Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən Greencard lotereyasının nəticələrini açıqlayıb. Lent.az seyyah.az-a istinadən xəbər verir ki, nəticələrə görə, bütün dünya üzrə Green card üçün müraciət edənlər arasında 50 min qalib olub və onlar artıq 2018-ci ildən etibarən Amerikada yaşamağa başlayacaqlar. ABŞ-a köçüb yaşamaq və işləmək istəyənlər arasında Azərbaycan vətəndaşları da az deyil.
Son məlumatlara görə, bu dəfəki uduşda 224 Azərbaycan vətəndaşı greencard sahibi olub. Seyyah.az-ın məlumatına görə, xoşbəxt biletin sahibləri arasından 91-i qadın, 133-ü kişidir.
Greencard udanların böyük hissəsi 1980-1989-cu illərdə anadan olanlardır. Belələrinin sayı 106-dır. Sonrakı yeri 1990-cı illərdə anadan olanlar tutur – greencard udanlar arasında onların sayı 90 nəfərdir. 18 nəfər 1970-ci illərdə anadan olanlar, 8 nəfər 1960-cı illərdə, 2 nəfər isə 1950-ci illərdə doğulanlardır.
ABŞ-da yaşamaq icazəsini udanlar arasında ən gənc 3 nəfər 1998-ci ildə anadan olanlardır. Ən yaşlı greencard sahibi isə 1953-cü ildə anadan olmuş ölkə vətəndaşıdır.