Nasistlərin izləri Argentinaya aparır (3)

0
981
Arazinfo.com  saytı yazıçı Əziz Mustafanın “Nasistlərin izləri Argentinaya aparır” adlı yazısının üçüncü hissəsini oxucularına təqdim edir:

Argentinada IV Reyx…

Nasistlərin gizli şəkildə Argentinaya axını onlara Almaniyadan kənarda belə demək mümkünsə özlərinin IV Reyxini qurmaq imkanı vermişdi. Bu Reyx faktiki olaraq Argentinada pərdəarxası hökumət kimi fəaliyyət göstərirdi. “IV Reyxlə” Argentina hökuməti arasında əlaqələri isə öz növbəsində əslən alman olan və Argentinada doğulan Rodolfo Freyde həyata keçirirdi. Evita ilə çox isti münasibətlərdə olan Rodolfo, Argentina Prezidenti Xuan Peronun şəxsi köməkçisi, eyni zamanda Argentina daxili təhlükəsizlik xidmətini kuratoru idi. Rodolfonun atası Lyudviq Freyde isə Buenos-Ayresdəki Almaniya Transatlantik bankının sədri idi. O, eyni zamanda Argentinadakı alman diasporuna rəhbərlik edirdi. Məhz Lyudviq Freyde Hitlerin və Martin Bormanın maliyyə məsələləri üzrə ən inanılmış adamlarından biri idi. Hitlerin göstərişi ilə Martin Borman on milyonlarla alman markasını Lyudviq Freydenin sədri olduğu bankın hesabına köçürmüşdü. Ümumiyyətlə, Freydelər ailəsi dövlət aparatına qaynaq edilmiş mexanizmi xatırladırdılar. Bu mexanizm iki dövlətin-Argentinanın və onun ərazisində qeyri-rəsmi şəkildə yaradılan IV Reyxin fəaliyyətini tənzimləyirdi. Əgər istəsəydilər ata və oğul Freydelər asanlıqla Argentinada hakimiyyəti ələ ala bilərdilər. Ancaq Freydelər bunun gələcəkdə onlar üçün əlavə problem yarada və bunun beynəlxalq aləmdə Argentinada faşistlərin hakimiyyətə gəldiyi barədə güclü əks-sədaya səbəb ola biləcəyindən ehtiyat edirdilər.

 

 

 

Ona görə də ata və oğul Freydelər, Peronlar hökumətində boz kardinal funksiyasını həyata keçirməyi daha məqsədə uyğun hesab etmişdilər. Onların hər birinin qeyri-rəsmi şəkildə fəaliyyət göstərən IV Reyxdə və Argentina hökumətində öz vəzifələri vardı. Rodolfo Almaniyadan gizli yollarla Argentinaya gələn nasistlərin müvafiq ərazilərdə yerləşdirilməsinə, onların lazımi sənədlərlə və müxtəlif adlar altında yaşamalarını təmin edir, lazım gələndə bu prosesə şəxsən Prezident Xuan Peronu da cəlb edirdi. Buna paralel olaraq Rodolfo Argentinanın dövlət təhlükəsizliyi məsələləri ilə də məşğul olurdu. Rodolfonun razılığı və məsləhəti olmadan Xuan Peron dövlət təhlükəsizliyi məsələlərində cüzi bir addım belə atmırdı. Lyudviq isə Almaniyadan rəhbərlik etdiyi banka köçürülən on milyonlarla marka vəsaitin hansı məqsədlər üçün sərf edilməsinə, o cümlədən tonlarla qızılın qorunaraq saxlanılmasına və ona nəzarəti həyata keçirirdi.

Bariloçe sirləri

Argentinaya köç edən nasistlər əsasən şam ağacları və ucsuz bucaqsız çəmənliklərlə əhatə olunan dağ gölü ətrafındakı San-Karlos-de-Bariloçe şəhərində və ona yaxın yaşayış məntəqələrində məskunlaşmışdılar. San-Karlos-de-Bariloçe əslində Argentinada yaşayan almanların qeyri-rəsmi paytaxtı funksiyasını həyata keçirirdi. Buranın təbiəti Almaniya-Avstriyanın dağlıq ərazilərinə bənzəyirdi. Hər tərəfdə Alp dağlarına xas olan və insanı valeh edən mənzərələr, Nauel-Uapi gölünün şəffaf suları, səliqəli şəhər və kənd küçələri, alman memarlığı əsasında tikilmiş yaraşıqlı evlər və onların qabağında xüsusi qulluq edilən kiçik bağçalar insana xoş təsir bağışlayırdı.

And dağları ətrafına almanlar  ilk dəfə XIX əsrin axırlarında ayaq basmışdılar. Buranın olduqca gözəl təbiəti almanları dərhal özünə cəlb etməyə başladı. Nəticədə qısa müddətdə Almaniyadan minlərlə alman Argentinaya-And dağları ətrafına axışdı. Almanlar tədricən  buradakı insan yaşamayan ərazilərdə məskunlaşaraq  özlərinin San-Karlos-de- Bariloçe şəhərini saldılar. Şəhər ətrafında isə almanlara məxsus olan və əsasən kənd təsərrüfatı məhsulları istehsal edərək nəinki Argentina bazarlarında satan, həm də Avropaya ixrac edən çoxlu sayda fermer təsərrüfatları əmələ gəlmişdi.

Almanların məskunlaşdıqları bu ərazilər faktiki olaraq Avropadakı Almaniyanın mini forması idi. Pataqoniya adı verilən bu ərazilərdə almanlar Argentinanın deyil, öz qanunları ilə yaşayırdılar. Pataqoniyada yaşayan almanlar içərisindən qısa müddətdə varlı adamlar çıxdı. Onlardan biri də Ditrix və Kristel Laxuzen qardaşları idi. Laxuzen qardaşları çoxsaylı qoyun fermalarına malik idilər. Onlar Avropaya belə öz heyvandarlıq məhsullarını ( yun, qoyun əti, dəri) ixrac edirdlər. Laxuzen qardaşlarının təkcə otlaq yerləri 100 min hektardan artıq idi. Onlar Argentinanın cənubunda mağazalar şəbəkəsi açmışdılar. Bu mağazalar şəbəkəsində satılan ərzaq məhsulları bütün Argentinada məşhur idi. Ona görə də Laxuzen qardaşları tezliklə Argentinanın 10 ən varlı adamından birinə çevrildilər.

Nasistlər də əsasən etnik almanlar yaşayan ərazilərdə məskunlaşırdılar. Təsadüfi deyil ki, məhz nasistlərin Almaniyadan gətirdikləri çertyojlar və Argentina hökumətinin razılığı əsasında 1951-ci ildə Laxuzen qardaşlarına məxsus olan Uemul adasında Avstriyadan olan fizik Ronald Rixterin rəhbərliyi altında Latın Amerikasında ilk dəfə olaraq yeraltı nüvə sınağı keçirildi. Laxuzen qardaşlarına məxsus olan San-Ramon villası isə əsl dövlət başçısının iqamətgahını xatırladırdı. Bu villanın həmsahiblərindən biri də 1930-1940-cı illərdə Almaniyanın Buenos-Ayresdəki səfirliyinin məsləhətçisi işləyən knyaz Stefan Şaumburq-Lippen idi. Davamı var

Əziz Mustafa/Arazinfo.com

BIR CAVAB BURAXIN