4 milyard dollar mirası qalan dünyanın ən xəsis qadını/Əziz Mustafa

0
772

İyul ayının 3-də dünyada saysız-hesabsız sərvətləri, eyni zamanda olduqca xəsisliyi ilə tanınan məşhur qadın Henrietta Houlend Hetti Qrinin vəfatının 100 ili tamam oldu. Özündən sonra 4 milyard dollar sərvət, 8 min hektar topraq sahəsi və böyük həcmdə dəmiryolları aksiyaları qoyan Henrietta Qrinin adı bu gün də dünya tarixində ən xəsis qadınlardan biri kimi çəkilməkdədir. Əslində dünyanın ən xəsis qadını hesab edilən Henriettanın, belə demək mümkünsə, milyardlar səltənətinə gedən yolu də özünəməxsus olub.

Henrietta 1834-cü ildə balina yağı alveri ilə məşğul olan və bundan varlanan bir ailədə dünyaya gəlib. Uşaq yaşlarından balaca Henriettanın tərbiyəsi ilə babası Qideon Houlend məşğul olub. Henriettanın ailəsi protestantlığın kvakerlər dini cərəyanına sitayiş edirdilər. Bu qrupa məxsus adamların ən başlıca xüsusiyyətləri qənaətlə dolanmaq, Allahın insanlara bəxş etdiyi nemətləri israf etməmək, həmişə kasıb həyat tərzinə üstünlük verməklə bağlı idi. Onlar (kvakerlər) az yeyir, milyonları olsa belə, kasıbyana geyinirdilər. Babası Qideonun belə həyat tərzi uşaq yaşlarından Henriettanın da tədricən həyat idealına çevrilməyə başladı. Qızcığazın 7 yaşı olanda babasının gözləri zəif görməyə başladı. O, artıq qəzetləri oxuya bilmirdi. Ona görə də Henrietta hər gün babasına qəzetləri oxuyur, ona maliyyə bazarındakı vəziyyət barədə məlumat verirdi. Maliyyə bazarı ilə bağlı məlumatlar balaca Henriettanın qısa müddətdə bu sahəni dərindən öyrənməsinə gətirib çıxardı. Artıq 10 yaşı olanda o maliyyə bazarındakı vəziyyət, onun imkanları və gələcək perspektivləri barədə olduqca məntiqli proqnozlar verir və bununla da ən təcrübəli mütəxəssisləri belə heyrətə salırdı. Onun maliyyə bazarı ilə bağlı analizləri əksər hallarda düz çıxırdı. Babası Qideon onun bu qabiliyyətini yüksək qiymətləndirərək ailə üzvlərinə: “Biz vəfat edəndən sonra geridə buraxacağımız sərvətin qədrini yalnız Henrietta biləcək”, – demişdi.

13 yaşı olanda Henrietta ailənin mühasibinə çevrildi və bütün xərclərə o nəzarət etməyə başladı. İlk günlərdən də olduqca qənaətcilliyi ilə tanınmağa başlayan Henriettanın adı yavaş-yavaş xəsisliklə ətrafındakıların diqqətini özünə cəlb etdi. 17 yaşı olanda Henrietta olduqca cazibədar bir qız idi. Həmin dövrdə ona evlənmək təklif edənlərin sayı-hesabı bilinmirdi. Lakin Henrietta hər pərəstişkarında müəyyən nöqsan taparaq onların evlənmək təklifini rədd edirdi. Belə demək mümkünsə, köhnə paltarda gəzən Henrietta ətrafındakı ən varlı pərəstişkarlarını belə bəyənmirdi. Digər tərəfdən də həmin dövrdə Henriettanın qənaətcilliyi və xəsisliyi barədə çoxsaylı gülməli lətifələr dolaşırdı. Onun əl salfetkalarını işlətdikdən sonra yuyaraq sərib qurutduğu, şam yanandan sonra onun yanına tökülən ərimiş qalıqları təkrar istifadə etdiyi, olduqca az yediyi, yağı çörəyin üzünə sürtdükdən sonra onu qaşıyaraq yenidən yağ qabına tökdüyü və çörəyi də belə yediyi barədə lətifələr dildən-dilə dolaşırdı.

Bu da tədricən elçilərin ayağının Henriettanın qapısından kəsilməsinə gətirib çıxardı.

Henrietta milyonlar

sahibinə çevrilir

1865-ci ildə Henriettanın atası vəfat etdi. Atası özündən sonra 7,5 milyon dollar həcmində var-dövlət qoymuşdu. Bu, o dövrdə olduqca böyük var-dövlət sayılırdı. Atası sərvətinin hamısını Henriettaya vəsiyyət etdiyindən o, bir andaca dünyanın ən varlı qadınına çevrildi. Amma belə böyük var-dövlətin varisi yenə də kasıb və xəsis həyat sürməkdə davam edirdi. Atası vəfat etdikdən və dünyanın ən varlı qadınına çevrildikdən az sonra Henrietta gözləmədiyi halda ABŞ-da kifayət qədər tanınan Qrinlər soyundan olan Edvardla tanış oldu. Henriettanın xəsisliyinə və kasıbyana ailə həyatı sürməsinə baxmayaraq, Edvard Qrin onunla evlənmək qərarına gəldi. Henrietta onunla yalnız müqavilə əsasında ailə həyatı qurmağa razı olacağını bəyan etdi. Edvard Qrin onun bu şərtini qəbul etməyə məcbur oldu. Onlar Edvardın Henriettanın sərvətindən bir qəpik belə istifadə edə bilməyəcəyi barədə rəsmi şəkildə bağlanan anlaşma ilə ailə həyatı qurdular. Qeyd edək ki, Edvard Henrietta ilə ailə həyatı qurarkən kifayət qədər varlı idi. O, həmin dövrdə dünyanın yarısını gəzmiş, ipək, çay və tütün alveri ilə məşğul olaraq milyonlarla dollar sərvət əldə etmişdi. Buna baxmayaraq, o çoxlarının xəsis qadın kimi tanıdığı Henrietta ilə evlənməklə hamını heyrətə salmışdı. Çünki Edvard Qrinin gələcək həyat yoldaşının var-dövlətində gözü yox idi və onunla hansısa maddi məqsəd üçün evlənməmişdi. Bu baxımdan xəsis Henriettanın hansı səbəbdən Edvardın xoşuna gəldiyini bilən yox idi…

Maliyyə bazarının nəbzini dəqiqliklə tuta bilirdi

ABŞ-da adı olduqca varlı, həm də xəsis qadın kimi çəkilən Henrietta minlərlə hektar torpaq sahəsi almışdı. O, eyni zamanda həmin dövrdə maliyyə birjalarında tayı-bərabəri olmayan sələmçi qadın kimi də tanınırdı. Birja dəllalları bilirdilər ki, Henrietta səhmlər alırsa, deməli yaxın günlərdə bundan qazanacaq. Həqiqətən də, Henrietta birjalarda səhmləri alandan az sonra onun qiymətləri qalxırdı və o da bundan böyük həcmdə gəlir əldə edirdi. Səhmləri almazdan əvvəl Henrietta onun məxsus olduğu şirkət və ya kompaniya barədə dəqiq məlumat əldə edirdi. Bundan sonra dünyanın ən xəsis qadını səhmlərin gələcəyinin necə olacağı barədə dəqiq proqnoz verir və bunun da əsasında hərəkət edirdi. Həmin dövrdə birjalarda xəsis Henriettanı maliyyə bazarının anası adlandırır və əksər hallarda onun məsləhətlərini almağa çalışırdılar.

Edvardla evlilikdən Henriettanın Ned və Silviya adlı iki uşağı dünyaya gəlmişdi. Lakin xəsis ana uşaqlarına münasibətdə belə analoji şəkildə hərəkət edirdi. Nəticədə, uşaqlar yarıac, yarıtox həyat sürür, kasıblar kimi olan köhnə paltarlar geyinirdilər. Xəsis ana xizəklə sürüşərkən yıxılaraq ayağını sındıran oğlu Nedin sağalması üçün bir qəpik də olsa xərcləmək istəmədi. Həkimlərin Nedi müalicə etmək üçün istədiyi pulu vermək istəməyən Henrietta onu ev şəraitində müalicə etməyə cəhd etdi. Nəticədə, Nedin ayağında qanqrena başladı. Bu da bəxtsiz övladın ayağının dizdən aşağı kəsilməsinə gətirib çıxardı.

Henrietta ümumiyyətlə ahıl yaşlarında belə kasıb həyat keçirməyə, əksər hallarda yumurta və ya olduqca yüngül yemək yeməklə gününü başa vururdu. Var-dövləti çox olduğundan sui-qəsdə məruz qalacağından qorxan Henrietta yanında tapança gəzdirirdi. Eyni zamanda zəhərlənmək qorxusundan qonaqlığa təsadüfi hallarda gedər, onda da yeməyini özü ilə aparardı.

Henriettanın xəsisliyi onun ərinə münasibətdə belə özünü göstərməkdə idi. Əri Edvard Qrin müflis olaraq ağır vəziyyətə düşəndə belə Henrietta ona bir qəpik də olsun pul vermədi. Bunu ona irad tutanlara isə Henrietta: “O, özü-özünü bataqlığa salıb. Ağlı olsaydı, var-dövlətinin əlindən çıxmasına imkan verməzdi. Ona görə də qoy özü bildiyi kimi düşdüyü bataqlıqdan çıxsın, ya da bunu bacarmasa, batıb getsin”, – demişdi.

Var-dövlətinin bir hissəsi xeyriyyə məqsədlərinə xərcləndi

Sağlığında dünyanın ən xəsis qadını adını alan Henrietta 81 yaşında ürək tutmasından dünyasını dəyişdi. O, özündən sonra 4 milyard dollarlıq sərvət qoydu. Təbii ki, onun bu sərvəti iki övladı Ned və Silviya arasında bölüşdürüldü. Ned anasının sərvətindən ona çatan paydan lüks həyat, həmçinin avtomobil və onların texniki tədqiqatları üçün istifadə etdi. Silviya isə xəsis anasından fərqli olaraq özünə çatan sərvəti xeyriyyəçilik məqsədləri üçün xərcləməyə başladı. Necə deyərlər, dünyanın ən xəsis qadınının kasıb həyat tərzi keçirərək illərlə yığdığı var-dövlətin bir hissəsi sonda onun qızı Silviya tərəfindən ehtiyacı olan insanlara xərcləndi…

BIR CAVAB BURAXIN