18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

0
886

Bu gün Azərbaycan xalqının müstəqillik tarixində ən önəmli hadisələrdən biri olan 18 Olktyabr Dövlət Müstəqilliyi günüdür.

Mediainfo.az-ın yazdığına görə, Azərbaycan tarixinin ən şərəf və qürur günlərindən biri olan 18 oktyabra gedən yol heç də asan olmayıb. Bu yolda yüzminlərlə qəhrəman soydaşımız şirin canından keçməli olub. Nəhayət axıdılan qanlar, on illərlə aparıan azadlıq və qəhrəmanlıq mübarizəsi nəticəsində Azərbaycan 1918-ci ildə öz müstəqilliyini əldə etdi. Böyük siyasi dövlət xadimi M.Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə sözün əsl mənasında Şərqdə ilk demokratik respublika olduğunu sübut edə,əsl xalq hakimiyyətinə, xalqa xidmət edən dövlətə çevrilə bildi. Bolşevik Rusiyasının Azərbaycanı işğal etməsindən sonra da M.Ə Rəsulzadənin də dediyi kimi, bir dəfə ucalan bayraq bir daha enmədi və azadlıq mübarizəsi davam etdirildi. Yenə də bu yolda minlərə qurban verdik, 20 yanvar faciəsini yaşamalı olduq. Lakin azadlıq eşqimizi imperiya rəhbərləri qanla boğa bilmədilər.  Nəhayət, arzumuza çata bir əsrdə ikinci dəfə müstəqilliyimizi əldə edə bildik. Müstəqilliyimizin elan edilməsi ilə bağlı  1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında 4 gün müzakirələr aparıldı. Nəhayət,  oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edildi və bununla da müstəqilliyimiz tarixində yeni bir əbədiyaşalıq dövrü başladı.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.

1993-cü ildə xalqımızın tələbi ilə yenidən ölkəmizi idarə etməyə başlayan ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrinmüqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin varisi kimi  onun haqq işini yeni zirvələrə qaldıraraq Azərbaycanı nəinki bölgənin, həm də dünyanın daim inkişaf edən güclü və qüdrətli dövlətlərindən birinə çevirib. Bir sözlə Azərbaycanın müstəqilliyini dönməz və əbədi edən, müstəqilliyimizin sarsılmaz təməllərini qoyan ulu öndər Heydər Əliyevin həmişəyaşar əbədi dövlətçilik yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Yolun daima işıqlı, başın üzərində isə səma həmişə təmiz olsun, Anamız AZƏRBAYCAN!

Əziz Mustafa

 

BIR CAVAB BURAXIN