2019-cu illə bağlı hansı proqnoz yalan çıxdı?

0
477

Tanınmış parapsixoloq Həsən Həsrətli 2018-ci ilin dekabrında 2019-cu ildə baş verəcək hadisələrlə bağlı proqnoz vermişdi. O, Donuz ilini “çirkablıq və murdarlıq” ili kimi qiymətləndirmiş və əlavə etmişdi ki, 2019-cu il çətinliklərlə dolu il olacaq.

“Baku.ws” saytına açıqlama verən H.Həsrətli 2019-cu ildə Rusiyaya rəhbərlik edənlərlə bağlı problemlər yaranacağını bildirmişdi. Qeyd etmişdi ki, ümumilikdə 2019-cü il Rusiya üçün narahatlıqlar və çətinliklər ili olacaq.

Sitat: “Amerika dövləti üçün də gələn il çətinliklərlə dolu dövr kimi yadda qalacaq. ABŞ başçısı qəfildən xəstəliyə tutulacaq. 2019-cu ildə bu dövlət üçün heç də xoş keçməyəcək. Gələn il Türkiyədə fevral-mart ayında qatma-qarışıqlıq olacaq. Mart ayından sonra Türkiyədə hər şey yerini tapacaq, sakitlik olacaq. Lakin Türkiyədə idarəçilik 2019-cu ilin 7 ayında Amerika dövlətinə aid olacaq. Çin, Yaponiya kimi ölkələr ilin sonuna yaxın dünyada böyük gücə sahib olacaq. 2019-cu ildə İran da öz gücünü göstərmək istəyəcək. Lakin sona qədər hərəkət edə bilməyəcək və geri addım atacaq”.

H.Həsrətli 2019-cu ildə Ermənistanda müsəlmanlığa marağın artacağını proqnozlaşdırmışdı:

“Orada çoxsaylı insan islamı qəbul edəcək. Hazırda çətin dövrlər keçirirlər və çətinlik 2019-cu ildə daha da artacaq. Ermənilər Rusiyadan əl çəkib, Amerikaya yönəlmək istəyirlər. Bunun nəticəsində ermənilər ortalıqda qalacaq”.

H.Həsrətli Azərbaycanla bağlı bildirmişdi ki, ölkədə güclü böhran baş verəcək:

“Dünyada maliyyə böhranı tüğyan edəcək. 2019-cu ildə bu böhran Azərbaycandan da yan keçməyəcək. 2019-cu ildə Azərbaycanda güclü böhran gözlənilir. Nazirlərdən biri çox ağır xəstəliyə tutulacaq. Ola bilər ki, o, dünyasını dəyişsin. Röya 2019-cu ildə səhhətilə bağlı çox ehtiyatlı olmalıdır. O, canında olan xəstəliklə mübarizə aparır və onun qarşısını almaq üçün çalışacaq”.

2019-cu il üçün verilən bu proqnozlar maraq doğursa da, demək olar ki, heç biri özünü doğrultmayıb.

Belə ki, parapsixoloqun dediyi kimi, 2019-cu il Amerika üçün heç də çətinliklərlə dolu il olmadı. ABŞ başçısı Donald Trampın ağır xəstəlik keçirmədiyi də hamıya məlumdur.

Türkiyədə martın 31-də baş tutan bələdiyyə seçkiləri səbəbindən daha sonrakı aylar bir qədər gərgin keçsə də, bunu qarışıqlıq kimi dəyərləndirmək olmaz.

Türkiyədə idarəçilik 2019-cu ilin 7 ayında nəinki Amerika dövlətinə “aid oldu”, əksinə, 2019-cu il Türkiyənin ABŞ-a meydan oxuması kimi yadda qaldı.

İlin sonuna yaxın gözləri balaca olan millətlərin dünyaya hegemonluq edəcəyi, Çin, Yaponiya kimi ölkələrin ilin sonuna yaxın dünyada böyük gücə sahib olacağı da baş vermədi.

Ermənistanda kütləvi deyil, bircə şəxsin də müsəlmanlığı qəbul etməsi faktı qeydə alınmadı.

Azərbaycanda da tam əksinə, 2019-cu ildə iki dəfə artıcıl olaraq əmək haqqı, əmək pensiyaları artdı. Həmçinin problemli kreditlərlə bağlı mühüm qərar qəbul edildi.

Həmçinin 2019-cu ildə ağır xəstəliyə tutulan və dünyasını dəyişən nazirimiz olmadı, Röyada da ciddi xəstəlik aşkarlanmadı.