25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

0
1894

Qubadlı şəhərinin işğaldan azad olunmasından iki il ötür. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Qubadlı şəhərini işğaldan azad etdi. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi, çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdu. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.

Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru