Bakıda keçiriləcək növbəti Formula 1 yarışları ərəfəsində“Oxu məni qəzeti”bu möhtəşəm oyunların qalibləri haqqında silsilə yazılarını davam etdirir.
Emerson Fittipaldi-Braziliyanın Formula 1 Pelesi
Formula 1yarışlarının beynəlxalq aləmdə böyük şöhrət qazandığını onun ənənəvi avtoralli ölkəsi kimi tanınmayan Braziliyada da sevilməsi və geniş yayılması da bir daha sübut etdi. Ötən əsrdə futbol ölkəsı kimi tanınan Braziliyadan Formula 1 yarışları üzrə dünya çempionun çıxması həqiqətən də ənənvi avtoralli ölkələri sayılan İtaliya, İngiltərə, Avstriya və Şotlandiyada heyrətlə qarşılandı. Uşaq yaşlarından avtoralli yarışlarına böyük maraq göstərən Emerson Fittipaldi qısa müddətdə özünü istedadlı pilot kimi göstərə bildi. Əvvəlcə yerli yarışlarda böyük uğur qazanan Fittipaldi sonra beynəlxalq səviyyəli yarışlarda iştirak etməyə başladı. Fittipaldi qısa müddətdə bu sahədə böyük uğura imza ataraq 1972-ci ildə Formula 1 yarışları üzrə çempion oldu. Bundan əlavə Emerson Fittipaldi 1989 və1993-cü illərdə İndiya-500 avtoralli yarışlarında iki dəfə qalib gəlib. O həmçinin CART nominasiyasında keçirilən avtoralli yarışları üzrə çempion titulunu qazanıb.
Andreas Nikolaus Lauda-Formula 1 yarışlarının üçqat qalibi
Andreas Nikolaus Lauda 1949-cu ildə Vyanada varlı bir ailədə anadan olub. Uşaq yaşlarından avtoralli yarışlarına böyük həvəs göstərən Lauda əvvəlcə Avropada keçirilən mini avtoralli yarışlarında iştirak etdi. Bu yarışlarda özünü istedadlı pilot kimi göstərən Lauda sonra Formula 1 yarışlarında çıxış etməyə başladı. Amma ailəsi həyat üçün risqli olduğunu nəzərə alaraq onun bu yarışlarda iştirak etməsinİn əleyhinə idi. Buna baxmayaraq Lauda bankdan kredit alaraq Formula 1 yarışlarında iştirakını davam etdirdi. Amma bir müddət o bu yarışlarda qalib gələ bilmədi. Hətta ümidsizliyə qapılan Lauda Formula 1 yarışlarında iştirakdan imtina etmək fikrinə belə düşdü. Lakin sonra özünü toplayaraq inadla zirvə yürüşünü davam etdirdi. Nəhayət 1975-ci ildə Lauda Formula 1 yarışları üzrə bütün rəqiblərini qabaqlayaraq çempion titulunu qazana bildi. 1976-cı ildədə o qələbəyə yaxın idi. Lakin son anda qəza keçirərək ardıcıl olaraq ikinci dəfə çempion ola bilmədi. Bununla belə Lauda 1977-cü ildə ikinci dəfə çempion titulunu qazandı. Bundan sonra Lauda yenidən uzun müddət uğursuzluq zolağına düşdü. Lakin Lauda ruhdan düşmədi və 1984-cü ildə 3-cü dəfə Formula 1 yarışlarının qalibi oldu.
Mario Andretti- Formula 1 yarışlarının italiyalı əsilli ABŞ-dan olan çempionu
Mario Andretti 1940-cı ildə İtaliyada Montona adlı yerdə anadan olub. İkinci dünya müharibəsindən sonra Montona Yuqoslaviyaya verildiyindən Andretti ailəsi doğma yurdu tərk edərək İtaliyada məcburi köçkün həyatı yaşamağa başlayır. Amma ailə belə bir həyatdan bezərək 1956-cı ildə ABŞ-a köçür.
Andretti ailəsi Pensilvaniyada məskunlaşır və gənc Mario yerli avtoralli yarışlarında həvəslə iştirak etməyə başlayır. 1964-cü ildə o ABŞ-da avtoralli üzrə USAC yarışlarına qatılır. 1965-ci ildə isə bu yarışlarda birinci yeri tutur. Andretti 1966-1967-ci illərdə də bu uğurunu davam etdirir və buna görə ABŞ-da ”İlin pilotu” elan edilir. 1968-ci ildə ildə italyan əsilli amerikalı dəfə ilk dəfə Formula 1 yarışlarında iştirak etməyə başlayır və uzun müddət yüksək yerlər tuta bilmir. Yalnız 1978-ci ildə Andretti nəhayət ki, Formula 1 yarışları üzrə çempion ola bilir. Amma bundan sonra onun çempion titulunu qazanmaq cəhdlər uğursuz olur. Nəticədə Andretti yarışlarda çıxışını dayandırır.
Codi David Şekter-Cənubi Afrikadan olan Formula 1 qalibi
Formula 1 yarışlarının dünyada get-gedə daha da geniş yayılması idman qitəsi hesab edilməyən Afrikada belə ona marağın ən yüksək səviyyədə artmasına gətirib çıxarmışdı. Nəticədə Afrika qitəsində belə Formula 1 çempionları yetişməyə başladı. Belə çempionlardan biri də Codi David Şekter oldu. 1950-ci ildə Cənubi Afrikanın İst London şəhərində anadan olan Codi David Şekter uşaq yaşlarından avtoralli yarışlarına həvəs göstərməyə başladı. 12 yaşında ikən kartinq yarışlarında iştirak etməyə başlayan Şekter 1970-ci ildə yerli Formula-Ford yarışlarının qalibi oldu. Bununla da o Formula 1 yarışları təşkilatçılarının diqqətini cəlb etdi. Ilk iki ildə Şekter müxtəılif beynəlxalq yarışlarda uğurla çıxış etdi. 1972-ci ildən isə Formula 1yarışlarında çıxış etməyə başlayan Şekter müxtəlif komandaların tərkibində özünü istedalı pilot kimi göstərə bildi. Amma onun zirvəyə gedən yolu asan olmadı. Bir çox yarışlarda həlledici mərhələdə qələbəni əldən verən Şekter nəhayət ki, 1979-cu ildə Formula 1 yarışlarının çempionu titulunu qazana bildi. Amma 1980-ci ildə keçirilən növbəti Formula 1 yarışlarında Şekter həddən artıq özünə inanmasındanmı və ya nədənsə böyük uğursuzluğa dükar oldu. Nəticədə o ruhdan düşərək Formula 1 yarşlarındakı çıxışlarına son qoydu.
Avstraliyalı Formula 1 çempionu- Alan Stenli Cons
1950-ci ildə Avstraliyanın Melburn şəhərində anadan olan Alan Stenli Cons uşaq yaşlarından avtoralli yarışlarına böyük həvəs göstərirdi. Bu həvəs də sonda onun avtoralli yarışlarında ciddi şəkildə iştirak etməsinə gətirib çıxardı. 1967-ci ildə Avropaya köç edən Cons burada yerli səviyyəli avtoralli yarışlarında iştirak etməyə başlayır. 6 il Formula 3 yarışlarında iştirak edir və özünü ən istedadlı pilotlardan biri kimi göstərə bilir. Nəhayət 1974-cü ildə Cons Formula 1 yarışlarında iştirak etmək hüququ qazandı. 1975-ci ildə keçirilən Qran-Pri yarışlarında iştirak edən Cons ilk dəfə nə qədər böyük və həyat üçün təhlükəli olan risqli yarışlarda iştirak etdiyini anladı. Həmin yarışda pilot Rolf Ştommel ağır qəzaya uğradı. Qəza zamanı həmçinin 5 nəfər azarkeş də Ştommellə gələn gözlənilməz qəzanın qurbanı oldu. Bu qəza Formula 1 yarışları tarixində bu günə kimi də ən dəhşətli faciələrdən biri kimi qalmaqda davam edir. Alan Stenli Consda bu qəza ağır izlər buraxdi və nəticədə o, 2-3- il ərzində özünün nəyə qadir olduğunu göstərə bilmədi. Bununla belə Cons özündə qüvvə taparaq 1980-ci ildə Avstriyada keçirilən Formula 1 yarışlarında rəqiblərini özündən geridə buraxaraq çempion titulunu qazandı. Amma daha sonrakı yarışlarda bu uğurunu bir daha təkrar edə bilmədi. 1986-cı ildə Avstraliyada keçirilən Formula 1 yarışlarında da uğur qazana bilməyən Cons bir daha çempion ola bilməyəcəyini anlayaraq çıxışlarını dayandırdı.
Emin Axundov