“1 milyon qaçqın və məcburi köçkün öz evinə qayıtmaq istəyir”

0
570

Böyük Britaniyadan olan seçki müşahidəçisi və məşhur “The London Post”un Baş Redaktoru Dr.Şahid Qureşi prezident seçkilərindən sonra Azərbaycan parlamentinə dəvət alıb. Parlamentlə və onun fəaliyyəti ilə yaxından tanış olan britaniyalı jurnalist Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyevlə görüşüb və aldığı eksklüziv müsahibəni EU Tribune saytında dərc edib.

Arazinfo.com   Modern.az-a istınadən həmin müsahibənin tərcüməsini oxucularımıza təqdim edir.

 

Ş. Qureşi: Bu yaxınlarda həm Azərbaycan, həm də Ermənistan öz yeni prezidentlərini seçdilər. Sizcə, hər iki prezident hansı işləri görməlidir?

C. Feyziyev: Hər iki prezident yenidir və demək olar ki, eyni vaxtda seçiliblər. Hər ikisinin öz ölkəsi üçün edəcəyi kifayət qədər çox işlər vardır. Lakin Dağlıq Qarabağ münaqişəsi hər iki ölkənin birgə həll edəcəyi ən vacib, ən təcili və ümumi problemdir. Prezidentlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün dərhal danışıqlara başlamalıdırlar.  Bu, hər iki tərəfin, ümumilikdə həm də regionun marağındadır.


Ş. Qureşi:
Dağlıq Qarabağ münaqişəsinin 25 illik “pat” vəziyyətindən sonra Sizcə bu məsələ hansı istiqamətdə inkişaf edir? Dağlıq Qarabağın tarixi mövqeyi nədir?

C. Feyziyev:  Dağlıq Qarabağ məsələsi hər iki ölkəni öz təsiri altında saxlamaq məqsədilə hər iki tərəfin öz iradəsindən asılı olmayaraq supergüclər tərəfindən yaradılmış bir münaqişədir. Təəssüf ki, “Parçala və idarə et” yanaşması hələ də işləyir. Bu münaqişə hər iki ölkənin milli maraqlarına ziddir. Bir məsələ də var ki, tərəflərdən biri – Ermənistan öz milli maraqlarını nəzərə almağa və Azərbaycanla birbaşa danışıqlar aparmağa qadir deyil. Çünki, bu ölkə bunu etmək üçün hələ kifayət qədər müstəqil ola bilməyib.

Dağlıq Qarabağın tarixi mövqeyinə gəldikdə isə, bura min illiklər boyunca həmişə Azərbaycan torpağı olub. Əvvəla, ermənilər Dağlıq Qarabağa 1828-ci ildə imzalanan Rusiya-İran Sazişindən sonra köçürülüblər. Rus Çarının xüsusi fərmanı ilə həmin vaxtda İran və Əfqanıstan sərhədində yaşayan ermənilər Azərbaycana, əsasən də Qarabağa köçürülüblər. Ermənilərin kütləvi olaraq Azərbaycana köçünün ikinci dalğası I Dünya Müharibəsindən sonra baş verdi. Azərbaycan o zaman xeyirxahlıq göstərərək Osmanlı və Suriyadan gələn erməni qaçqınlarını mərhəmətlə qəbul etdi və onları Yerevanda və Dağlıq Qarabağda yerləşdirdi. Həmin dövrdə Yerevan regionunda yalnız azərbaycanlılar yaşayırdılar. Hər iki köç zamanı azərbaycanlılar erməniləri ləyaqətlə və hörmətlə qəbul ediblər, bir çoxlarını öz evlərində yerləşdirdilər, yeni torpaqda yeni həyat qurmağa yardım etdilər. 1978-ci ildə ermənilər bu torpağa qədəm qoymalarının 150 illiyi münasibətilə Qağlıq Qarabağda nəhəng heykəl ucaltdılar və bu hadisəni təntənəli qeyd etdilər. Heykəl hələ də yerində qalır, lakin üzərindəki yazılar son münaqişələr zamanı artıq silinib.

Ş. Qureşi:  Hər iki tərəfin qəbul edə biləcəyi həlli nədə görürsünüz? Bu münaqişə ilə bağlı BMT-nin hansı qətnamələri var və onlar nə üçün yerinə yetirilmir?

C. Feyziyev: Münaqişə baş verdiyi gündən Azərbaycan problemin sülh və beynəlxalq qanunvericilik çərçivəsində həll olunmasını istəyir. Azərbaycanın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasının iclasları keçirib və 1993-cü ildə bu Şura, Ermənistan hərbi qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən  4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilməmiş qalır. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün indiyə qədər öz doğma evlərinə qayıtmaq imkanını gözləyir. Status-kvonu qəbuledilməz saymağına baxmayaraq,  münaqişənin sülh yolu ilə həll olunmasına məsul olan ATƏT-in Minsk Qrupu da ötən 25 il ərzində vəziyyəti dəyişə bilməyib. Bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğala son qoymağa inandırmağa cəhd göstəriblər. Lakin Ermənistan bütün həll yollarından imtina edir. Hər dəfə beynəlxalq təşkilatlar yeni sülh təklifləri irəli sürdükdə Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir və problemin sülh yolu ilə həllini təxirə salmaq üçün bu vəziyyətdən sui-istifadə edir.
Ş. Qureşi: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Böyük Britaniya və Avropa Birliyindən gözləntiləriniz nədir? Bu günə Dağlıq Qarabağın hüquqi statusu nədir?

C. Feyziyev:  Hüquqi baxımdan bu region Azərbaycanın tərkib hissəsidir və təəssüf ki, hal-hazırda Ermənistanın işğalı altındadır. Azərbaycanın gözləntisi – münaqişə aparan tərəflərlə ədalətli rəftar edilməsi və münaqişənin hər iki xalqın marağına uyğun tez bir zamanda həll olunmasına töhfə verilməsidir. İşğal faktı BMT, AB, AP, AŞPA daxil olmaqla bir çox beynəlxalq təşkilatların qətnamələri ilə təsdiqlənib. Biz, Böyük Britaniyanın ədalətli yanaşmasını da yüksək qiymətləndiririk. Nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin bütün hüquqi vasitələrdən istifadə edəcəyini və bu kiçik, lakin strateji əhəmiyyətli regiona yubanmış sülhün gətirilməsi üçün səy göstərəcəyini gözləyirik.

Hər şeydən əvvəl, bu, doğma torpaqlarına qayıtmaq həsrətində olan 1 milyon qaçqın və məcburi köçkün üçün həyati vacib məsələdir. İkincisi, Avropa və Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşən Qafqaz, bütün dünyanın marağında olan çox əhəmiyyətli coğrafi regiondur. Uzun sürən bu münaqişənin həlli regiona sülh, sabitlik və təhlükəsizlik gətirər, həmçinin bu həll oxşar münaqişələrə məruz qalmış digər ölkələr, məsələn, Gürcüstan, Moldova və Ukrayna üçün də  bir örnək ola bilər.

Ş. Qureşi:  Dağlıq Qarabağ bölgəsində minlərlə insan öldürülüb və doğma yurdundan didərgin düşüb. Dinc əhaliyə – kişilərə, qadınlara və uşaqlara qarşı bu vəhşiliyi sifariş edən və həyata keçirənlərin əleyhinə yerli məhkəmələrdə hər hansı cinayət işi açılıbmı?

C. Feyziyev: Münaqişənin ilk mərhələsində – 1988-ci ildə 250 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Bundan dərhal sonra, Dağlıq Qarabağda yaşayan 80 min azərbaycanlı regiondan çıxarıldı. Bu hadisələr zamanı insanlar alçaldıldı, vəhşicəsinə öldürüldü və yaralandı. Onların Dağlıq Qarabağdakı kəndləri tamamilə dağıdılıb və yandırılıb. Müharibə dövründə törədilmiş vəhşiliklərin sayı-hesabı yoxdur. Bu cinayətlərin ən dəhşətlisi isə 1992-ci ilin fevralında törədilən Xocalı soyqırımı oldu. Erməni ordusu bir neçə ay onsuz da mühasirədə qalan və 7 min əhalisi olan şəhərə hücum etdi. 613 mülki vətəndaş, o cümlədən 300-ə qədər uşaq, qadın və yaşlı insan qəddarcasına qətlə yetirildi. Bu amansız hücum sadəcə müharibədən doğan təsadüf deyildi. Bu, Ermənistanın məqsədəyönlü şəkildə və qəsdən törətdiyi terror siyasəti idi. Bu siyasətin məqsədi insanları qorxudaraq regiondan qaçmağa məcbur etmək və Dağlıq Qarabağı, eləcə də onun ətrafındakı digər bölgələri işğal etmək üçün Ermənistan ordusuna şərait yaratmaq idi. Xocalıya hücum, sonralar Ermənistanın prezidenti olmuş səhra komandiri Serj Sarqsyanın birbaşa rəhbərliyi altında həyata keçirilmişdi. Nəticədə, Dağlıq Qarabağın ətrafındakı 7 rayon da etnik təmizliyə uğradı və bu rayonlardan olan 700 mindən çox azərbaycanlı evlərindən didərgin düşdülər. Bütövlükdə, 1 milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi, ölkənin müxtəlif bölgələrində müvəqqəti olaraq yerləşdirildi. Ümumilikdə isə 870-ə yaxın kənd və şəhər işğal altında qaldı, 24 mindən çox insan döyüş əməliyyatlarında öldürüldü, 4500 mülki vətəndaş – əsasən yaşlılar, qadınlar və uşaqlar əsir götürüldü, 4965 nəfər isə itkin düşdü.
Ş. Qureşi:  Xocalıda mülki vətəndaşları qətlə yetirən əsgər və ya komandirlərə qarşı hər hansı cinayət və ya hərbi məhkəmə işi olubmu?

C. Feyziyev: Azərbaycanın hüquq-mühafizə orqanları bir çox cinayət işi qaldırıblar, bir çox işlər tam araşdırılıb, müharibə cinayətləri və insanlığa qarşı cinayət törədənlər müəyyən ediliblər. Onların əksəriyyəti indi Ermənistanda və digər ölkələrdə yaşayırlar. Bundan da əlavə, Robert Koçaryan, Serj Sarqsyan və onlar kimi bir çox tanınmış səhra komandirləri Ermənistan hökumətində yüksək vəzifə tutmağa da nail olublar. Hətta prezident belə ola biliblər. Odur ki, onların Azərbaycana təhvil verilməsi indiki halda mümkün deyil. Lakin biz inanırıq ki, Ədalət bir gün zəfər çalacaq və onların hamısı məhkəmə qarşısında cavab verməli olacaqlar.

Ş. Qureşi:Təşəkkür edirəm.

BIR CAVAB BURAXIN