“Əxlaqsızlığı yayan”, Bağırovu öldürmək istəyən, “zorlamada” günahlandırılan yazıçı

0
797
 

Qanlı 1937-ci ilin məşhur anti-qəhrəmanı Seyfulla Şamilov yenə də öz işindədir. O Seyfulla Şamilov ki, cəmi bir neçə aydan sonra onun özünü də repressiya qurbanı edəcəkdilər. Hələlik isə onun Tağı Şahbazi haqqında çıxışına nəzər salaq:

“Şura vətəndaşı hər şeydən əvvəl, hər bir хırda hərəkətdə prinsipal olmalıdır. O sovet vətəndaşı simasını göstərməlidir. Tağı Şahbazi də öz sifətini göstərmişdir. Bunun hekayəsi iki fahişə haqqındadır. Məsələn, “Bahar gecəsi” bizim ədəbiyyatımızda çap olunmuşdur. “Bahar gecəsi” bir qadına “uхajıvat” etmək haqqındadır. Mən elə zənn etdim ki, bunu Tağı Şahbazi aхırda ifşa edəcəkdir və bir ideya ilə bağlayacaq. O hekayəni məmləkətimizdə olan qızlar, ölkəmizdəki gənclər oхuyanda deməzlərmi həyat nə ilə məşğuldur, partiya nə ilə məşğuldur, Tağı Şahbazi nə ilə məşğuldur”. (Aslan Kənan, “XX əsrdə repressiyaya qurban gedənlər”)

Hər şey bu gülməli ittihamdan sonra başladı. Partiya sıralarında və ədəbiyyat aləmində get-gedə  böyük nüfuz qazanan yazıçını da əllərinə düşən böyük fürsət dalğasında – repressiyada məhv etmək istəyirdilər. Yuxarıdakı ittiham onu sırf bir yazıçı kimi gözdən salmaq,  ittifaq sıralarından xaric etməkdən ötrü idi. Buna da nail oldular. Tağı Şahbazinin insanla təbiətin ülvi vəhdətini çox gözək əks etdirən və əxlaqsızlıqdan deyil, saflıqdan bəhs edən əsərini “fahişəliyin təbliği” hesab edərək onun yazıçı fəaliyyətini şikəst edirdilər.

Artıq birinci mərhələ yerinə yetirilmişdi. Növbədə ikinci mərhələ- B planı var idi. Buna əsasən, Şahbazi  ömrünün 22 ilini həsr etdiyi və böyük nüfuz qazandığı partiya işindən ayrılmalı, sıradan çıxmalı və bununla da repressiyanın caynağına düşməli idi.

Növbəti qurğu özünü çox gözlətmədi. Birinci iftirada Şahbazi bir yazıçı kimi təhqir olunmuşdusa, ikincidə onun şəxsiyyəti də təəssüf ki, tapdanırdı. Onun kimi nəcib və ədəbli bir insanı kiməsə təcavüz etməkdə ittiham edirdilər. İftiranın ağırlığı Tağı Şahbazinin əl-qolunu bağlayırdı.
Təsəvvür edin, o dövrün qanunlarına görə, əgər kimsə başqasına qarşı cinsi təcavüz edərdisə, kimliyindən asılı olmayaraq, onu ölüm cəzası gözləyirdi. Tağını isə yalnız işdən və partiya sıralarından çıxarmaqla kifayətləndilər. Çünki onlara elə bu lazım idi.  Amma fərqində deyildilər ki, bu addımla özlərini ifşa etmiş olacaqlar.
Araşdırmaçı Aslan Kənan bu barədə yazır: “Taşı Şahbazi “Leçkomissiya”nın (müalicə komissiyası) direktoru olarkən həbs edilir. Həbs edilməsində əsas göstərilir ki, guya Tağı Şahbazi öz kabinetində tibb хidmətçisini zorlayıb. Nədənsə “hadisədən” sonra Oktyabr rayon partiya komitəsinin qərarı ilə Tağı Şahbaziyə töhmət verilir və onu işdən azad etməklə məsələni bu yolla “həllinə nail olurlar”.

Doğrudur, o zaman Tağı Şahbazi həbs olunmur. Amma bu ittiham onun üçün əsl fəlakət demək idi. Həm də bilirdi ki, hansısa böyük oyunun önəmli bir detalı da bu idi.  Belə bir ittihamla gözdən salınan dövlət xadimi 1937-ci il hadisələri gələndə bu faktı göz qabağına gətirdi. Bildi ki, məhz həmin qurama oyun səbəbindən partiyada yerini, dövlət işində vəzifəsini itirən yazıçını şərləmək bu dəfə daha asan olacaq…

 

Yenə 1937-ci il… Bu dəfə yaydı. Tağı Şahbazi bilir ki, artıq bundan o tərəfə yol yoxdu. Onu da Əhməd Cavadın, Müşfiqin, Cavidin yolu gözləyir. Təkcə qoca ata-anası və gənc ailəsi, qızı Dilarə haqqında düşünür. 11 iyunda isə həbs edilir. Həbsdə nə illah edirlərsə heç nəyi boynuna almır. Nəticədə Cəfər Bağır, Həmid Sultanov və başqaları onun üzünə dururlar.

Ona o qədər işgəncə verirlər ki, axırda qələm götürüb özü-özünü cinayətkar adlandırır. Ruhulla Axundov, Sultanovla birgə əks-inqilabçı fəaliyyətindən danışır. Amma adamda böyüklüyə baxın ki, özü haqqında elə yazsa da, Səməd Vurğun və başqaları barədə mənfi nəsə demir. Nəhayət həbs olunur:

“Hazırki ərizəmlə nəzərinizə çatdırıram ki, bugünkü günə qədər mən istintaqa düzgün ifadə verməmişəm. Başa düşdüm ki, bu susmağım mənasızdı. Ona görə də cinayətlərimi səmimi etiraf etməyi qərara aldım”.

Tağı Şahbazi daha sonra könüllü surətdə etiraf edir ki, o, doğrudan da əksinqilabçı olmuş, 1935-ci ildən H.Sultanov,  Cəfər Bağır və Ruhulla Axundovun təsiri altına düşməsini deməklə yanaşı, sovet hökuməti əleyhinə hərbi çevrilişdə və Kommunist Partiyasının rəhbərlərinə qarşı terrorda iştirak etdiyini də bildirib.

Təbii ki, bunlaırn hamısı cəfəngiyyat idi. Sağlamlığını itirən və tezliklə ölümdən başqa heç nə arzulamayan yazıçı son istəyinə çatmaq üçün bunları deyirdi. Çünki başqa repressiya qurbanları ilə müqayisədə Tağı Şahbaziyə qarşı “barıtın miqdarı çox olmuşdu”. Onu partiya liderlərinə, əsasən də, Mir Cəfər Bağırova qarşı terrorda suçlayırdılar ki, bunun da cəzası birbaşa güllələnmə demək idi. Şahbazi isə bu “günahlarını” etiraf etməklə  yalnız ölümə doğru tələsirdi.


Sovetin mənfur güclərinin ən rüsvayçı iftiralarına tuş gələn Tağı Şahbazi ölümünü çox gözləmədi. 1938-ci ildə cəmi 15 dəqiqə çəkən məhkəmə prosesində barəsində ölüm hökmü çıxarıldı. 15:30-da başlayan məhkəmə prosesi 15:45-də bitir. O boyda Tağı Şahbazinin ömrünə 15 dəqiqəlik prosesdə son qoyulur.
Amma bu son deyildi. Tağı Şahbazinin cismani xilasının bayramı uzun müddət davam etmədi. Ölümündən sonra onun ruhunu incitməyə başladırlar. Çox sevdiyi həyat yoldaşı Mariya Şahbazi vətən xaininin arvadı itttihamı ilə həbs olundu. Qoca anası və 9 yaşlı qızı kimsəsiz  qaldı. Mariya Kirilovna 8 il azadlıqdan məhrum edildi. Tağı Şahbazidən yadigar qalan 3 nəfərlik bədbəxt ailənin bütün iztirablarına yalnız 1956-cı ilin bəraətindən sonra son qoyuldu. Elmin Nuri/Modern.az 

 

BIR CAVAB BURAXIN