Bir vaxtlar türk dünyasının ana bölgələrindən biri olan, hazırda isə Rusiyanın işğalı altında inləyən, eyni zamanda Avropa ilə Asiyanı həm birləşdirən, həm də ayıran Ural özünəməxsus gözəlliklərə malik olması ilə buraya gələnləri, onu görənləri heyran etməkdədir. Bu baxımdan üstündən əsrlər ötməsinə baxmayaraq indinin özündə belə türk dünyasının özünəməxsus ruhunu, əcdadlarımızın izlərini qoruyub saxlayan Ural özündə çoxlu sayda sirləri gizlətməkdədir. Rusiyanın və dünyanın ir çox alimlərinin açmaq istədiyi, lakin aça bilmədiyi sirlərdən biri də Yamazı-Taş ( İqnatyev) mağarasıdır. Rusların Uralı işğal etməsinə kimi ətrafında çoxlu sayda türk xalqlarının yaşadığı bu mağara Yamazı-Taş adlanırdı. Ruslar bölgəni işğal etdikdən sonra isə bu mağaranı ilk dəfə görən İqnatyev adlı birinin adı ilə adlandırmağa başladılar. Mağara həmçinin İqnatyevskaya, Dalnya, Serpiyevskaya adlanıb. Sim çayının ətrafında yerləşən və əsasən əhəngdən ibarət olan Yamazı-Taş Ural dağlarının cənubunda, Çelyabinsk vilayətinin Serpiyevka kəndi yaxınlığında yerləşir. Vaxtı ilə bu kənddə yaşayan Ural tatarları çarizmin zorakı siyasəti nəticəsində dinlərindən döndürülərək xristianlığı qəbul etməyə məcbur edildilər. Bunun da nəticəsində kənd Serpiyevka adlandırılmağa başlandı. Ruslar ilk dəfə Yamazı-Taş mağarasından 1762-ci ildə xəbər tutdular. O dövrdə Yamazı-Taş mağarası ilə tanış olan İmperiya Elmlər Akademiyasının əməkdaşı Pyotr Rıçakov geriyə Sankt-Peterburqa qayıdandan sonra “Orenburq topoqrafiyas”ı adlı kitabını nəşr etdirdi. Bu kitabda o Yamazı-Taş mağarası ilə bağlı xalq arasından gəzən bir çox rəvayətləri verib, eyni zamanda mağara barədə ətraflı məlumatlarla oxucularını tanış edib. Əlbəttə o dövrdə işğal edilən ərazilərin ruslaşdırılması üçün Rıçakov yeli əhali arasından eşitdiyi əfsanələrdəki şəxsləri rus adları ilə adlandırıb.
Rıçakov Yamazı-Taşda guya İqnati adlı bir qocanın yaşadığını iddia edərək onu bu şəxsin adı ilə də adlandırıb. Halbuki Rıçakova kimi mağara xalq arasında Yamazı-Taş adı ilə adlanırdı. O dövrdə yerli əhali arasında gəzən əfsanəyə görə mağarada Yamazı adlı bir müdrik yaşayıb. Əhali arasında çox məşhur olan bu şəxsin yanına dara düşənlər gələr, ondan kömək, məsləhət istəyərdilər. Yamazı onlara ağıllı məsləhətləri ilə yardım edir, dara düşənlərin harayına çatır, hətta onları müalicə belə edirdi. Dağ cüssəli, sağlam bədənli olduğu üçün yerli əhali onu Yamazı-Taş deyə deyə çağırardılar. Yamazı-Taşın təxminən əramızın X-XII əsrlərində yaşadığı məlumdur. Lakin cənab Rıçakov bölgədə öncədən guya rusların yaşadığını göstərmək məqsədi ilə Yamazı-Taş əvəzinə uydurma İqnati adından istifadə edib. Onun sözlərinə görə yerli əhali arasında böyük hörmətə malik olan İqnati ( Yamazı-Taş) burada ölüb və orada da dəfn edilib. Sonralar isə İqnatinin guya imperator ı Aleksandr olduğu barədə uydurma rəvayətlər də ortaya çıxdı. Halbuki I Aleksandrın ümumiyyətlə Yamazı-Taşdan xəbəri yox idi və ola da bilməzdi… Hətta Yamazı-Taşın böyük knyaz I Aleksandrın qardaşı knyaz Konstantin Pavloviç olduğu barədə saxta, əsası olmayan rəvayətlər günümüzdə belə dolaşmaqdadır. Yenə də knyazın Yamazı-Taş ilə hər hansı bir əlaqəsi olmayıb və belə iddialar olduqca külünc görünür. Nə isə məsələdən uzaq getməyərək qeyd edək ki, Yamazı-Taş mağarasına şöhrət gətirən oradakı rəsm qalareyalarıdır. 1980-ci ildə mağaranı tədqiq edən bir qrup arxeoloq mağaranın divarlarında və tavanlarında daş dövrünə aid edilən insanların təsviri olan rəsmlər tapdılar. Bu rəsmlərin yaşı 14 min il bundan əvvələ aid edilir. Rəsmləri 40 müxtəlif qrupun çəkdiyi ehtimal edilir. Rəsmlər arasında öküz, mamont və hələlik sirri açılmayan geometrik simvollar var. Belə güman edilir ki, bu rəsmlər mağaranın müqəddəs məbəd edilməsi ilə bağlıdır. Ümumiyyətlə mağarada aşkar edilən rəsmlərin demək olar böyük əksəriyyətində türk mifologiyasının, türk mifik dünya görüşünün izlərinə rast gəlmək mümkündür. Ruslar tərəfindən sirri açılmayan geometrik simvollara gəlincə onlara Altaylardan tutmuş balkanlara, hətta Mərkəzi Avropaya-Məcarıstana qədər böyük ərazilərdəki qədim mağara rəsmlərində rast gəlmək mümkündür. Bu, həndəsi fiqurlar türklük simvolu hesab edilir. Lakin rusiyalı tədqiqatçılar bu amilin üzərindən susaraq keçir, onun izlərinə türklərin yaşadığı bütün ərazilərdə rast gəlinməsinə toxunmur, bundan özlərini xəbərsiz kimi göstərməyə cəhd edirlər. Çünki mağarada türk izlərinə rast gəlinməsinin etiraf edilməsi bu ərazilərin türklərə aid olduğunu dolayısı ilə təsdiq etmək anlamına gəlir. Bu isə bölgədə-rusların yaşadığı barədə mənqtiqsiz rəvayətlər uyduran rusların maraqlarına cavab vermir. Yamazı-Taş mağarasının kəhrəbası isə şübhəsiz ki, divardakı insan fiqurudur. Mağaranın lap dərinliklərindəki divarda çəkilən insan rəsmini ruslar məşhur Boqoritsiyaya bənzədiblər. Ona görə də xirsitanlığı qəbul edərək zorla ruslaşmaya məruz qalan tatarlar qədim inanclarına uyğun olaraq insan rəsmini ziyarət etməkdə davam ediblər. Son araşdırmalar göstərib ki, rusların müqəddəs Boqoritsiyaya bənzətdikləri bu insan rəsmini yerli tatarlar rusların buraya gəlməsindən 7-8 yüz il əvvəl müqəddəs hesab ediblər. Ona görə də müsəlman tatarlar hələ o vaxtlar bu rəsmi ziyarət ediblər. Onlar xiristianlığı qəbul etməyə məcbur edildiklərindən sonra belə əvvəlki ənənələrinə uyğun olaraq ruslar tərəfindən Boqoritsiyaya bənzədilən insan rəsmini ziyarət etməkdə davam ediblər. Yeri gəlmişkən onu da deyək ki, vaxtı ilə buraya köçməyə məcbur olan molokanların bir hissəsi mağara ətrafında məskən salıb. Onlar mağaradakı Boqoritsiyaya bənzəyən rəsmə dini rəng vermək məqsədi ilə ona dini əlamətlər -xaç da əlavə ediblər.
Onu da deyək ki, mağaranın mikroiqlimi olduqca təmizdir. Buraya zəif, ancaq olduqca təmiz hava kütləsi daxil olur və mağaranın daxilində daim temperatur müsbət 5 dərəcə olur. Hətta çöldə 30-40 dərəcə şaxta olanda belə mağaranın daxilində müsbət 5 dərəcə olaraq qalmaqda davam edir. Ona görə də qədim zamanlarda bura insanlar üçün soyuqdan sığıncaq yeri kimi də tanınıb. Onu da deyək ki, mağaradakı təmiz hava burada bir çox xəstəliklərin müalicəsində önəmli rol oynamaqdadır. Mağaranın qədim sakinləri olan türklər öz dünya görüşlərinə uyğun olaraq girişi cənubdan və şərqdən qoyublar. Bu da mağaranın şimaldan əsən soyuq küləkdən qorunması məqsədi ilə edilib.
Eyni zamanda mağaranın girişinə cənubdan və şərqdən düşən günəş şüaları ilə o isinir. Ümumiyytələ qədimlərdən türklər ev inşa edərkən onun qapısını əksər hallarda şərqə, müəyyən hallarda isə vəziyyəti nəzərə alaraq günbatan istiqamətinə qoyublar. Bu baxımdan mağaranın giriş qapılarının şərqdən və ya cənub istiqamətindən olması da qədim türklərin inancları ilə bağlıdır. Mağaranın şimal hissəsi kifayət qədər geniş və sadə tuneldən ibarətdir. Tunelin hündürlüyü bəzi yerlərdə 2-3, bəzi yerlərdə isə 4-5 metrdir. Ətrafda divarlardan bir az aralıda isə burada vaxtı ilə aparılan qazıntı işlərinin izləri qalmaqdadır. Ümumiyyələ Yamazı-Taş mağarasındakı tunellərin uzunluğu 190 metrdir. Mağaranın sonuna doğru getdikcə tunel daralır və addımbaşı qədim insanların rəsmləri sanki dil açaraq buraya gələn insanlarla danışmaq istəyirlər. Yamazı-Taşla bağlı sirlərə gəlincə bu barədə ümumiyyətlə az danışılmağa, qazıntılar nəticəsində əldə edilən tapıntılardan, onun mənşəyindən rus tədqiqatçılar danışmaq istəmirlər və bunları etnik kimliyi bilinməyən hansısa daş dövrü insanlarının sirləri kimi qələmə verirlər. Çünki əks halda ruslar tərəfindən İqnatyev adlandırılan Yamazı-Taşın əsl sahibinin burada qədimdən türklərin yaşaması etiraf edilmiş olacaq. Bu isə Uralda türk izlərini silməyə cəhd edən dairələrə sərf etməməkdədir. Necə deyərlər Yamazı-Taş həsrətlə ona doğma olan, ruhunu ruhunda yaşadan türk tədqiqatçılarını gözləməkdədir…
Əziz Mustafa/Arazinfo.com