Çingiz Abdullayev və Cahid Hilaloğludur: 1956-cı il 28 may günü Qız qalasına üçrəngli bayrağımızı sancan qəhrəmanlar.
Arazinfo.com Kult.az-a istinadən yazır ki, bu iki gənc bu əməllərinə görə bütün gənclik illərini həbsxanalarda, sürgünlərdə çürüdüb. Cahid və Çingizin mübarizəsinin ən pik nöqtəsi üçrəngli Azərbaycan bayrağını Qız qalasının başına qaldırmalarıdır.
Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda anadan olub və 1991-ci ildə elə doğma şəhərində də vəfat edib. Hilaloğlunun ölümündən bir neçə ay sonra uğrunda mübarizə apardığı müstəqillik Azərbaycana da qismət oldu və onun sovet rejiminin ağalıq vaxtlarında Qız qalasının başına qaldırdığı üçrəngli bayraq hər yerdə sərbəst dalğalandı. Amma bunu görmək Cahid Hilaloğluya qismət olmadı.
Çingiz Mirzağa oğlu Abdullayev 1929-cu ildə Laçında doğulub. Deyilənə görə, Çingizin bir qohumu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirakı olan önəmli şəxs olub və cümhuriyyətin işğalından sonra həmin qohum Türkiyəyə mühacirət edib. Qohumun kimliyi aydınlaşmayıb. Uşaqlıqdan evdə-ailədə gizli söhbətlər eşidən Çingiz müstəqil böyüyüb, hadisələrə ayıq gözlə baxmağı bacarıb.
Qeyd edək ki, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.