32 yaşında dövlət quran qəhrəman Kırım türkü

0
849
Azərbaycanda az tanınsa da, məşhur Kırım şairi, 1917-ci ilin noyabrında Kırımda müstəqil dövlət quran, lakin cəmi 33 yaşında qəddarlıqla qətlə yetirilən Noman Çələbi Cihan, ömrünü milləti və vətən yolunda məşələ çevirən, xalq arasında böyük nüfuz sahibi insanlara qarşı da sərt davranıb, onları güzəştçilikdə, çar idarəçiliyinə qarşı qətiyyətli mübarizə aparmamaqda ittiham edib.
Beləliklə, Moderator.az bu qəhrəman türk haqqlnda yazını təqdim edir. Yazıda araşdırmaçı Əli Şamilin TRT Azərbaycan üçün hazırladığı materiallardan da istifadə edilib:
1885-ci ildə Krımın qüzeyində, Canköy yaxınlığındakı Sonakı kəndində yaşayan İbrahim Çələbinin ailəsində doğulub. Onu kənd məktəbinə göndəriblər. Lakin məktəb hökumət tərəfindən qapadıldığından o təhsilini bölgədəki Akçokra mədrəsəsində, sonra isə Ağməsciddəki, yəni indiki Simfrapoldakı Rüştiyə və Bağçasaraydakı məşhur Zincirli mədrəsədə davam etdirib.
Onun dünyagörüşünün formalaşmasında Mustafa Əfəndinin rolu böyük olub. Təhsil illərində İsmayıl bəy Qaspıralının “Tərcüman”, Əbdürrəşid Mehdinin “Vətən xadimi” qəzetlərini və İstanbuldan gələn kitabları diqqətlə oxuyan, rus dilini öyrənən və bu dil vasitəsilə inqilabçıların əsərlərinin oxuyan, onların mitinqlərdəki çıxışlarını dinləyən Noman üsyankar bir ruhda böyüyüb.
1905-ci il inqilabı, inqilab nəticəsində bəzi islahatların həyata keçirilməsi, çarın xalqın xeyirinə bəzi güzəştlərə getməsi gənc Nomanı daha da ruhlandırıb. 1906-ci ildə İstanbula gedib. Orada hüquq fakültəsinə qəbul olunub və həmyerlisi Cəfər Seyidəhmədlə tanış olub. Bu tanışlıq dostluğa çevrilib və ömrünün axırınadək davam edib.
1908-ci ilin dekabrın 30-da Çələbi Cihan Cəfər Seydəhməd, Alim Seyt Cəmil, Abdülhakim Hilmi və Əbdürrəhim Sükuti ilə birlikdə Kırım Tələbə Cəmiyəti adlı bir təşkilat yaradıb. Təşkilata Çələbi Cihanı rəhbər seçilib. Proqram və nizamnamədəki mübahisə doğuracaq fikirlər onların yollarını ayırdığından təşkilatın ömrü o qədər də uzun olmayıb. 1909-cu ilin sonlarında Çələbi Cihan, Cəfər Seydəhməd,Yaqup Kerçi, Əhməd Şükrü “Vətən” cəmiyətini yaradıb. Təşkilatın üzvləri milləti oyatmaq, Kırımı azad etmək ümidiylə hekayələr, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirib, Kırıma göndərərək yaymaqla yanaşı, Rusyanın əsarəti altındaki digər türk xalqlarının milli azadlıq mübarizəsini diqqətlə izləyib, onların ziyalılarıyla sıx əlaqə qurublar.
Noman həmyerlisi, gənc şair, gələcəyin böyük türkoloqu Bəkir Çobanzadə ilə İstanbulda tanış olub və 1911-ci ildə ikisi birlikdə şeirlər kitabını çap etdirib.
1912-ci ildə İstanbuldan vətənə dönən Noman sanki Kırıma sığmayıb. Mübarizə, fəaliyyət üçün daha geniş meydan axtarıb. Peterburqa gedərək orada hüquq fakültəsinə daxil olub. Bir il sonra isə, yəni 1913-cü ilin iyilunda əqidə və məslək dostu Cəfər Seydəhmədlə görüşmək üçün yenidən İstanbula dönüb.
Bir müddət sonra  hərbi xidmətə yola düşmə zamanı çılğın təbiətli Noman onu yola salan dostları və qohumları qarşısında qəflətən sol biləyinin damarını kəsərək qanı ilə divara yazıb:
Sağlıqnan qal, tatarlıq!
Mən getməm cəngkə,
Hamının başı aylandı axirət bətkə.
Sənin üçün yaşadım, sənsiz ölsəm,
Bilməm nasıl girərəm boş cənnətə…
Cəfər Seydəhmədi Besarabya cəbhəsinə, Çələbi Cihanı isə Ağməscidə göndəriblər. 1917-ci ilin fevral inqilabından sonra yaranmış vəziyyəti müzakirə etmək üçün gizli təşkilatın köməyilə Noman Odesadakı hərbi hospitala göndərilib. Besarabya cəbhəsində olan Cəfər Seydəhməd və əqidə yoldaşları Xəlil Çapçakçı, Əhməd Özanbaşlı da onun yanına gəliblər. Uzun müzakirədən sonra Kırımda fəaliyyət göstərən gizli təşkilatları birləşdirərək 1917-ci ilin martında demokratik seçimlə “Kırım Müsəlmanları Mərkəzi İcra Komitəsi”ni yaradıblar. Burada Çələbi Cihan Kırım Müftülüyünə, Cəfər Seydəhməd isə Vəkif İşləri Müdürlüyünə seçilib. Yeni yaranmış Rusiya höküməti bu vəzifələri təsdiqləyib. Beləliklə Çələbi Cihan yalnız Kırımın deyil, eynı zamanda Batı Müsəlmanlarının, yəni Polşa və Litva müsəlmanlarının da müftüsü olub.
Noman vəzifəsindən istifadə edərək savadsız, cəsarətsiz, milli düşüncədən uzaq olanları işdən uzaqlaşdırıb, yerlərinə gənc vətənsevərləri təyin edib. Milli məktəblərin sayını artırıb. May ayında keçirilən müəllimlər konqresi açıq-aydın ruslaşdırma siyasətinə qarşı durub, məktəblərə kadrların Kırım tatarlarından təyin edilməsi haqqında qərar qəbul edilib. Ana dilində çıxan qəzet və jurnalların sayı artrılıb.
Yeni yaradılmış Tatar İrade-i Milliyyə təşkilatı Kırımın muxtar respublika kimi idarə etməyə başlayıb. Kerenski hökümətinin Tavridakı Əyaləti komissarı Boqdanov bundan bərk narahat olaraq təşkilatını bağladıb və 1917-ci ilin iyulun 20-də Noman Çələbi Cihanı həbs etdirib. Nomanın həbs edilməsi yalnız Kırımda deyil, Rusiyanın bütün Müsəlman Türk Təşkilatlarında etirazla qarşılanıb. Mitinq və nümayişlər ara verməyib. 3 gün sonra Çələbi Cihan həbsdən azad edilib Boqdanov və müavini Biyanski işdən cıxarılıb. Tavrida Əyaləti İnqilab Komitəsinin sədri Novitskiy rəsmən Çələbi Cihandan üzr istəyib.
1917-ci ilin noyabrın 1-də Kırım Tatarlarının Komitələrindən seçilən nümayəndələr Ağməsciddə qurultaya toplaşıblar. Qurultay Kırımda yaşayan xalqların, dininə və dilinə, adət-ənənəsinə sayqı göstərəcək, onların dini, milli və siyasi haqlarını qoruyacaq Kırım Xalq Cümhuriyyəti qurulduğunu elan edib. Yeni qurulan höküməti qorumaq üçün I Dünya Savaşına cəlb edilmiş kırımlı əsgər və zabitləri vətənə gətirmək qərara alınıb.
1917-ci ilin noyabrın 17-də Kırımda ilk dəfə qadınların da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçililib. Dekabrın 9-da aralarında qadınlar da olan 76 deputat Baxçasarayda toplaşıb. Kırım Müsəlmanları İcra Komitəsi adından Noman Çələbi Cihan onları salamlayıb. Qurultay dekabrın 13-də konstitusyanı qəbul edir və parlament funksiyasını yerinə yetirməyə başlayıb. Yeni qurulan Milli hökümətdə Noman Çələbi Cihan hökümətinin rəisi və ədliyyə naziri təyin edib.
Bolşeviklər bundan bərk narahat olurb. Ancaq əksəriyyəti ruslardan ibarət olan müxalif menşevik partiyasının yerli təşkilatı yeni qurulan hökuməti dəstəkləyib. Sülhdən, xalqların hüquq bərabərliyindən, sosial ədalətdən dəm vuran bolşeviklər dinc yolla yeni yaranmış hökuməti özlərinə tabe edə bilməyəcəklərini gördükdə hərbi müdaxiləyə əl atıblar. 1918-ci ilin yanvarın 26-da Qara dəniz matrosları gənc Kırım hökumətinin üzərinə yeridilib. Ordusunu və idarə etmə orqanlarını yeni formalaşdırmaqda olan gənc Kırım hökumətini bolşeviklər qan içində boğub. Noman Çələbi Cianı həbs edilib. Ona ağır işgəncələr verdikdən sonra 1918-ci ilin fevralın 23 də öldürərək cəsədini dənizə atırlar.
Lakin Noman Çələbi Cian xalqın yaddaşında, müstəqillik və azadlıq rəmzi kimi yaşayıb. .

BIR CAVAB BURAXIN