Con Terri İngiltərə yığmasında oynamaqdan imtina etdi
Londonun “Çelsi” futbol klubunun müdafiəçisi Con Terri onu yenidən ölkə yığmasında görmək istəyən İngiltərə yığmasının baş məşqçisi Sem Ellardaysın məsələ ilə bağlı verdiyi açıqlamasına münasibət bildirib. Con Terri bununla bağlı İngiltərə mətbuatına verdiyi müsahibəsində deyib ki, o, yenidən yığma komandanın formasını geymək niyyətində deyil. Con Terri: “Mən yığma komandada oynamaq arzusunda deyiləm və bunu əvvəllər də bildirmişəm. Fikrim qətidir: Bir daha İngiltərə yığmasının heyətində meydana çıxmayacağam. Yığma komandada kifayət qədər təcrübəli və öz işlərini yaxşı bilən oyunçular var. Sadəcə olaraq onların imkanlarından bacarıqla istifadə etmək lazımdır”,- deyib.
Yeri gəlmişkən onu da xatırladaq ki, bir neçə gün bundan əvvəl İngiltərə Futbol Assosiasiyası Terriyə karyerasını yığma komandada davam etdirib-etdirməyəcəyi barədə sorğu göndərmişdi. Lakin Terri “Çelsi”də özünü daha yaxşı hiss etdiyini söyləyərək yığma komandada oynamaq məsələsinə qayıtmayacağını bəyan etmişdi.
Hazırladı: Əziz Mustafa