Bəşər tarixinin on min illər əvvəllərə gedib çıxmasına baxmayaraq adətən tarixşünaslıqda qəbul edilənlərə əsasən dünyamızın yaşı 8-10 min ildən o yana getmir. Daha dəqiq desək Yer üzündə daş dövrünün başlaması məhz 12 min il bundan əvvəl baş verən qlobal buzlaşma dövründən sonra hesablanır. Halbuki daş dövründən öncə, yəni insanın yenidən mağara dövrü yaşaması və yeni inkşaf mərhələsi keçirməsindən min illər əvvəl günümüzdə belə insanı özünə mat qoyan yüksək svilizasiyanın olması görkəmli tarixiçilər və tarix elmi üçün sirr deyil. Bununla belə 12 min il əvvəl Yer kürəsində baş verən və sivilizasiyaları məhv edən buzlaşma dövrünün hansı səbəbdən başlaması tədqiqatçılar üçün sirr olaraq qalmaqda davam edir. Bütün hallarda geoloji, arxeoloji və paleontoloji amillər 12 min il əvvəl Yer kürəsində yüksək inkişaf etmiş sivilizasiyanı məhv edən və milyonlarla insanın məhvinə gətirib çıxaran, bəşəriyyəti yenidən daş dövrünə qaytaran qlobal faciənin baş verdiyini təsdiq edir. Bu çərçivədə də qədim yunan alımı Platonun o dövrdə günümüzdə belə heyrət doğuracaq dərəcədə elm və texnikanın yüksək inkşaf səviyyəsinə nail olan Atlantidanın qəfil başlayan buzlaşma prosesi nəticəsində məhv olmasını yazmasını təsadüfi hesab etmək olmaz. Nəhayət Yer kürəsini su basması dövrünün də məhz buzlaşma ilə əlaqələndirilməsi də diqqəti cəlb edir. Gözlənilməz buzlaşma dövrü isə bir anın içində başlayır. Nəticədə anidən başlayan dəhşətli və dondurucu soyuqlardan qısa zamanda 200-dən artıq canlı növü məhv olur. Buzlaşma mamontların, qılıncdişli pələnglərin, qalın yunlu gərgədanların və digərlərinin məhvinə gətirib çıxarır. Buzlaşmaya paralel olaraq Yer kürəsinin digər hissəsində tuğyan edən zəlzələlər, əvvəllər mövcud olan qatı buzlaqların əriməsi okeanın səviyyəsinin qalxmasına və olduqca böyük ərazilərin su altında qalmasına yol açdı. Buzlaşmanın ən ağır nəticələri özünü Kanadada, Sibirdə, Alyaskada hiss etdirdi. Adı çəkilən ərazilərdə böyük həcmdə buzlaqlar arasında mamont, bizon, at, canavar, ayı, şir və digər heyvanların qəbristanlıqları aşkar edilib. Özü də dəhşətli soyuqlar adı çəkilən heyvanların bir anın içində buz kütləsinə çevrilməsi ilə müşahidə edilib. Yəni canlılar qəfil başlayan dəhşətli soyuqların qurbanlarına çevriliblər. Bızlaşmanın Avropa və Amerika da daxil olmaqla eyni zamanda on minlərlə kilometrlik əraziləri əhatə etməsi bu qlobal faciənin arxasında təbii amillərdən çox hansısa qüvvənin, o cümlədən nüvə müharibəsinin dayana bilməsi barədə çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub.
Məsələni ətraflı tədqiq edən amerikalı alim Qrehem Henkokun ehtimalına görə, əvvəlcə buzlaqların əriməsi prosesi başlayıb. Nəticədə Şimal Buzlu okeanının əriməsi Yer kürəsinin böyük hissəsinin su altında qalmasına yol açıb. Öz növbəsində soyuq okean suları özləri ilə havanın qəfil soyuması ilə müşahidə edən buzlaşma prosesinin başlaması prosesinində katalizator rolunu oynayıblar.
Amma yenə də məhz buzlaqların qəfil əriməsinin təsadüfi olduğunu düşünmək böyük səhv ola bilərdi. Çünki təbii proseslərin bir anda öz məhvərindən çıxması və nəticədə mövcud təbii tarazlığın pozulması kənar müdaxilə olmadan baş verə bilməzdi. Məsələnin bu tərəfinə diqqəti cəlb edən amerikalı alim Riçard Fayerston və Vilyam Toppinqə görə 12500 il əvvəl Şimali Amerikadakı Böyük göllər hissəsində “nüvə müharibəsi” baş verib. Bu da Yer kürəsində təbii tarazlığın pozulmasına və iqlim dəyişikliklərinə yol açıb. Buna paralel olaraq tədqiqatçılar qəfil buzlaşmaya digər Günəş ətrafında baş verən güclü partlayışın səbəb ola bilməsini də ehtimal edirlər. Bu partlayış nəticəsində kosmik şüalar yerə istiqamətlənib və nəticədə buzlaqlar üzərinə 1000 dərəcə isti hava kütlələləri çöküb. Bu da buzlaqların əriməsinə və böyük daşqınlara səbəb olub. Digər tanınmış alim Pol Laviolet “Yer od yağışı altında” kitabında da qəfil baş verən qlobal faciəyə səbəb kimi Qalaktikanın nüvəsində baş verən və nüvə müharibəsi təsiri bağışlayan partlayışı göstərir.
Lakin qlobal faciənin səbəbini Yer kürəsində baş verən digər hadisə, qütblərin yerinin dəyişməsi ilə izah edənlər də az deyil. Məsələn, amerikalı alim Çarlz Hepqud 1958-ci ildə çapdan çıxan “Yer qabığının yer dəyişməsi” adlı kitabında iddia edir ki, qütblərin məhvərindən çıxması təbii tarazlığın pozulmasına və buzlaşmaya gətirib çıxarıb. Hepqud belə ehtimal edir ki, Yer qabığının yer dəyişməsi 5000 il davam edir və hər 20-30 min ildən təkrarlanır.
Amma Yer qabığının hərəkəti və ya belə demək mümkünsə qütblərin hərəkətliliyi tədricən baş verdiyindən bunun bir anın içində buzlaşma kimi böyük qlobal fəlakətin başlamasına səbəb ola biləcəyi az inandırıci görünür. Qlobal buzlaşmaya səbəb kimi bütün hallarda o dövrdəki yüksək inkişaf etmiş iki sivilizasiya arasında baş verən nüvə müharibəsi ola biləcəyi ehtimalı da kifayət qədər yüksəkdir. Bu baxımdan Qalaktikanın nüvəsində və ya Günəş ətrafında baş verən hansısa güclü partlayış nəticəsində qlobal faciənin başlaması ilə müqayisədə buzlaşmaya nüvə müharibəsinin səbəb olması ehtimalı məntiqi baxımdan daha ağlabatan görünür. Çünki günümüzdə aparılan hesablamalara görə Yer kürəsində nüvə müharibəsi baş verəcəyi təqdirdə bəşəriyyət yeni buzlaşma dövrü yaşamalı olacaq və bu da bəşər tarixi üçün növbəti daş dövrünün başlamasına gətirib çıxaracaq…
Əziz Mustafa