MOSSAD-ın baş tutmayan zəhərli sui-qəsd cəhdi

0
663

 

Ötən əsrdə İsrail kəşfiyyatı təhlükəli hesab etdikləri siyasi xadimləri zəhərlə aradan qaldırmaq planını işə salmışdılar. Hədəfə alınan İordaniya kralı Hüseyn də MOSSAD tərəfəndən sui-qəsdə məruz qalmışdı. Hüseyn İsrail dövlətinin tanınmasının əleyhinə çıxan və bu məsələdə güzəştə getməyən bir dövlət başçısı idi. Ona görə də Hüseynin fəaliyyəti MOSSAD-ı əsəbiləşdirirdi və onun hər addımı bu kəşfiyyat qurumu tərəfindən izlənirdi. İordaniya dövlət başçısının İsrail əleyhinə olan çıxışları, nəhayət, MOSSAD-ın səbrini daşırdı. Və adı çəkilən qurumun rəhbərliyi onu aradan götürmək məqsədilə plan hazırladı. Plana əsasən, Hüseynə zəhər verilməli idi. Bu niyyətlə də Hüseynin şəxsi həkimi MOSSAD tərəfindən ələ alındı. 1960-cı ildə həkim qripə yoluxmuş kral Hüseynə burnuna damcılatmaq üçün dərman verdi. Hüseyn nə üçünsə həkimin onun burnuna dərmanı damcılatmasını istəmədi. O, həmin dərmanı özü damcılatmaq fikrinə düşdü. Ona görə də mətbəxə keçdi. Dərmanı burnuna damızdırmaq istəyərkən ondan bir damcı əlüzyuyanın üzərinə düşdü. Əlüzyuyanın rəngi dərhal dəyişdi və damcının düşdüyü yerdə isə deşik əmələ gəldi. Gördüyü bu mənzərədən dəhşətə gələn Hüseyn dərhal məsələni anladı və həkimin həbs edilməsini əmr etdi. Həmin vaxt həkim sarayı tələm-tələsik tərk edirdi. Qapıdan çıxha-çıxda onu yaxaladılar. Hüseynin ölmədiyini və sui-qəsdin üstünün açıldığını görən həkim anladı ki, onu dəhşətli işgəncələr və ölüm gözləyir. Ona görə də tərəddüd etmədən pencəyinin yaxasında gizlətdiyi zəhərli kapsulu çeynəyərək intihar etdi. İordaniya xüsusi xidmət orqanları uzun araşdırmalardan sonra bu qərara gəldilər ki, həkim MOSSAD tərəfindən ələ alınıb. Bu sui-qəsdin baş tutmamasına baxmayaraq, MOSSAD onu aradan götürmək planından uzun illər əl çəkmədi. Bu dəfə MOSSAD Hüseynin zəhərlənməsi məsələsini kralın aşpazına tapşırdı. Amma Hüseyn bu tələdən də qurtula bildi. Ondan əvvəl yeməkdən dadan və onun olduqca dadlı olduğunu deyərək kral qarşısında öyünən təsərrüfat müdirinin rəngi dərhal dəyişdi və gömgöy göyərdi. Hüseyn nə baş verdiyini anlayana kimi təsərrüfat müdiri yerindəcə keçindi. Tibbi araşdırmalar zamanı məlum oldu ki, Hüseynin yeməyinə olduqca gülcü zəhər qatılıbmış. Aşpaz dərhal həbs edildi. İstintaq zamanı o, yaxın tanışından belə bir tapşırıq aldığını söylədi. Amma aşpazın tanışı aradan çıxmağa müvəffəq oldu. Aşpaz kralın əmri ilə edam edildi. Bundan sonra Hüseyn hər şeydən ehtiyat etməyə başladı. O, yanında xüsusi bir pişik saxlayırdı. Kral yeməkdən əvvəl ondan bir tikə əvvəlcə pişiyə verirdi. Bundan sonra MOSSAD kralı zəhərləmək üçün onun diş pastasına zəhər qatdırdı. Amma kral bu dəfə də onu gözləyən labüd ölümdən xilas ola bildi. Yeri gəlmişkən, onu da xatırladaq ki, 30-cu illərdə İngiltərənin əlaltısı olan İraqın kralı Şərif Hüseynin böyük oğlu Veysəl də zəhər verilərək öldürülmüşdü. Digər bir diktator – Pol Potun taleyi də özünəməxsus olmuşdu. Qeyd edək ki, Kambocanı qana boyayan bu diktator 4 il ərzində 2 milyon adamı edam etdirmişdi. Onu aradan qaldırmaq üçün də zəhərə əl atıldı. Pol Pot yemək vasitəsi ilə ona verilən zəhərdən dəhşətli ağrılar içərisində öldü. Belə güman edilir ki, Potu aradan qaldıran Çin kəşfiyyatı olub. Çünki həmin dövrdə Pol Potun ətrafı tamamilə çinlilərdən ibarət idi. Diktator Çin rəhbərlərinin əmri ilə durub-otururdu və onların tapşırıqlarını yerinə yetirirdi. Amma həmin dövrdə Potun törətdiyi qanlı əməllər beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olmuşdu. Ona görə də belə ehtimal edilir ki, Çin ondan canını qurtarmaq istəyib. Çünki baş verən hadisələrdə o vaxt Çinin də adı hallanırdı. Məşhur karate ustası və çoxlu sayda çəkildiyi filmlərlə dünyada şöhrət qazanan Brus Linin də qəfil ölümü indiyədək sirr olaraq qalır. O,1973-cü ilin iyun ayının 20-də gözlənilmədən vəfat etdi. Şahidlərin dediyinə görə, Li ölümündən bir az əvvəl başı ağrıdığını deyərək, aspirin adlı ağrıkəsici dərman içibmiş. Dərmanı qəbul edəndən bir neçə dəqiqə sonra qəfildən iflic vəziyyətinə düşüb və can verib. Bəzi şahidlər isə onun dərmanı içəndən sonra yatdığını və elə yataqdaca vəfat etdiyini bildirirlər. Onun beynə qan sızmasından öldüyü də iddia edilir. Linin ölümü ilə əlaqədar həkimlər məsələni araşdırdılar. Və onun ölümü ilə bağlı verdikləri arayışda: “Ölümün səbəbləri aydın deyil”sözlərini yazdılar.

Əziz Mustafa

BIR CAVAB BURAXIN