Baş nazir Nikol Paşinyanın 2008-ci il 1 mart hadisələrində günahlandırdığı əksər şəxslər Ermənistandan qaçıblar. Mediainfo.az-ın verdiyi xəbərə görə bu barədə “Joxovurd” qəzeti yazıb.
“Joxovurd”un yazdığına görə, Ermənistanın keçmiş Müdafiə naziri Mikael Arutyunyan, keçmiş polis rəisi Ayk Ayrapetyan, onun müavini Saşik Afyan və digərləri ölkəni tərk edərək yaxın və uzaq xaricə gediblər: “Hazırda ölkədə qalan eks prezidentlər Sarkisyan və Koçaryandır. Onlara qarşı da 1 mart hadisələrinə görə ciddi ittihamlar irəli sürülüb. Koçaryan Paşinyanın məqsədinin onu həbs etmək olduğunu bəyan edib. Ona cavabında isə Baş nazir deyib ki, 1 mart hadisələrində əli olan günahkarların hamısı həbs ediləcək”.
Qeyd edək ki, hazırda Ermənistan hüquq-mühafizə orqanları tərəfindən Sarkisyan və Koçaryanın həbs edilməsi üçün hazırlıq görülür və onların hakimiyyətdə olduqları vaxt vəzifələrindən sui-istifadə etmə faktları araşdırılır.