14 yaşlı azərbaycanlı Türkiyədə ölümə tərk edildi
Sümük iliyi xəstəsi olan 14 yaşlı azərbaycanlı yeniyetmə Cavid Abdullayev 50 min dollara görə Türkiyədə müalicə aldığı Medical Park xəstəxanasından atılıb və müalicəsi yarımçıq dayandırılıb.
Hadisənin təfərrüatı ilə bağlı Ailem.az-a danışan xəstənin atası Davud Abdullayev deyir ki, oğlu Cavid 2015-ci ildə qəfildən xəstələnib: “Analizin cavabı zamanı bəlli oldu ki, Cavidin xəstəliyi aplastik anemiyadır, yəni sümük iliyi xəstəliyi. Bundan sonra biz Cavidi bəzi şəhərlərə apardıq – Moskvaya, Belarusiyaya, amma bir nəticə ala bilmədik. Sonra yaxınlarımızın məsləhəti ilə Türkiyənin Antalya şəhərinə getdik. Artıq oğlum iki il, iki aydır ki, orada Medical Park xəstəxanasında müalicə alır. 1 il 8 ay bundan əvvəl Cavid əməliyyat olundu. Amma Dünya Bankında ona donor tapılmadı. Anasından 100-də 60 faizlə ilik köçürüldü. Bu əməliyyat üçün biz xəstəxanaya 120 min dollar pul keçirdik”.
Davud Abdullayev məlumat verdi ki, xəstəlik ağır olduğu və uzun sürdüyü üçün əməliyyatdan keçən 1 il 8 ay müddətində xəstəxanaya 87 min 500 dollar borcları yığılıb: “Xəstəxana bizə güzəşt edərək, borcu 50 minə endirdi. Amma biz həmin məbləği də ödəyə bilmirik. Hazırda Cavidin müalicəsini xəstəxana tamamilə dayandırıb. Nə yoxlanışa qəbul edir, nə dərmanlarını verir. Yəni biz artıq xəstəxanaya gedə bilmirik. Bu üzdən də imkanlı şəxslərdən, bütün xalqımızdan xahiş edirəm, kimin nə imkanı varsa, Cavidin müalicəsinin davam etdirilməsi üçün biz yardım etsinlər. Çox çarəsizik, 14 yaşlı uşaqla qalmışıq Antalya küçələrində”.
Ailəyə yardım etmək istəyən imkanlı şəxslər bu nömrə ilə əlaqə saxlaya bilərlər: (070) 319-11-48