Son bir ayda Ağdaş rayon Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar barədə xəbər vermişdik.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, qeyri-adi varlıqlar bu gecə yenidən görünüblər. Hətta onları görən bir qadın özündən gedib. Qəribə varlıqlar yenə də həyətlərə girərək gəziblər.
Sakinlərin sözlərinə görə, üzü saqqallı və çox hündür olan bu varlıqları tutmaq üçün polis bu gecə kənddə əməliyyat keçirəcək. Kənd sakinlərinə axşam 22:00-dan sonra küçəyə çıxmamaq tapşırılıb.
Kəndin icra nümayəndəsi Habil Əhmədov Publika.az-a bildirib ki, bununla bağlı artıq polis kəndi tam nəzarətə götürüb: “Artıq kənd sakinlərindən ibarət könüllülər və polisdən ibarət qruplar kəndin giriş və çıxışlarında postlar qurub. Bu gecə saatlarında onları tutmağa çalışacaqlar”.
Ağdaşdakı hadisəni şərh edən parapsixoloq Firudin Qurbansoy Publika.az-a bildirib ki, həmin varlıqlar şər qüvvələrdir və onları ancaq “gözü açıq” adamlar görə bilir: “İnsan gözü nə mələk, nə də şər qüvvələri görə bilmir. Bu varlıqları görmək üçün insan “gözü açıq” olmalıdır. Bunları hər kəs görsə, insanlar qorxuya düşər. Çünki hər kəsin ruhu güclü olmur, zəif xarakterli insanlar da var. Namaz qılan, üçüncü gözü açıq olanlar onları görür”.
Birdən-birə kənd sakinlərinin bu varlıqları görmə səbəbinə gəldikdə, F.Qurbansoy hesab edir ki, bu, kənddə baş verən hansısa pis əməlin nəticəsidir: “Onlar şər qüvvələr olan yerlərə gəlirlər. Ola bilər ki, həmin kənddə kimsə Allaha xoş olmayan işlərlə məşğul olub. Ona görə də həmin kəndə gəliblər. Həmin kəndə gələrkən başqa yerlərdən də keçirlər. Digər kəndlərdə də görünmələri bununla bağlıdır. Əqidəsi zəif olanlar onlardan qorxurlar. Qorxu nə qədər çox olarsa, həmin varlıqlar da orada daha da çox qalırlar. İbadət, dua olan yerdə isə qala bilmirlər. Kənd sakinləri dua, ibadət etsinlər. Bununla da onları kənddən uzaqlaşdıra bilərlər”.
Kənd sakinləri və polisin post qurub onları tutmağa çalışmasına münasibət bildirən F.Qurbansoy bunun real olmadığını deyib: “Polis onları necə tuta bilər? O normal insan deyil ki, güllə atasan yaralana. Əksinə polislər özləri dəli olar. Çünki onlar ruhi qanunlarla yaşayan şər qüvvələrdir”.
Gülxar