20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir

0
687

Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib.

Tarix İnstitutundan Arazinfo.com-a verilən məlumata görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb.

İ.Həbibbəyli qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib: “Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı”.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir: “Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.

Yaqub Mahmudov qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı: “1988-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında gənclərin demək olar ki, başında gedirdi. BDU-nun Elmi Şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onları qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim. Məni o zaman Moskva Azərbaycandakı xalq hərəkatına qarşı mübarizəyə cəlb etmək istədi. Mən dedim ki, bu, Azərbaycanın daxili işidir. Öz ölkəmdə təqib olunduğum üçün mənə Ukraynada ev verib, işə dəvət etdilər. Mən Azərbaycanı tərk etmədim”.

“Fəxr edirəm ki, 1990-cı ildə hələ SSRİ dağılmamış bir dekan kimi Tarix fakültəsində gənclərin təşəbbüsü ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adının (Bakı Dövlət Universiteti) bərpa olunması barədə sədri olduğum Elmi Şurada məsələ qaldırdım və buna nail oldum”, – deyə institut direktoru bildirib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, 1990-cı il yanvarın 21-də Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bildirib və 20 Yanvar faciəsinin Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib ki, 20 Yanvar faciəsinin birbaşa səbəbkarı olan Mixail Qorbaçova Nobel sülh mükafatı verilib: “Bu adam sülhsevər və sülhün bərqərar olunmasına çalışan biri idisə, Bakıda niyə əliyalın insanları tankla qırdırdı”.

Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev qeyd edib ki, 20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir.

Konfransda digər çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə qanla yazıldığını və xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu söyləyiblər.

BIR CAVAB BURAXIN