Pasxa adasının sirləri

0
1177

 

Günümüzdə dünyanı heyrətləndirən və sirri açılmayan çoxsaylı ərazilər mövcuddur. Həmin ərazilərdəki yüksək sivilizasiyalara mənsub olduğu şübhə doğurmayan çoxsaylı möhtəşəm abidələrin olması tədqiqatçıların diqqətini maqnit kimi özünə cəlb etməkdədir. Bu baxımdan Sakit okeanın ucsuz-bucaqsız sularının mərkəzində yerləşən Pasxa adası özü ilə çoxlu sayda sirlər gizlətməkdədir. Pasxa adasının kəşfi isə hollandiyalı dəniz admiralı Yakob Roqqevenin adı ilə bağlıdır. 1722-ci ildə Amsterdamdan naməlum Cənub torpağını axtarmaq məqsədi ilə yola çıxan Yakob Roqqeven Sakit okeanın ortasında naməlum bir adanın olduğunu gördü. Adaya yaxınlaşan Yakob Roqqevenin matrosları dərhal oraya çıxdılar. Yeni adanın dəqiq koordinatlarını müəyyən edən admiral 1722-ci il aprel ayının 5-də pasxa bayramı günü buranı kəşf edtdiklərinə görə ona Pasxa adası adını verdi. Adaya ayaq basan Roqqevenin adamları isə burada onların təəccüblərinə səbəb olan qara, qırmız və ağdərili adamlarla üzləşdilər. Həmin insanlar avropalı matroslar üçün qeyri-adi görünən yüksək daş heykəllərin qarşısında ocaq qalayaraq ona sitayiş edirdilər. Roqqeven gördüklərindən heyrətə düşərək ömründə belə şeyə rast gəlmədiklərini söyləmişdi. Roqqevendən 52 il sonra 1774-cü ildə Pasxa adasına çıxan məşhur dəniz səyyahı Ceyms Kuk isə belə yazmışdı: “Mən inana bilmirdim ki, bu insanlar heç bir texnikaya malik olmadan nəhəng daş heykəllər hazırlamış və onların başlarına böyük ağırlığında silindir formalı daş papaqlar geyindirmişdilər”.

Həmin dövrdə adada 3000 nəfər yaşayırdı. Onlar öz dillərində adanı Mata-ki-te-Raqi (səmaya baxan göz) və ya Te-Pito-o-te-xenya (Yerin göbəyi), Taiti adasından buraya gələn yerli dənizçilər isə Pasxa adasını Rapa-Nui (Böyük Rapa ) adlandırırdılar.

Üstündən 3 əsrə yaxın vaxt keçməsinə baxmayaraq günümüzdə adada cəmisi 5 min nəfər yerli sakin yaşayır. Amma avropalıları adaya ayaq basdıqları ilk günlərdən daha çox buradakı nəhəng daş heykəllər maraqlandırıb. Bu heykəllərin bəzilərinin hündürlüyü 5-10 metr, ağırlığı isə 15 tondan çoxdur. Heykəllər sahilboyu uzanan və yerli əhali tərəfindən axu adlandırılan qayalıqların üzərində ucaldılıb. Axuların bəzilərinin uzunluğu 150 metr hündürlüyü isə 3 metrdir.

Yerli sakinlər bu daş heykəlləri moai adlandırılar. Onlar moailərdə əcdadlarının qeyri-adı gücünün yığıldığı qənaətindədirlər. Heykəllərin başlarına geydirilən silindr formalı daş papaqların isə ağırlığı 2-5 ton arasında dəyişir. Adada belə nəhəng daşların olmadığını nəzərə alsaq, onların qurudan necə və hansı yollarla adaya gətirildiyi sirr olaraq qalmaqdadır. Pasxa adasında bir-birinə oxşayan 1000-ə yaxın nəhəng daş heykəl mövcududr. Onların çoxu yerə yıxılmış vəziyyətdədir.

1770-ci ildə adanın İspaniyanın nəzarəti altına verilməsi barədə yerli sakinlərlə razılıq əldə edildi. O vaxt bunun üçün İspaniya dənizçilərinin Felipe Qonsales de Aedo ada sakinlərinin razılığı ilə sənədi imzalamaq üçün yerli ada rəhbərinə təqdim etdi. Adadakı yerli sakinlərin rəhbəri sənədə nəhəng heykəllərdəki və qayalıqlardakı qəribə işarələri xatırladan bir imza qoydu. Deməli avropalılar adaya gəlməzdən əvvəl oradakı əhali qəribə hərflərlə yazmaq və oxumaq bilirmiş. Öz yasılarını yerli əhali koxau-ronqo-ronqo adlandırırlar. Hazırda dünya muzeylərində Pasxa adasından əldə edilən və üzərində sirli işarələr olan 25 lövhəcik saxlanılır.

Adaya çıxan xristan missionerlərin yerli əhaliyə latın əlifbasını öyrədərək onları xristianlaşdırmağa başlamasından sonra onlar öz qədim əlifbalarını unutmağa başladılar. 1914-1915-ci illərdə adaya ekspedisiya təşkil edən missis Ketrin Skorsbi sirli işarələri oxumağı bacaran Tomenika adlı birini tapa bildi. O cəmisi bir neçə işarəni yaza bilirdi. Lakin Tomenika yazının sirrini ingilislərə öyrətməkdən imtina etdi. O bunun səbəbini məktubların sirrini açandan əcdadlarının ruhunun qisas alacağını söylədi. Ketrinin ada ilə bağlı səyahəti mətbuatda dərc ediləndən az sonra o gözlənilmədən vəfat etdi. Onun ekspedisiya zamanı əldə etdiyi materiallar isə sirli şəkildə yoxa çıxdı. Üstündən 40 il ötəndən sonra çilili alim-səyyah Xorxe Silva Olivares Tomenikenin nəvəsini axtarıb taparaq ondan əlifbanın sirrini açmasını xahiş etdi. Babasından öyrəndikləri əsasında o bəzi işarələrin və hərflərin mənasını Olivaresə izah etdi. Olivares bu işarələrin mənasını dəftərə qeyd etdi. Lakin onun dəftəri, həmçinin Tomenikenin nəvəsinin səsini yazdığı lent də müəmmalı şəkildə yoxa çıxdı. 1956-cı ildə adaya səyahət edən məşhur Norveç səyyahı və etnoqrafı Tur Heyerdal Esteban Atan adlı yerli sakində qədim yazının latınca transkripsiyası olan dəftərin olduğunu söylədi. Heyerdal onu axtarıb taparaq dəftəri göstərməsini xahiş etdi. Ancaq yerli sakin bundan imtina etdi. Heyerdalın xahişlərindən boğaza yığılan Esteban Atan qayığa minərək oranı tərk etdi. Onun haraya getdiyini, yerini müəyyən etmək mümkün olmadı. Bu günə kimi də alimlər adadakı qədim əlifbanın sirrini açmağa nail olmayıblar. Ada ilə bağlı digər bir müəmma isə onun hərdənbir gözdən yoxa çıxması ilə bağlıdır. Məsələn, 1908-ci ildə Çilinin “Qloriya” gəmisi şirin su ehtiyatı əldə etmək üçün ada ətrafında lövbər salmaq qərarına gəldi. Lakin ada yoxa çıxmışdı. Bundan 20 il sonra isə turist layneri adanın yaxınlığından keçərkən oranı ziyarət etmək istədi. Lakin ada yenə də yoxa çıxmışdı. Uzun müddət yoxa çıxan ada gözlənilmədən də öz yerində peyda oldu. II Dünya müharibəsi dövründə iki alman gəmisi adaya yaxınlaşdı, lakin onu olduğu yeri müəyəyn edə bilmədi. Yalnız 200 mill məsafədə axtarış edəndən sonra alman gəmilərdən biri nəhayət ki, adanın izinə düşə bildi. Adanı axtaran digər alman gəmisi isə okean sularında müəmmalı şəkildə yoxa çıxdı.

Bu gündə adadakı sirləri açmaq cəhdlər edirlər, lakin hələlik buna nail olmaq mümkün olmur. Necə deyərlər Pasxa adası öz sirlərini gizlətməkdə davam edir…

Əziz Mustafa

BIR CAVAB BURAXIN