hədələrdən qorxuya düşən A.Həsənovun razılaşmaqdan başqa çarəsi qalmayıb. Gecə saat 2 radələrində onu MTN-dən buraxıblar. Ertəsi gün tələb olunan məbləği “Sultan” restoranında MTN əməkdaşı Füzuli Əliyevə verib. Pulu verdiyi zaman F.Əliyev ondan bankda nə qədər pulu olduğunu soruşub. A.Həsənov Beynəlxalq Bankın Qaradağ filialında 100 min manat, “Azəriqazbank”da isə həyat yoldaşının adına 100 min dollar depozit hesabı olduğunu deyib. F.Hüseynov ona ”gözlə burda, indi gələcəklər, onlarla danışarsan” deyərək kafedən çıxıb.

Bir qədər sonra Çovdarovun işçisi Akif Əliyev kafeyə gələrək bankdakı pulları çıxarıb ona verməyi tələb edib. Etiraz etdikdə “sabah oğlun Həsəni də götürüb MTN-ə gələrsən” deyərək kafedən çıxıb. Ertəsi gün A.Həsənov oğlu ilə birlikdə MTN-ə gəlib. Həmin vaxt S.Allahverdiyev də orada olub. MTN əməkdaşı ona “oğluna 5 il cəza verilə bilər” deyib. Bundan sonra, demək olar ki, hər gün A.Həsənov MTN-ə çağırılıb, ondan pul tələb olunub, şirkətin balansındakı ofisi, əlavə olaraq 130 min manat pulu Səhraba verməyi tələb ediblər. Məcburiyyət qarşısında qalan A.Həsənov hər iki bankdakı pulları çaxararaq yanvarın 23-də “Sultan” kafesinin yaxınlığında Akif Əliyevə verib.

MTN əməkdaşları sahibkardan əl çəkməyiblər

Akif Əliyevin göstərişi ilə şirkətə yollanan iş adamı şəriki Səhrabın və MTN əməkdaşı Natiq Alıyevin orada olduqlarını görüb. Elə oradaca şirkətin müdiri Natiq Abdullayevin iştirakı və diqtəsi ilə “Techmarine LTD” MMC-nin ofisinin Səhrabın adına keçməsi, guya 130 min manat borcunun ödənilməsinə dair müqavilə tərtib olunub. Bu əməliyyatların notarial qaydada təsdiq edilməsi üçün Hövsan qəsəbəsində fəaliyyət göstərən dövlət notariusu çağırılıb. Lakin bütün bunlardan sonra da Akif Əliyev və Füzuli Əliyev ona MMC-nin əsas fəaliyyəti ilə məşğul olmağa imkan verməyiblər. Müxtəlif gəmilərin təmir işlərini həyata keçirilməsi ilə bağlı müqavilə bağladığı zaman MTN əməkdaşları Akif Əliyevlə Füzuli Əliyev sifarişçini MTN-ə dəvət edərək əməkdaşlığa son qoymağı tələb ediblər.

“Şirkətin əmlakının bölüşdürülməsini MTN əməkdaşları özləri təşkil ediblər”

Şahid qismində dindirilən “Techmarine LTD” MMC-nin sabiq müdir müavini Səhrab Allahverdiyev ifadəsində 2015-ci ilin yanvar ayının ortalarından MTN-in Füzuli adlı əməkdaşı tərəfindən nazirliyə çağırıldığını, orada şirkətin fəaliyyətinə dair suallar verildiyini, lakin protokol tərtib edilmədiyini deyib: “Şirkətdə axtarış aparıldı, maliyyə sənədləri, kompüter məlumatları götürüldü, şirkətin işçiləri MTN-ə aparıldı”.

S.Allahverdiyev hər gün MTN-ə çağırıldığını, MTN əməkdaşı F.Əliyevin ondan 1 milyon manat tələb etdiyini deyib: “Telefon danışıqlarının dinləndiyini deyirdi, hədə-qorxu gələrək 1 milyon tələb edirdi, imtina etdim. Bundan sonra Arif Həsənovdan 200 min manat aldığını deyir, yarım milyon tələb edirdi”.

Şahid deyir ki, MTN-də ondan Arif Həsənovla şərikliyinə son qoyulması tələb olunub. O, da məcburən razılaşıb. Şirkətin əmlakının bölüşdürülməsini MTN əməkdaşları özləri təşkil ediblər, F.Əliyevin göstərişi ilə müqavilə tərtib olunub, bundan sonra isə audit yoxlamaları aparılıb.

 

BIR CAVAB BURAXIN