Dünən Lenin adına Mərkəzi stadionunda keçirilmiş futbol matçından sonra, stadionu tərk edən azarkeşlərin sıxlıq yaratması nəticəsində bədbəxt hadisə baş vermişdir. Bir neçə xəsarət alan var. Baş vermiş hadisəylə bağlı araşdırma aparılır”.
“Pravda” qəzeti, 21 oktyabr 1982-ci il.
Səhər tezdən “Pravda” qəzetini köşklərdən alan moskvalıların əslində bir həqiqətdən və özü də əsil həqiqətdən xəbərləri yox idi. Və elə həmin dəqiqələrdə, elə sübh tezdən SSRİ rəhbərlərindən biri, keçmiş çekist Yuri Andropov xəstəhal olsa da, Sklifosovski adına xəstəxanaya gedərək, baş verən faciədən şəxsən agah olmuşdu: Hə, doğrudan da xəsarət alanlar vardı. Onların sayı isə rəsmi xəbərlərdə deyildiyi kimi bir neçə nəfər deyildi: 111 nəfər idi. Amma… Ən dəhşətlisi bu deyildi. Ən dəhşətlisi 111 nəfərdən başqa 66 nəfərin də həyatını itirməsi idi! Kreml isə bu faciənin miqyasını gizlətmək qərarına gəlmişdi. Özü də düz 7 il. Düz 7 ildən sonra, “Sovetskiy sport” qəzetinin 8 iyul 1989-cu il tarixli sayında ““Lujniki”nin qaranlıq sirri” adlı məqalə çıxandan sonra sovet insanı bu faciədən xəbər tuta bilmişdi. Hə, 20 oktyabr 1982-ci ildə, UEFA Kubokunun 1/16 mərhələsi çərçivəsində adıgedən stadionda “Spartak” Hollandiya “Harlem”ini qəbul edirmiş. Sovet klubunun qələbəsi ilə başa çatan oyundan sonra stadionda basabas düşmüş, nəticədə 66 nəfər ölmüş, 111 nəfər ağır yaralanmışdı…
***
…Oyun “Spartak”ın üstünlüyü ilə keçmişdi. 16-cı dəqiqədə Edqar Qess hesabı açmış və hesab görüşün sonuna qədər belə qalmışdı. Artıq 89-cu dəqiqədən etibarən azarkeşlər “Lujniki”nin “S” tribunasının qapılarına doğru axışmağa başlamışdı. Bəs niyə məhz bu tribunanın? Hə, bu da təsadüfi deyildi. Həmin gün 82 minlik “Lujniki” tam dolmamışdı. Moskvaya ilk qar düşmüşdü, havanın temperaturu qəfil mənfi 10 dərəcəyə düşmüşdü. Çox adam oyuna televiziyada baxmağa üstünlük vermişdi. Amma stadiona da kifayət qədər, 24 minə yaxın azarkeş gəlmişdi.
Oyunun başa çatmasına 16 saniyə qalmış stadiondan növbəti qol səsi qalxır. Sən demə, Sergey Şvetsov ikinci qolu hollandların qapısına vurubmuş. Tribunaya tərəf axışan azarkeşlər qəfil və kütləvi şəkildə geri dönməyə başlayır. Və hər şey də burada baş verir. Baş verən basabas nəticəsində kütlə bir-birinin üstünə çıxır az qala. Onlarla yeniyetmə ayaqlar altında qalır. Hə, məhz yeniyetmə. Çünki oyuna gələnlərin çoxu məhz yeniyetməydi. Ölənlərdən 40 nəfərini yaşı 18-ə çatmamışdı.
Oyun bitən kimi futbolçuları təcili tunelə sıxışdırmışdı stadion işçiləri. Ətrafı isə milis mühasirəyə almışdı. Təcili yardım maşınları 10 dəqiqədən sonra artıq hadisə yerindəydi. Meyitlərə əl vurmurdular. Hələ ki yaralıları daşıyırdılar. Yaralılar aparılandan sonra tribunanın ətrafında 66 nəfərin meyiti qalmışdı.
***
7 il sonra “Sovetski sport”da çıxan bu məqalə SSRİ-də şok yaratmışdı. Milyonlarla tirajı olan qəzet əl-əl gəzirdi. Səhəri gün isə Hollandiyanın NOS telekanalı “Sovetski sport”da yazılanlarla bağlı süjet vermişdi efirə. “Harlem”in oyunçuları məhz bu süjetdən sonra 7 il əvvəl baş verən faciədən xəbər tutmuşdular.
***
Baş verən hadisəyə görə, stadionun direktoru Kokrışev və komendantı Pançixin məsuliyyətə cəlb edilirlər. Vəssalam. Başqa heç nə. Ölənlərin ailələrinə heç bir kompensasiya ödənilmir. Hətta kütləvi dəfn mərasimi belə keçirilmir. Həlak olanları iki-bir, üç-bir ayrı-ayrı qəbiristanlıqda dəfn edirlər. Kütləvilik gözə dəyməsin deyə.
***
66 nəfər həlak olan azarkeş arasında 15 yaşlı azərbaycanlı Eldar Abdullayev də vardı. Bu gün, hər il olduğu kimi yenə “Spartak” azarkeşləri, eləcə də həlak olanların əzizləri faciədən 10 il sonra “Lujniki” stadionunu qarşısında qoyulmuş abidəni ziyarət edəcəklər.
O vaxtkı Moskva meri Yuri Lujkovun sərəncamıyla qoyulan bu abidə “Spartak” azarkeşləri üçün müqəddəsi sayılır. Ölənlərin hamısının xatirəsi onlar üçün əzizdir. Eləcə də 15 yaşlı Eldarın…