Onun adı bir vaxtlar dünyanın ən güclü futbolçularından biri kimi çəkilir, şəninə çox tərifli sözlər deyilirdi. Həqiqətən də o dünyanın ən məşhur futbol qapıçılarından biri hesab edilirdi və belə demək mümkünsə həmin dövrdə SSRİ futbolunu bütün dünyada məşhurlaşdıran da onun qapıda göstərdiyi qeyri-adı oyun idi. O dünya futbolu tarixinə 100 oyunda qapısından qol buraxmayan yeganə qapıçı kimi adını qızılı hərflərlə yazdırıb. Futbol karyerası dövründə Moskvanın “Dinamo” və SSRİ yığma komandasının heyətində 438 oyunda meydana çıxan bu məşhur futbolçu 207 oyunda qapısından qol buraxmayaraq dünyada özünəməmxsus bir rekorda imza atıb.
Təsadüfi deyil ki, məhz buna görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 20-ci əsrin ən yaxşı qapıçısı seçilib.
Amma bir vaxtlar onun adı yalnız ən yaxşı futbol deyil, həm də hokkey qapıçısı kimi çəkilirdi.
Əfsanəvi qapıçı xokkeydə də uğurlara imza atıb. O, hokkeylə futboldan əvvəl məşğul olub. Məşhur qapıçı 1950-53-cü illərdə hokkey üzrə keçirilən ölkə çempionatının güclülər dəstəsində çıxış edib. 1953-cü ildə isə gələcəyin məşhur futbol qapıçısı olacaq bu böyük insan hokkey üzrə SSRİ kubokunu və ölkə birinciliyinin bürünc medalını qazandı. Üstəlik, 1954-cü ildə keçirilən dünya çempionatı ərəfəsində onu hokkey üzrə SSRİ yığma komandasına dəvət etdilər. O yığma komandada qapıçı funksiyasında çıxış edəcəkdi. Ancaq həmin dövrdə SSRİ-də və dünyada futbola maraq çox güclü olduğundan bu məşhur insan həyatını sevimli oyununa həsr etməyi qərara alaraq hokkeylə birdəfəlik üzülüşdü. Sonralar dünya futbolunun əfsanəsinə çevriləcək bu böyük insan dünya futbolu tarixində bu günə kimi yeganə hesab edilən və qapıçılar arasında ilk dəfə “Qızıl top” mükafatına layiq görülən məşhur futbolçu Lev Yaşin idi. Lev Yaşin SSRİ yığmasının tərkibində1956-cı ildə Olimpiya, 1960-cı ildə Avropa çempionu oldu. O Moskvanın “Dinamo” futbol klubunun heyətində 5 dəfə SSRİ çempionu olmaq şərəfinə nail oldu. Futbol karyerası ərzində SSRİ-nin Əməkdar İdman ustası, “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görüldü. Bir sözlə o sağlığında ikən dünya futbolunun əfsanəsinə çevrilmişdi və üstündən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq adı dünya futbolunda XX əsrin ən yaxşı qapıçılarından biri kimi çəkilir.
Ağır uşaqlıq illəri
Gələcəyin məşhur futbol qapçısı olacaq Lev Yaşin 1929-cu ildə Moskva ətrafındakı Boqoqrodskoye rayonunda kasıb fəhlə, çilincər İvan Petroviç və Aleksandra Petrovnaların ailəsində anadan oldu. 13 yaşına kimi yaşadığı ərazidə həmyaşıdları ilə küçədə top qovdu. Amma həmin dövrdə ağlına belə gəlməzdi ki, bir vaxtlar gələcək həyatını böyük futbola həsr edəcək və bununla da dünyada şöhrət qazanacaq. İkinci dünya müharibəsi başlayandan 3 il sonra 1942-ci ildə Lev Yaşinin valideynlərinin işlədiyi zavodu Ulyanovska köçürdülər. Müharibənin ağır illərində 1943-cü ildə o 14 yaşında ikən bu savodda çilincər köməkçisi kimi işə düzəldi. Həmin dövrdə də o artıq belə demək mümkünsə futbolu demək olar yaddan çıxarmışdı. 16 yaşında olanda 1945-ci ildə fəal əməyinə görə Lev Yaşinə Böyük Vətən müharibəsində arxa cəbhdə göstərdiyi əməyə görə medal verdilər.
1944-cü ildə yenidən ailəsi ilə birlişkdə Moskvaya qayıdan Lev Yaşin dərhal işdən boş vaxtlarında sevimli futbol oyunu ilə məşğul olmağa başladı. Yayda futbol oynayırdı, qışda isə vaxtını boş keçirməmək üçün hokkeylə məşğul olurdu. Həmin dövrdə o həm hokkey, həm də futbolda qapıçısı rolunda uğurla çıxış edirdi və buna görə idman mütəxəssislərinin diqqətini özünə cəlb etmişdi. 18 yaşı olanda Lev Yaşini hərbi xidmətə çağırdılar. O hərbi xidməti Moskva keçirməli oldu.
Hokkeyi futbola dəyişir
Hərbi xidmətdə olarkən ordu futbol klubunda göstərdiyi əla oyunu ilə bu dəfə Lev Yaşin Moskvanın “Dinamo” futbol klubunun məşqçisi A. Çernışevin diqqətini özünə cəlb etdi. Çernışev Yaşini “Dinamo”nun gənclərdən ibarət futbol klubunda oynamağa dəvət etdi. 1949-u ilin yazında Lev Yaşin “Dinamo”nun əsas heyətinə cəlb edildi. O burada həmin dövrdə “Dinamo”nun məşhur qapıçısı Aleksey Xomiç və Valter Sanayanın əvəzedicisi kimi çıxış etməyə başladı. Buna paralel olaraq Lev Yaşin futbol mövsümü başa çatandan sonra başlayan hokkey çempionatında da çıxış etməkdə davam edirdi.1950-1953-cü illərdə Lev Yaşin “Dinamo” hokkey klubunun heyətində oynadı. 1953-cü ildə isə hokkey üzrə SSSİ çempionatının bürünc mükafatını qazandı. Onu ən yaxşı hokkey qapıçısı kimi SSRİ-nin hokkeydən ibarət yığma komandasına dəvət etdilər. Buna paralel olaraq Lev Yaşini futbol üzrə SSRİ yığma komandasına da çağırmışdılar. Belə bir vəziyyətdə Lev Yaşin futbolu hokkeydən üstün tutaraq həyatını sevimli peşəsinə həsr etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, o belə bir qərar qəbul etməklə səhv etməyib. Onu da deyək ki, SSRİ yığma futbol komandasının və “Dinamo”nun əsas qapıçısı olmaq Lev Yaşinə heç də asan başa gəlmədi O vaxt “Dinamo”nun əsas qapıçsı Aleksey Xomiç idi və ona azarkeşlər qapıda göstərdiyi əla sıçrayışlı oyuna görə “pələng” ləqəbi vermişdilər. Amma Lev Yaşin “Dinamo”nun əsas heyətində çıxdığı ilk oyundaca Xomiçə güclü rəqib olacağını nümayiş etdirdi. Qısa müddətdən sonra Yaşin nəinki “Dinamo” komandasının, həm də SSSRi yığma komandasının əsas oyunçularından birinə çevrildi. 1954-cü ildə Lev Yaşini SSRİ yığma komandasına dəvət etdilər və o burada da göstərdiyi parlaq oyunu ilə dünya futbolunda böyük şöhrət qazanmağa başladı. Moskvanın “Dinamo” komandası Lev Yaşinin gəlişindən sonra özünün yeni gnclik dövrünü yaşamağa başladı. Lev Yaşin qapıda dayanandan sonra “Dinamo” 5 dəfə (1954-1959 və 1963-cü illər) SSRİ çempionu oldu, Dinamo həmçinin3 dəfə SSRİ kubokunu qazandı. Şübhəsiz ki, bütün bunlarda Lev Yaşinin böyük əməyi vardı.
Məşhur futbolçu 1950-ci illərdən başlayaraq qapıçı anlayışı ilə bağlı düşüncələri dəyişdirir. Çünki o vaxta qədər qapı xəttini tərk etməyən, cərimə meydançasından kənara çox çıxmayan bir qapıçı tipi məşhur idi. Ancaq 1,85 sm boya malik Yaşin cəsarəti ilə bu anlayışı dəyişdirdi. O, cərimə meydançasına ötürülən topları tutmaq üçün qapısını tərk etməkdən çəkinmirdi. Çox yaxşı mövqe seçiminə sahib idi.
Yeri gəlmşkən onu da xatırladaq ki, Lev Yaşin 1954-1959-cu illərdə “Dinamo” klubunda azərbaycanlı futbolçu Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın heyətində Anatoli Banişevski ilə birgə çıxış edib.
Adətən, Lev Yaşin tünd-qırmızı rəngli kepka qoyurdu və bununla da o “qara kepkalı” kimi də diqqəti cəlb edərək milyonların sevimlisinə çevrilmişdi.
Uğur simvolu və “Qızıl top” mükafatı sahibi
Lev Yaşin SSRİ yığmasının da tərkibində uğurlu çıxışını davam etdirdi. O dövrdə deyirdilər ki, Lev Yaşinin ayağı uğurludur və SSRİ yığmasına və “Dinamo” komandasına uğur gətirib. Bu da əsassız deyildi. Lev Yaşin SSRİ yığmasının heyətində 1956-cı ildə Melburnda keçirilən olimpiya oyunlarında olimpiya çempionu oldu 1960-cı ldə isə SSRİ yığması ilə birgə Avropa çempionu oldu. Ümumiyyətlə SSRİ yığmasının heyətində Lev Yaşin1958-1962 və 1966-cı illərdə keçirilən dünya çempionatlarında iştirak edib. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatında Lev Yaşin SSRİ yığması ilə birgə 4-cü yeri tutdu. Futbolçuya böyük şöhrət gətirən bir hadisə isə 1963-cü ildə baş verdi. Lev Yaşin dünyanın yığma komandasının heyətində dünya futbolunun yubileyinə həsr olunmuş tarixi matçda- İngiltərə ilə keçirilən oyunda iştirak etdi.
O, bu oyunun birinci hissəsində dünyanın yığma komandasının qapısını qorudu və top buraxmadı. O həmin matçda olduqca parlaq oyunu ilə yadda qaldı. İkinci hissədə Yaşinin yerinə dünya yığma futbol komandasının qapısını başqa bir qapıçı qorudu. İngilislər yalnız bundan sonra qapıya yol tapa bilərək dünyanın yığma komandası üzərində 2:1 hesabı ilə qələbə çaldılar. O dövrdə dünyanın hər yerində Lev Yaşini “qara pantera” ( bəbir) və ya “Qara hörümçək” adlandırırdılar. Ona bu ləqəbi əla sıçrayışlarına və bir də daim meydana qara geyimdə çıxmasına görə vermişdilər. 1963-cü ildə dünya futbolunda göstərdiyi parlaq oyuna görə Lev Yaşin “Frans-futbol” həftəliyi tərəfindən təsis edilən “Qızıl top ” mükafatını alaraq Avropanın və dünyanın ən yaxşı qapıçısı elan edildi.
Lev Yaşinin dünya futbol tarixində “Qızıl top”u alan ilk qapıçı olması həqiqətən də böyük hadisələrdən biri idi. O vaxt ən tanınmış futbol mütəxəssisləri belə bir mükafatın Lev Yaşinə veriləcəyini gözləmirdi. Amma “Frans Futbol” nəşrinin sorğusuna əsasən, rəyi soruşulanlar cəsarətlə Avropanın ən yaxşı futbolçusu üçün təsis olunmuş “Qızıl top” mükafatına məhz Lev Yaşini layiq görmüşdülər. İş orasındadır ki, adətən qapıçılar hücumçularla müqayisədə həmişə kölcədə qalırdılar. Ən yaxşı qapıçı belə futbol mütəcəssisləri üçün sadəcə olaraq əla qapıçı idi, ancaq, o hər halda oyunun taleyini həll edən komandasına qələbə qazandıran qol vuran hücumçu demək deyildi. Halbuki dünya futbol tarixində bir çox həlledici oyunların qəhrəmanları qapıçılar olub və onların öz komandasının qələbəsində əvəzedilməz xidmətləri olduğu danılmaz faktlardandır. Yenə də təəssüflə deyək ki, əksər hallarda müdafiəçilərin səhvindən sonra qapıya vurulan qolda qapıçını günahlandırıblar və günümüzdə də günahlandırmaqda davam edirlər. Halbuki müdafiəçilərin əsas vəzifələrindən biri rəqib hücumçunun qapıya qol vurmasına imkan verməməkdir. Bu baxımdan Lev Yaşinin 1963-cü ildə dünyanın ən yaxşı qapıçısı elan edilməsi və “Qızıl top” mükafatına layiq görülməsi bəzi futbol mütəxəssisləri tərəfindən təəccüblə qarşılanmışdı. Amma bütün hallarda bu qərar ədalətli qərar idi və Lev Yaşin həqiqətən də o dövrdə dünya futbolunun ulduzlarından biri idi. Yenə də onu deyək ki, o dövrdə Lev Yaşinin “Qızıl top” alması SSRİ-də böyük coşqu ilə qarşılanmışdı. Şairlər Lev Yaşinin şərəfinə şeirlər qoşur, onu tərənnüm edirdilər.
Şair Robert Rojdestvenski Yaşinə həsr etdiyi “Qoda letyat” ( “İllər ötür”) şeirində yazır:
“Mən heyranam onun( Lev Yaşinin) topun istiqamətini hiss etməyinə, onu tutmaq üçün cəsarətli sıçrayışlarına. Hər dəfə penaltini dəf edəndə illər şöhrətini gələcəyə aparır, illər ötür sənin şöhrətinlə, illər aparır şöhrətini gələcəyə” ( hərfi tərcümə).
Məşhur şair Yevgeni Yevtuşenko isə Lev Yaşinə həsr etdiyi “Qapıçı qapıdan çıxır” şeirində vaxtı ilə onun qapıdan irəli çıxmasına irad tutanlarla azad siyasi iradə, demokratiya istəyənlərə qoyulan qadağaları müqayisə edərək yazmışdı: “Hara baxırsan, ölkədə qadağalar qara hörümçək toru kimi hər yeri örtüblər. Bu toru dağıdaraq onlardan hündürlüyə tullanmaq cəsarəti isə heç kimdə yox…
Yalançı azarkeşlər qapıçıya cərimə meydançasına çıxma, şairə siyasətə baş qoşma, deyirlər. Amma Yaşin bu qadağaları dağıtmağa özündə cəsarət tapdı, cərimə meydançasına çıxaraq əla sıçrayışla topu tutmaqla şöhrət qazandı ( hərfi tərcümə).
Bir sözlə ö dövrdə Lev Yaşinin “Qızıl top” alması SSRİ-də azadlıq, demokratiya istəyənlərin də ürəyindən olmuş, dünada demokratiyanı, haqq və ədaləti müdafiə edənlərin olduğuna onlarda inam yaratmışdı.
Lev Yaşini ömrünün sonuna kimi də dünyanın nə məşhur qapıçılarından biri olaraq qalmaqda davam etdi. Məşhur qapışı 1963-cü ildə Londonda, məşhur “Uembli” stadionunda İngiltərənin və dünya futbolunun 100 illik yubileyinə həsr olunmuş tarixi oyunda birinci hissədə dünyanın yığma komandasının qapısını qorudu və qapısından top buraxmadı .
O 1966-cı ildə İngitərədə keçirilən dünya çempionatında 3-cü yer uğrunda Portuqaliya yığması ilə oynanılan oyunda SSRİ-nin qapısını qorudu. “Neftçi”nin məşhur hücumçusu Anatoli Banişevskinin də oynadığı bu oyunda SSRİ yığması rəqib komandaya 2:1 hesabı ilə məğlub oldaraq 4-cü yeri tutdu. SSRi yığmasının məğlub olmasına və qapısından iki top buraxmasına baxmayaraq Yaşin dünyanın ən yaxşı qapıçılarından biri olduğunu sübut edə bildi. Lev Yaşin 1967-ci il iyul ayının 2-də İstanbulda Türkiyə milli komandasını “Qalatasaray”la oyuna çıxarır. Türklərin “Türkiyənin Yaşini” adlandırdığı sarı-qırmızılı Turqay Şərənin futbolla vida görüşündə bir sıra avropalı futbol ulduzları, o cümlədən də Yaşin iştirak etdi. Türkiyə Futbol Federasiyası Yaşinə böyük etimad göstərərək ona ölkə millisinin kapitan sarğısını etibar edir.
11 metrlik zərbələri dəf etmə ustası
Lev Yaşinin futbol karyerası ərzində ona ən çox şöhrət qazandıran və onda dünanın ən məşhur qapıçılarında belə olmayan qeyri-adi xüsusiyyət vardi. O da Yaşinin 11 metrlik cərimə zərbələrini tutmaqda və ya dəf etməkdə qeyri-adi istedad nümayiş etdirməsi idi. Təsadüfi deyil ki, Lev Yaşin karyerası ərazində 100 dəfə 11 metrlik cərimə zərbəsini tuta, dəf edə bilib. Bu günə kimi dünyanın ən məşhur qapıçıları belə Yaşinin bu qeyri-adi rekordunu (100 dəfə 11 metrlik cərimə zərbəsini dəf etməsini) təkrar edə bilməyib. O dövrdə Avropanın və dünyanın məşhur futbolçularından biri olan ingiltərəli Bobbi Çarlton Yaşinin 11 metrlik cərimə zərbələri vurulacaq istiqaməti asanlıqla müəyyən etməsinə və topu tutmasına heyran olduğunu gizlətməyərək: ” Yaşinin qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi vuranlar Yaşini deyil, Yaşin onları aldadır. O həssaslıqla qarşısındakının qapının hansı küncünə topu yönəltdiyini hiss edir və onun ürəyini sanki oxuyur. Mən Yaşinin qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini vurmağa cəsarət etməzdim. Çünki 11 metrlik cərimə zərbəsini tutan qapıçı bununla nə qədər şöhrət qazanırsa, bu cərimə zərbəsini vura bilməyən futbolçu da o qədər özünü azarkeşlərin və futbol mütəxəssislərinin gözləri önündə pis vəziyyətə salır. Yaşin qeyri-adi qapıçıdır və onun ustalığına heyran olmamaq mümkün deyil. O gələcəkdə də dünyanın futbol tarixində ən məşhur qapıçı olaraq qalmaqda davam edəcək və mən buna şübhə etmirəm”,-demişdi.
İngiltərə yığma komandasının məşhur oyunçusunun uzaqgörənlklə dediyi sözlər bu gün də əhəmiyyətini itirməyib. Qeyd edək ki, Yaşinin məhz qeyri adı qapıçlıq məharəti ötən əsrin 60-cı illərində onun çıxış etdiyi Moskvanın “Dinamo” komandasının bir-birinin ardınca SSRİ çempionu olmasında önəmli rol oynadı.
Bu müstəvidə də qeyd edək ki, Yaşin “Dinamo”ya 1949-cu ildə gəlmişdi və karyerasının sonunadək də həmin klubun şərəfini qorudu, 1971-ci ilədək 18 il “Dinamo”nun əsas qapıçısı oldu, bu komanda ilə birlikdə 5 dəfə SSRİ çempionu adını qazandı, 3 dəfə ölkə kubokuna yiyələndi. 100 oyunda qapısını toxunulmaz saxlayan ilk qapıçı kimi sovet futbolu tarixinə düşdü. Ümumiyyətlə, Yaşin 438 matçın 207-də qapısından top buraxmadı.
Lev Yaşin Ələkbər Məmmədovla dost idi
Məşhur qapıçı azərbaycanlı futbolçu SSRİ-nin əməkdar idman ustası , SSRİ-nin əməkdar məşqçisi Ələkbər Məmmədovla yaxından dost idi. Yaşinlə Məmmədovun dostluğu hələ onlar bir komandada oynamazdan əvvəl başlamışdı. SSRİ çempionatında olduqca gözəl və texnikalı oyun nümayiş etdirən Ələkbər Məmmədov 1954-cü ildə Moskvanın “Dinamo” komandasında oynamağa dəvət edilir. Bu dövrdən də başlyaraq Ələkbər Məmədovla Lev Yaşin arasında olan dostluq telləri daha da möhkəmlənir. Onlar əksər hallarda bir yerdə olurdular və ailəvi dostluq edirdilər. Lev Yaşin dəfələrlə Ələkbər Məmmədovu evinə qonaq dəvət etmiş, eyni zamanda özü də azərbaycanlı dostunun evində olmuşdu. 1955-ci ildə İtaliyanın Milan şəhərinin San Siro stadionunda “Milan” komandası ilə keçirilən futbol matçında Ələkbər Məməmdov və Lev Yaşin əsas heyətdə meydana çıxdılar. Həmin oyunda belə demək mümkünsə SSRİ futbolunun imici sınaqdan keçirilirdi. Moskvada bundan əvvəlki oyunda 4:2 hesabı ilə qalib gələn “Milan” bu oyunda da “Dinamo”nu darmadağın etmək niyyətində idi. Hesabı da məhz onlar açdılar. Amma ikinci hissədə Ələkbər Məmmədov milanlıların qapısından 4 top keçirərək “Dinamo”nun 4:1 hesabı ilə qələbə qazanmasında önəmli rol oynadı. Bu oyundakı qələbədə təbii ki, Lev Yaşinin də böyük xidmətləri oldu. O akrobatiik sıçrayışlarla dəfələrlə komandasını qoldan xilas etdi.
Lev Yaşin sonralar özünün dostu və komanda yoldaşı Ələkəbər Məmmədov haqqında öz xatirələrində belə yazmışdı: “Mən indinin özündə belə Ələkbər Məmmədovun milanlıların qapısına necə ustalıqla 4 top vurmasını unuda bilmirəm. O meydanda xariqalər yaratmağa qadir bir hücumçu idi. Ələkbər Məmmədov meydanı çox yaxşı görürdü və o, istənilən hücumu qolla başa çatdırmağı bacaran hücumçu idi. Ələkbər son dərəcə texnikalı, orijinal keçişə sahib, meydana yaxşı bələd olan futbolçu idi və əsl hücüm lideri idi. O dövrdə Alyoşa (Ələkbər) kimi bir oyunçu “Dinamo” üçün əsl tapıntı idi və bunu etiraf etmək lazımdır”.
Yeri gəlmişkən bir faktın da üstündən sükutla keçə bilmirik. Belə ki, Ələkbər Məmmədov Yaşinin də çıxış etdiyi Moskvanın “Dinamo” komandasının heyətində “Milan”ın qapısına “San Siro”da bir oyunda 4 top vuran yeganə oyunçu kimi uzun illər dünyanın futbol tarixində qaldı. Yalnız 2014-cü ilin yanvar ayında “Sassuolonun” futbolçusu Domeniko Berardi San Siroda “Milan”ın qapısına 4 top vuraraq 59 ildən sonra Ələkəbər Məmmədovun rekordunu təkrarlaya bildi.
Kazbek Tuayevdən çəkinirdi
Lev Yaşin bütün həyatı boyu dünyanın ən güclü oyunçularına qarşı oyunda öz qapısını qoruyub və ona qol vurmaq heç də asan iş olmayıb. Necə deyərlər, onda hücumçunun topu qapının hansı istiqamətinə yönəltdiyini dərhal anlayan bir hiss vardı. O həmişə topun vurulduğu istiqamətə tullanırdı. Çox təsadüfi hallarda o topun vurulduğu istiqaməti müəyyən edə bilmirdi. Bu baxımdan Lev Yaşin hələ sağlığında ikən ən çox meydanda ehtiyat etdiyi hücumçulardan bəzilərinin adlarını çəkmişdi. Lev Yaşin onların arasında “Neftçi” futbol komandasının o dövrdəki oyunçusu Kazbek Tuayevin də adını çəkimişdi. Lev Yaşinə o dövrdə belə bir sual vermişdilər: SSRİ daxilində ən çox hansı oyunçudan çəkinirsiniz?
Lev Yaşin isə tərəddüd etmədən Kazbek Tuayevin adını çəkmişdi. Lev Yaşin: “Kazbek Tuayev çox nadir oyunçulardandır ki, mən onun topu qapının hansı küncünə yönəldəcəyini öncədən müəyyən edə bilmirəm. O meydanda olanda qapımda qol görə biləcəyimdən narahatlıq keçirirdim. Ona görə də müdafiəçilərə möhkəm tapşırmışdım ki, Tuayevə qapıya top vurmağa imkan verməsinlər. Bununla belə o qoruduğum qapıya zərbə endirməyə fürsət tapır və məni daim gərgin vəziyyətdə saxlayırdı”,-demişdi.
Həqiqətən də o dövrdə “Neftçi” komandasından Lev Yaşinin qapısından ən çox top Tuayev keçirmişdi. Lev Yaşin ona görə də həmişə Tuayevdən ehtiyat edirdi.
Yeri gəlmişkən onu da deyək ki, Lev Yaşin Ələkbər Məmmədovdan əlavə Anatoli Banişevski və Valeri Hacıyevlə də tanış idi. Yaşin Banişevskinin başla oyununu yüksək qiymətləndirir və hərdən zarafatla: “Tolikin ( Banişevskinin) başı, mənim isə əllərim qızıldır”-deyirdi. Lev Yaşin kimi Banişevski də yeyib-içməyi sevirdi və bu işdə onların mövqeləri üst-üstə düşürdü. O vaxt SSRİ yığmasının tərkibində birgə çıxış edən Yaşinlə Banişevskini dəfələrlə bir stol arxasında yeyib içən görmüşdülər. Valeri Hacıyevlə də Lev Yaşin arasında tanışlıq vardı. Valeri Hacıyev 1969-cu ildə Moskvanın “Dinamo” komandasında Lev Yaşinlə birgə oynamışdı.
Futbola əlvida
1949-cu ildən Moskvanın “Dinamo” komandasında oynayan Lev Yaşin həyatının son illərində yorulduğunu hiss edirdi. O nə qədər futbolu ürəkdən sevsə də, artıq qocaldığından karyerasını bitirmək qərarına gəldi. Həmin dövrdə Lev Yaşinin 42 yaşı vardı və o dünyanın ən qocaman qapıçılarından biri hesab edilirdi. 1971-ci il may ayının 27-də Moskvadakı məşhur Lenin adına mərkəzi stadionda Lev Yaşinin vida mərasimi keçirildi. Vida matçına tamaşa etmək üçün 103 min tamaşaçı gəlmişdi. Lev Yaşinin vida matçında Moskvanın, Kiyevin və Tbilisinin “Dinamo” komandalarının adlı sanlı oyunçularından təşkil olunan komanda heyətində dünyanın məşhur futbol ulduzları olan Eysebio, Bobbi Çarlton, Herd Müller və digərlərinin olduğu dünyanın yığma komandası ilə görüşdü.
2:2 hesabı ilə başa çatan görüşdən sonra futbol karyerasını başa vuran Lev Yaşin dəri əlcəklərini gənc və perspektivli qapıçı Pilquya təqdim etdi. Amma bu da onun sonuncu oyunu olmadı. Vida matçından bir neçə ay sonra, 1971-ci il avqust ayının 31-də Lev Yaşin dünyanın futbol ulduzlarının tərkibində İtaliya yığma komandası ilə keçirilən oyunda qapını qorudu.
Lev Yaşin məşhur qapıçı, şöhrətin zirvəsində olmasına baxmayaraq həmişə sadəliyi ilə diqqəti cəlb edirdi. Heç vaxt özünü çəkmir, özündən aşağıda dayananlara üstdən aşağı baxmırdı. Sadəliyi ilə də hamının məhəbbətini qazanmışdı. O sadə ailədən çıxmışdı və özünü məşhur hesab etmədiyini həmişə dönə-dönə vurğulayırdı. Bununla bağlı bir dəfə Yaşinə belə bir sual vermişdilər: “Futbola təzə başlayanda gələcəkdə məşhur, dünyanın sevimlisi olan futbolçu olacağınızı düşünürdünüzmü? Lev Yaşin bu suala belə cavab vermişdi.: “Mən o qədər də məşhur deyiləm axı. Sadəcə, bir neçə insan tərəfindən tanınıram. Düşünmürəm ki, bütün dünyada Yaşin deyə futbolçu tanısınlar. Karyeramın ilk illərində futbolla xokkey arasında seçim etməli idim. Çox düşündükdən sonra futbola üstünlük verdim. Peşman deyiləm. Bu sahədə özümü bacardığım qədər göstərə bildim. Ancaq mənə elə gəlir ki, xokkeydə də heç də az tanınmazdım”.
Haqsızlığa dözmürdü…
Karyerasını başa vurandan sonra Lev Yaşin məşqçilər məktəbində oxudu. Sonra Moskvanın “Dinamo” komandasında 4 il ərzində komanda rəisi vəzifəsində işlədi. Amma 1975-ci ildə istedadlı futbolçu Anatoli Kojemyakinlə baş verən faciəli hadisədə Lev Yaşini günahkar bilərək cavanlar arasında “az maarifləndirmə” tədbirləri keçirdiyinə görə vəzifəsindən azad etdilər. Bundan sonra lev Yaşin bir müddət uşaq futbol komandaları ilə işlədi.
Əlbəttə Lev Yaşinin Anatoli Kojemyakinə görə komandanın rəisi vəzifəsindən azad edilməsi düz deyildi. Çünki o dövrdə SSRİ-nin ən istedadlı gənc futbolçularından biri hesab edilən Anaytoli Kojemyakinə “Dinamo”nun məşqini yarımçıq qoyaraq şəhərə getməyə icazəni baş məşqçi Qavriil Kaçalin vermişdi. Yüngül zədə alan və faciədən bir neçə gün öncə əvəzedici heyətdə oynayan Kojemyakin Kaçalinə demişdi ki, əsas heyətdə oynamağa hazır deyil və oynamasa daha yaxşı olacaq. Kaçalin bunun əvəzində ona komandanın məşqini tərk etməyə icazə vermişdi. Bundan sonra dostları ilə yeyib içən Kojemyakin liftdə ilişib qalmışdi. Xarab olan lşftdən çıxmaq istəyərkən isə lift işə düşmüş və o faciəli şəkiildə ölmüşdü. Buna görə isə Lev Yaşini günahlandırmışdılar. Əslində faciəli hadisəyə görə günahkar birbaşa onun komandadan getməsinə icazə verən Kaçalin idi. Əlbəttə belə bir haqsızlıq həyatının böyük hissəsini sovet futbolunun dünyada tanıdılmasına xidmət edən Yaşin üçün çox ağır idi. O, bu hadisədən ağır psixoloji zərbə almışdı.
Yeri gəlmişkən qeyd edək ki, Lev Yaşin haqsızlığa dözən deyildi və sözü üzə birbaşa deyirdi. Ona görə də onu sevməyənlər az deyildi. Xüsusi ilə Moskvanın “Dinamo” komandasında rəisi vəzifəsində işləyərkən tez-tez yuxarıların haqız, ədalətsiz qərarlarının şahidi olur və buna görə onları sərt şəkildə tənqid edirdi. Yuxarılar isə Yaşini bu hərəkətinə görə sevmirdilər. Ola bilsin ki, heç bir səbəb olmadan Yaşının Kojemyakinin ölümündə günahlandırılması da məhz bununla bağlı idi.
Yaşin həyatı boyu sovet ideologiyasına sadiq idi və onda milli qürur hiss olduqca güclü idi. Lakin üstündən illər ötəndən sonra Lev Yaşin başa düşdü ki, yuxarıda oturanlar başqalarına rəva bilmədiklərini özlərinə rəva bilir, qanunların yalnız aşağı təbəqə üçün yazıldığını düşünür, sözləri ilə əməlləri uyğun gəlmir. Ölkəni idarə edənərin belə ziddiyyətli xarakterə malik olması özünü futbola münasibətdə də göstərirdi və Yaşin buna qarşı barışmaz mübarizə aparırdı.
Əziz Mustafa