ƏT-TƏBƏRİ AZƏRBAYCAN TÜRKLƏRİ HAQQINDA

0
2997

...Ərəb xilafəti dövründə Azərbaycan əhalisinin etnik tərkibinin öyrənilməsi tarix elmi qarşısında duran ən mühüm problemlərdən biridir. Azərbaycan ərazisində əhalinin türkləşməsi məsələsi ilə bağlı qarşıya çıxan bir sıra suallara indiyədək cavab verilməmişdir. Bu suallar ilk növbədə türklərin Azərbaycan ərazisində aborigen olub-olmaması ilə bağlı suallardır. Z.M.Bünyadovun qeyd etdiyi kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri Azərbaycan ərazisinə kənardan gəlmə bir ünsür hesab etmək də səhvdir. Çünki o zaman Azərbaycan ərazisindəki yerli böyük türk tayfa təşəkküllərinin varlığına göz yumulur (1, 171).

Belə ki, o, ilk dəfə olaraq öz kitabında “Kitab ət-tican” əsərinə istinad edərək Əməvilər sülaləsindən olan ərəb xəlifəsi I Müaviyənin (661-680) qədim tarixə bələd olan yəmənli Abid (Übeyd) bin Şəriyə adlı şəxslə olan dialoqunu vermişdir. Burada I Müaviyə soruşur: “ Türklər və Azərbaycan nə deməkdir?” Abid cavab verir: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir” (1, 174). Z.M.Bünyadov elə oradaca qeyd edir ki, bu məlumatı şübhə altına almaq olardı, lakin 1126-cı ildə tərtib olunmuş, fars dilində naməlum müəllif tərəfindən yazılmış “Mucməl ət-təvarix va-l-qasas” adlı əsərdə də həmin oxşar məlumata rast gəlirik. Həmin əsərdə deyilir: “Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir” (1, 174).

Məlumdur ki, hər hansı bir xalqın formalaşması əsrlər boyu bir yerdə yaşamış və ya bir-biri ilə sıx təmasda olmuş qəbilə və tayfaların qaynayıb-qarışması nəticəsində baş verən uzunmüddətli və mürəkkəb bir prosesdir. Bu proses nəticəsində formalaşmış xalqın son nəticədə necə adlanması həmin birləşmə prosesində iştirak edən etnoslardan hər hansı birinin üstünlük təşkil etməsi ilə bilavasitə bağlıdır. Bu günkü dilimizin Azərbaycan türk dili adlanması Azərbaycan ərazisində qədimdən “türk” adlanan etnosun yaşaması və sonralar buraya şimaldan və cənubdan daxil olan türkdilli tayfaların çoxalması ilə bağlıdır. Gəlmə türkdilli tayfalar onlardan əvvəl burada yaşayan, oturaq və yarımköçəri həyat tərzinə malik olan və türk adlanan xalq arasında qaynayıb-qarışaraq vahid Azərbaycan türk xalqı və dilinin yaranmasında yaxından iştirak etmişlər.

Təqdim olunan məqalədə əsas məqsəd mötəbərliyi hamı tərəfindən qəbul edilən məşhur ərəb tarixiçisi ət-Təbərinin (840-923) “Tarix ər-rusul və əl-muluk” əsərində rast gəlinən faktlara əsasən Ərəb xilafəti və onun yaranmasından əvvəlki dövrlərdə Azərbaycan ərazisində yaşayan əhalinin etnik tərkibində türklərin tutduğu yeri müəyyənləşdirməkdir.

İyirmidən artıq əsərin müəllifi olan Ət-Təbəri İslam aləminin yetişdirdiyi ən böyük ilahiyyat alimlərindən və tarixçilərindən biridir. O bir çox şəhərlərdə olmuş, əldə etdiyi bilikləri toplayaraq özünün məşhur “Tarix ər-rusul və-l-muluk” əsərini yazmışdır. Əsər h.303-cü (915-ci) ildə tamamlanmış və h.302-ci (914-cü) ilə qədər olan hadisələri əhatə edir (2, 52). Bu əsər “Tarix ər-rusul va-l-miləl” və “Tarixi Təbəri” adları ilə də məşhurdur.

Tarixi mənbələrin araşdırılması göstərir ki, ərəb işğalları ərəfəsində və Ərəb Xilafəti dövründə Azərbaycan ərazisində yaşayan əhali etnik baxımdan əsasən aşağıdakı üç qrupa bölünürdü: 1. Türkmənşəli əhali; 2. İranmənşəli əhali; 3. Qafqazmənşəli əhali.

Tarix elmində Azərbaycan ərazisində yaşayan türklərin dili və onun mənşəyi haqqında üç əsas fikir mövcuddur: 1. Azərbaycanda türklərin məskunlaşması əsasən XI əsrdə səlcuqların axınları ilə bağlı olmuşdur; 2. Türklərin Azərbaycanda məskunlaşması erkən orta əsrlərdə hunlar, sabirlər və xəzərlərin yürüşləri ilə bağlı olmuşdur; 3. Türklər Azərbaycan torpaqlarında qədim dövrlərdən başlayaraq məskən salmışdır.

Bəs əsl həqiqət nədən ibarətdir? Zənnimizcə, bu suala ən doğru cavab yuxarıda bəhs olunan hər üç ideyanın birləşdirilməsindədir. Yəni türklər Azərbaycan ərazisində qədim dövrlərdən başlayaraq məskunlaşmış, erkən orta əsrlərdə hunların, sabirlərin və xəzərlərin, XI əsrdə isə səlcuqların axınları ilə onların bu regionda rolu daha da artmışdır. Buna uyğun olaraq, Azərbaycan ərazisində mövcud olan qədim türk dili gəlmələrin dili ilə daha da zənginləşmiş və müxtəlif dialektlərə bölünmüşdür. Başqa sözlə, tarixi Azərbaycan torpaqlarının sərhədləri əsasən Azərbaycan türklərinin indiki yayıldığı əraziyə uyğun gəlir.

Lakin burada bir fakt inkaredilməzdir: hal-hazırda Azərbaycan ərazisində yaşayan Türk, İran və Qafqaz dillərində danışan xalqlar çox qədim dövrlərdən bir-biri ilə sıx təmasda olmuş və bir-biri ilə qaynayıb-qarışmışlar. Elə buna görə də bir sıra hallarda onların oxşar və müştərək tarixləri vardır və onlar ortaq dəyərlərə malikdirlər.

Azərbaycan türkləri və onların dili ilə bağlı XX əsrdə formalaşmış əsas mövcud konsepsiya belədir ki, guya bu xalq XI-XII əsrlərdə digər xalqları əsaslı surətdə sıxışdıraraq aradan çıxarmış və onun dili hakim dilə çevrilmişdir. Başqa sözlə, bu proses səlcuqların XI əsrdə Azərbaycanda məskunlaşması ilə əlaqələndirilir. Bu zaman bir sıra suallar meydana çıxır: nə üçün digər xalqlar və onların dilləri (talış, fars, ləzgi və s.) deyil, məhz say etibarı ilə üstünlük təşkil edən, bugünkü Azərbaycan ərazisində yaşayan əsas əhali kütləsinin dili aradan çıxdı, gəlmələrin dili ilə əvəz olundu və türk dilinə çevrildi? Bu qəbildən olan sualların hamısının yalnız bir cavabı vardır: XI-XII əsrlərdə əsaslı şəkildə hər hansı bir etnik-dil dəyişikliyi baş verməmişdir, heç bir yeni xalq və dil yaranmamışdır. Azərbaycan ərazisinə gələn səlcuqlar isə burada az-

çox fərqlə onlar kimi danışan türkdilli xalqla qarşılaşmışdır. Səlcuqların gəlişi heç bir etnik və dil dəyişikliklərinə səbəb olmamışdır. Onların heç buna qüdrəti də çatmazdı. Çünki onların XI əsrin ortalarında yaratdıqları dövlət Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən böyük bir imperatorluq idi. Əgər hər səlcuq ailəsinə bir kənd bağışlansa belə, onlar bütün bu əraziləri tam şəkildə məskunlaşdıra və yerli əhalini etnik dəyişikliyə məruz qoya bilməzdilər. Onlar bu ərazilərdə yalnız hərbi-siyasi hakimiyyəti ələ almışdılar. Səlcuqlar yerli əhalini kütləvi şəkildə köçürmürdülər, soyqırıma məruz qoymurdular, olsa-olsa tutduqları ərazinin hakimini dəyişdirirdilər, onlar əhalinin etnik mənsubiyyəti və dilini dəyişmirdilər. Deməli, səlcuqların gəlişi ilə yalnız Azərbaycan əhalisinin etnik tərkibinin və onun dilinin dəyişməsi ideyası elmi baxımdan yanlışdır və qəbul edilməzdir. Azərbaycan əhalisinin XI-XIII əsrlərə qədər şimalda, guya Qafqaz dillərindən birində və cənubda isə iranmənşəli dildə danışması, səlcuqların gəlişi ilə yeni dilə, Azərbaycan türk dilinə keçməsi inandırıcı deyil.

Ət-Təbərinin adı çəkilən əsərində Azərbaycanın hüdudları, şəhərləri və əhalisinin etnik tərkibi haqqında maraqlı məlumatlara rast gəlinir.

Ət-Təbərinin əsərinin demək olar ki, bütün cildlərində Azərbaycan və onun türk əhalisi haqqında bir sıra maraqlı faktlar mövcuddur. Zənnimizcə, ət-Təbərinin əsərində Azərbaycan haqqında bəhs edilməsi və əhalisinin türk adlandırılması təsadüfi xarakter daşımır. Bu qədim və erkən orta əsrlər dövründə yaşamış ərəbdilli müəlliflərin Azərbaycan haqqında müəyyən təsəvvürlərə malik olduğunu gəstərir.

Məqalədə əsas məqsəd məhz Azərbaycan türkləri haqqında məlumatları müəyyənləşdirmək olduğuna görə, biz burada həmin əsərdə ümumiyyətlə türklər haqqında verilən məlumatlar üzərində dayanmayacağıq. Yalnız onu qeyd edə bilərik ki, təkcə ət-Təbərinin əsərində deyil, bir sıra digər ərəbdilli mənbələrdə də hələ Ərəb xilafətinin yaranmasından əvvəlki dövrlərdə ərəblərin türklərlə təmasları haqqında məlumatlara rast gəlinir. Bu baxımdan Yəmən hökmdarlarına həsr olunmuş əsərlər xüsusilə qeyd edilməlidir (3; 4; 5).

Qeyd etmək lazımdır ki, digər ərəbdilli mənbələrdə olduğu kimi, ət-Təbərinin əsərində də “türklər” və “xəzərlər” şəklində təqdim olunan xalqlar arasında fərq qoyulur. Belə ki, onlar eyni kökdən törənmiş müxtəlif xalqlar şəklində təqdim olunur.

Ərəbdilli əsərlərdə rast gəlinən “türklər” və “Azərbaycan türkləri” məsələsini araşdırmazdan əvvəl etnogenezlə bağlı bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Bu zaman ilk növbədə ilkin mənbələrdə rast gəlinən “türklər”, “türk mənşəli xalqlar” və “türkdilli xalqlar” kimi anlayışları dəqiqləşdirməyə ehtiyac duyulur. Məsələ burasındadır ki, bu anlayışlar bir-birinə çox yaxın olsa da bir-birini tam şəkildə əvəz etmir. Digər tərəfdən mənbələrdə tez-tez qarşılaşdığımız “türklər” etnoniminin özündə müəyyən çalarları fərqləndirmək lazımdır. Belə ki, bu anlayış ilkin yazılı qaynaqlarda iki şəkildə təqdim olunur:

1. Əvvəlcədən “türklər” adı altında təqdim edilən toplumlara münasibətdə işlədilir.

2. İlk dövrlərdə “türk” adlanmayan və özünün xüsusi adı olan, lakin türk xalqları sırasına aid edilən toplumlara münasibətdə ümumi şəkildə işlədilir.

Bu iki anlamın qarışdırılması Azərbaycan türklərinin etnogenezi məsələsində dolaşıqlığa rəvac verən əsas səbəblərdən biridir. Aydın məsələdir ki, Azərbaycan türklərinin etnogenezi ilə bağlı dolaşıqlığın digər səbəbi sırf subyektiv xarakter daşıyır, tarixi faktların təhrif olunmasına və türklərin Azərbaycanda məskunlaşması tarixini saxtalaşdırmağa, necə deyərlər “cavanlaşdırmağa” xidmət edir.

Ərəbdilli mənbələrin, o cümlədən ət-Təbərinin əsərinin araşdırılması göstərir ki, xəzərlər “türklər” adı altında deyil, “türkdilli” və “türk xalqları” adı altında təqdim edilən türk toplumları sırasına aiddir. Elə buradaca onu da qeyd etmək lazımdır ki, ərəbdilli mənbələrdə Azərbaycan ərazisində gedən döyüşlər zamanı dəfələrlə ərəblərlə qaşılaşdığı göstərilən “türklər” elmi ədəbiyyatda məhz bu ad altında təqdim edilmək yerinə, onlar əksər hallarda, yalnız “xəzərlər” şəklində təqdim edilmişdir.

Azərbaycan ərəblər tərəfindən ələ keçirildikdən sonra buradakı türklərin böyük bir qismi Azərbaycanda qalıb ərəblərin hakimiyyətini və İslam dinini qəbul etdilər. Ərəblərlə döyüşü davam etdirənlər isə əsasən dörd istiqamətdə geri çəkilməklə ərəblərlə mübarizəni davam etdirdilər. Onların geri çəkildiyi həmin dörd istiqamət aşağıdakı kimi idi: 1. Dərbənd istiqamətindən Şimali Qafqaza çəkilib xəzərlərə qoşulanlar. 2. İndiki Gürcüstan istiqamətində geri çəkilib orada toplanan, bəzən də Dəryal keçidindən geri çəkilənlər. 3. Xorasan istiqamətində geri çəkilərək Mərkəzi Asiya türklərinə qoşulanlar. 4. Van gölü istiqamətində, Bizans sərhədlərinə doğru geri çəkilənlər

Ərəbdilli mənbələrdə buna dəfələrlə işarə olunur. Məsələn, ət-Təbərinin əsərində h.22-ci (642-ci) ildə baş vermiş hadisələrdən bəhs olunarkən Azərbaycan əhalisinin əl-Kəbc (Qafqaz) və ər-Rum (Bizans) dağlarına çəkildiyi göstərilir (6, 112). Tarixi mənbələrdəki faktların araşdırılması göstərir ki, Sasanilər dövləti ərəblər tərəfindən darmadağın edildikdən sonra öz müstəqil dövlətləri olmayan, lakin tayfa konfederasiyaları halında yaşayan və müəyyən dərəcədə Sasani tabeçiliyində olan Azərbaycan türklərinin bir hissəsinin öz dövlətləri və hökmdarları olan xəzərlərə qoşulmaqdan başqa çarələri qalmırdı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ərəblərin təzyiqi ilə geri çəkilən Azərbaycan türkləri xəzərlərə

qoşulduqdan sonra Xəzər xaqanlığı tərkibində türklərin sayı daha da çoxaldı. Məhz bundan sonra ərəbdilli müəlliflər öz əsərlərində bir sıra hallarda “xəzərlər” əvəzinə, “türklər” ifadəsinə üstünlük verməyə başladılar.

Beləliklə, Azərbaycan ərazisinə münasibətdə adı çəkilən türkmənşəli və türkdilli xəzərlərlə mənbələrdə sırf şəkildə “türklər” kimi təqdim edilən xalqlar heç də eyni deyildir və bir-biri ilə qarışdırılmamalıdır. Bir qədər də irəli gedərək onu da qeyd edək ki, xəzərlərin də aqibəti əvvəllər Azərbaycan ərazisinə gələn və bir hissəsi burada məskən salaraq yerli “türk” adlanan xalq arasında öz məxsusi adını itirən və onlar kimi “türklər” adlanan və öz keçmişlərini yalnız coğrafi adlarda saxlayan xalqlar kimi oldu. Onlar tədricən özlərinin “xəzər” adını unutdular və Azərbaycan türklərinin bir parçasına çevrildilər.

Biz burada istər-istəməz Ərəb xilafəti dövründə Azərbaycanın coğrafi hüdudları və onun Azərbaycan türklərinin yayıldığı etnik sərhədlərlə uyğunluğu məsələsi üzərində dayanmaq məcburiyyətindəyik. Bir sıra ərəbdilli müəlliflər, o cümlədən ət-Təbəri Azərbaycan dedikdə həm Arran adlandırılan indiki Şimali Azərbaycanı, həm də Cənubi Azərbaycanı başa düşürdülər.

Məsələn, İbn Hövqəl öz əsərinə “Xəzər dənizi” adlı xəritə də daxil etmişdir. Müəllif həmin xəritəni izah edərkən yazır: “Dənizin yuxarı hissəsində sahilboyu “əl-Quziyyə” yazılmışdır, onun ardınca isə sahilboyu əl-Xəzər, Azərbaycan, Təbəristan gəlir” (7, 386).

Onun təqdim etdiyi xəritəyə diqqətlə baxdıqda məlum olur ki, Dərbəndə qədər Xəzər ölkəsinin sərhədləri, Dərbənddən Cilin (Gilanın) sərhəddindəki Səmiranadək isə Azərbaycan ölkəsinin sərhədləri uzanır. Bu xəritədə Bab əl-Əbvab (Dərbənd), Kür və Araz çayları, Muğan ərazisi məhz Azərbaycanın tərkibində göstərilmişdir.

İrəli sürdüyümüz fikirlərin doğruluğuna tam əmin olmaq üçün ibn Hövqəlin əsərinin birinci hissəsindəki “Dünya atlası” adlanan birinci paraqrafa müraciət edək. Müəllif burada bir sıra ölkələrin təsvirini verdikdən sonra qeyd edir: “Sonra Azərbaycanın xəritəsini dərc etdim, oradakı dağları, yolları, Kür və Araz kimi şirin sulu çayları, həmçinin Xilat və Kəbuzan göllərini də təsvir etdim. Bu göllərin hər ikisi heç bir dənizlə birləşmir, elə oradaca mən Qabq dağını göstərdim” (8, 33).

Göründüyü kimi, ibn Hövqəl həmin xəritəni izah edərkən Azərbaycan hüdudlarını faktiki olaraq hal-hazırda olduğu kimi təsvir edir. O, burada Arran hüdudlarından bəhs etmir və bütün torpaqlarımızı Azərbaycan adlandırır. Onun şimal sərhədlərini Qafqaz dağları, qərb sərhədlərini isə Van gölünün hüdudları ilə əlaqələndirir.

Əl-Yəqubi Arranı “Əzərbəycən əl-ulyə”, yəni “Yuxarı Azərbaycan” adlandırmışdır (9, 47; 10, 75). “Yuxarı Azərbaycan” deyildikdə Şirvan ərazisinin nəzərdə tutulması haqqında da fikirlər vardır (11, 22). Digər tərəfdən ərəbdilli mənbələrdə Şimali Azərbaycanla bağlı tez-tez “Ucqar Azərbaycan” (Əqsa Əzərbəycən), “İkinci Azərbaycan” (Əzərbəycən əs-səni) ifadələrindən də iştifadə olunurdu. Bir sıra ərəbdilli müəlliflər Cənubi Azərbaycanı bunun əksinə olaraq, “Yaxın Azərbaycan” (Ədnə Əzərbəycən), “Ən yaxın Azərbaycan” (Ədəni Əzərbəycən ) adlandırmışlar. Məsələn, ət-Təbəri öz əsərində h.76-cı (695-ci) il hadisələrindən bəhs edərkən Cənubi Azərbaycanı “Ədəni Əzərbəycən” adlandırır (12, 232).

Ət-Təbərinin “Tarix” əsərinin orjinalında ayrıca olaraq Azərbaycanın hüdudları məsələsindən bəhs edilmir. Lakin orada Dərbəndin məhz Azərbaycanın şimal sərhəddi olmasına dəlalət edən çoxsaylı faktlara rast gəlirik (1, 105). Xəzərlərin hücumlarından bəhs edən ət-Təbəri onların ərəbləri məğlub edərək, Dərbənddən Azərbaycana daxil olduğunu və yaxud ərəblərin xəzərləri məğlub edərək onları Dərbənddə Azərbaycandan çıxardıqlarını dəfələrlə qeyd edir. O, VIII əsrdə baş vermiş hadisələrdən bəhs edərkən Azərbaycanın şimal sərhədinin məhz Dərbənd şəhəri olduğunu qətiyyətlə bildirir. Məsələn, biz onun əsərində h. 89-cu (707-ci) ilə aid aşağıdakı sözlərə rast gəlirik: “Məsləmə ibn Əbdu-l-Malik türklərə qarşı yürüş etdi, Azərbaycan nahiyələrindən olan əl-Baba çatdı və orada qalalar və şəhərlər fəth etdi”(13, 67).

“Nahiyə” (“nəhiyə”) sözünün ərəb dilində müxtəlif mənalarda (nahiyə, tərəf, qonşu, yer) işləndiyini nəzərə alsaq həmin epizoddakı “Azərbaycan nahiyələrindən olan əl-Baba çatdı” cümləsini, “Azərbaycan tərəfdən əl-Baba çatdı” şəklində də tərcümə etmək olar. Lakin hər iki halda məsələnin mahiyyəti dəyişmir və burada eyni anda iki fakt öz əksini tapmışdır: birincisi, Azərbaycanın şimal hüdudunun Dərbənd olması, ikincisi, Azərbaycanda türklərin məskunlaşması.

Ət-Təbəri h.91-ci (709-cu) ilə aid hadisələrindən bəhs edərkən yenə oxşar ifadələr işlədərək Azərbaycanın şimal sərhədinin məhz Dərbəndə qədər uzanmasına və ölkədə türklərin yaşamasına işarə edir (1, 105; 13, 74-75).

Ərəb və Suriya mənbələrində türklərin Ön Asiyada, o cümlədən Azərbaycanda varlığına dair çoxsaylı faktlar vardır. Qədim ərəb rəvayətlərində və hədislərdə də ərəblərin türklər haqqında məlumata malik olmasına dair faktlara rast gəlinir. Bir sıra ərəbdilli mənbələrdə İslam Peyğəmbərinin türklərlə bu və ya digər şəkildə əlaqəsini göstərən məlumatlar da vardır. Məsələn, ət-Təbəri öz əsərində müsəlmanların Xəndək müharibəsinə hazırlaşdıqları zaman Peyğəmbər üçün qurulmuş “türk çadırından” (“qubbətun türkiyyətun”) bəhs etmişdir (14, 21).

Burada baş verən hadisələrin rəvayət olub-olmaması məsələnin ikinci tərəfidir. Əsas məsələ məhz “türk çadrından” bəhs edilməsidir. Zənnimizcə, bu təsadüfi deyildir və burada türklərin daha geniş əraziyə yayılmasına, onların Ön Asiyada varlığına dəlalət edən bir eyham vardır.

Ümumiyyətlə, ət-Təbərinin tarixi özünəməxsus bir türk tari-xidir. Onun əsərində haqqında bəhs etdiyi türk xalqlarını aşağıdakı qruplara bölmək olar: 1. Azərbaycan türkləri; 2. Xorasan türkləri; 3. Mavərənnəhr türkləri; 4. Dərbənddən şimalda yaşayan xəzərlər və digər türkdilli xalqlar.

Ət-Təbərinin, eləcə də digər orta əsr ərəb müəlliflərinin əsərləri əsasında araşdırmalar aparmış tədqiqatçıların əsərlərində bu bölgüyə diqqət yetirilməmiş və Azərbaycan türkləri haqqında danışılmamışdır. Sovet hakimiyyəti dövründə Azərbaycan xalqının etnik mənsubiyyətini araşdıran tarixçilər bu məsələnin üzərindən sükutla keçmişlər. Zənnimizcə, bunun iki əsas səbəbi var idi. Birincisi, bu keçmiş tarixi, o cümlədən etnik tarixi saxtalaşdırmaq faktları ilə bağlı olmuşdur. İkincisi, Azərbaycan ərazisində yaşayan türklər ya Xorasan türkləri, ya da Xəzər türkləri ilə qarışdırılmış, başqa sözlə onların arasında “əridilmişdir”.

Onu da qeyd etmək lazımdır ki, ərəbdilli müəlliflər, o cümlədən ət-Təbəri Xəzər türklərindən və Mavərənnəhr türklərindən danışarkən onlardan öz xaqanları olan ayrıca bir türk dövlətində yaşayan türklər kimi bəhs edir. Azərbaycan və Xorasan türklərindən bəhs edərkən isə onlardan ayrıca bir dövlətin əhalisi kimi deyil, Sasanilər dövlətinin süqutu ilə faktiki olaraq hökmdarsız qalan, sonra isə Ərəb xilafətinin hüdudlarına daxil edilən bir ölkənin müsəlman əhalisi olan türklər kimi bəhs edir. Bir qədər sonra isə onların etnik tərkibini “yaddan çıxararaq”, onlardan sadəcə olaraq müsəlmanlar kimi bəhs edirlər. Çünki ərəb hücumları ərəfəsində həm Xorasan, həm də Azərbaycan vilayətləri əsasən, Sasanilər imperiyasının tərkibində idi və ya onlardan asılı idi. Başqa sözlə, burada yaşayan əhali Sasani təbəələri sayılırdı. Belə bir şəraitdə Mavərənnəhrdə olan türklər öz xaqanları başda olmaqla Xorasan türkləri, Xəzər xaqanı isə Azərbaycan türkləri üzərində hakimiyyəti ələ almağa və yaxud onlarla birlikdə ərəblərə qarşı vuruşmağa çalışırdılar. Bu son nəticədə həm Mavərənnəhr, həm də Xəzər xaqanlarının ərəblər tərəfindən qovulması, Azərbaycan, Xorasan və Mavərənnəhrin İslam ölkələri sırasına daxil edilməsi ilə nəticələndi.

Ət-Təbəri h.16-cı (638-ci) ildə Mədainin alımasında Sasanilər tərəfindən vuruşan türklərdən də bəhs etmişdir (14, 21). Mədain alındıqdan sonra əldə edilən qənimətin bölüşdürülməsindən bəhs edən müəllif həmin döyüşdə iştirak etmiş Həbib ibn Suhbana istinadən belə bir məlumat verir: “Mədainə daxil olduq və möhürlü sandıqlarla dolu olan türk çadırlarına getdik” (15, 17).

Burada diqqəti cəlb edən əsas məqam türk çadırlarının fərqləndirilməsi və onların çoxsaylı (türk çadırları) olmasıdır. Burada söhbət Sasanilərə yardım edən müstəqil türk dəstələrindən gedir. Bu fakt həmin çadırların sahibi olan döyüşçülərin Sasanilərin əsir aldığı və yaxud muzdlu kimi istifadə etdikləri türklərdən ibarət olmadığını göstərir.

Ərəbdilli mənbələrdə türklərin Azərbaycan torpaqlarında qədim dövrlərdən başlayaraq yaşaması haqqında bir sıra faktlara rast gəlinir. Ərəbdilli müəlliflərin keçmiş dövrlərdə türklərin Azərbaycanda yaşamasını nəql etməkdə məqsədləri keçmişlə yaşadıqları dövr (Ərəb xilafəti dövrü) arasında əlaqə qurmaq, bununla da bölgə haqqında tam təsəvvür yaratmaq idi.

Ət-Təbərinin əsərini tərcümə etməklə yanaşı onu təkmilləşdirən Samani hökmdarının farsmənşəli vəziri və tarixçisi Bələminin əsərində “I Daranın Dəclə çayı boyunca şimala doğru hərəkət edərək Azərbaycan türkləri (torkan Azərbaycan) üzərinə hücum etməsi” haqqında məlumata rast gəlinir (16).

Ət-Təbəri öz əsərinin birinci cildində yazır ki, ər-Raiş adlanan Yəmən hökmdarı əl-Haris ibn əbu Şəddəd yürüşlərindən birində Ənbara, oradan da Mosula hərəkət etdi. O burada öz süvarilərini Şəmr ibn əl-Ətaf adlı sərkərdəsinin rəhbərliyi altında Azərbaycana göndərdi. “O, Azərbaycan ərazisində türklərin üzərinə hərəkət etdi – Azərbaycan indi də türklərin əlindədir – onları məğlub etdi, bir çoxunu əsir aldı, öz qələbəsini iki daş üzərində həkk etdirdi. Həmin iki daş indi də Azərbaycanda məşhurdur” (17, 197-198). Ət-Təbəri öz əsərində həmin daş üzərindəki altı misralıq şeiri də vermişdir.

Ət-Təbəri öz kitabının ikinci cildində yazır ki, Yəmən hökmdarlarından biri, ər-Raid adlandırılan Tübbə (qədim Yəmən hökmdarları “tübbə” və “əqyal” titulları daşıyırdılar) qədim fars hökmdarı Puştəsbin və onun oğlu Ərdəşir Bəhmənin müasiri idi. O, ətraf ərazilərə yürüşlərinin birində əvvəlcə Mosula, sonra Azərbaycana doğru hərəkət etdi. Tübbə Azərbaycanda türklərlə qarşılaşaraq onları məğlub etdi və çoxlu əsir alaraq geri qayıtdı (18, 3). Ərdəşir Bəhmənə gəldikdə isə o, mənbələrin verdiyi məlumata görə, I Daranın atası idi.

Zənnimizcə, bu inkaredilməz faktdır və ərəblərin hücumları ərəfəsində və onların hakimiyyəti dövründə Azərbaycan əhalisinin əsasən, türklərdən ibarət olduğunu birmənalı şəkildə sübut edir. Ərəb və farsdilli mənbələrdə eləcə də, Suriya mənbələrində “Azərbaycanın hər hansı bir digər etnosun əlində olması” haqqında heç bir fakta rast gəlmirik.

Qeyd etmək lazımdır ki, Yəmən sərkərdəsi tərəfindən Azərbaycanda iki daş üzərində kitabə həkk etdirilməsi haqqında məlumata digər ərəb mənbələrində də rast gəlinir. Həmin faktı təsdiq edən demək olar ki, bütün ərəbdilli müəlliflər xüsusi olaraq qeyd edirlər ki, Azərbaycan indi də türklərin əlindədir.

Ət-Təbəri Babəklə bağlı hadisələrdən danışarkən yenə türkmənşəli əhalidən bəhs etmişdir. O yazır ki, h.221-ci (835-ci) ildə Babəkin əsas sərkərdələrindən biri olan Tarxanın Babəkdən icazə alıb Marağa nahiyəsindəki kəndinə getdiyini öyrənən Afşin Marağada yaşayan bir türkə Tarxanı öldürmək haqqında göstəriş verdi. Həmin türk isə Afşinin tapşırığını yerinə yetirərək onun kəsilmiş başını Afşinə göndərmişdi (19, 317). Tarxan adının türkmənşəli olmasını da xatırlatmaq yerinə düşərdi.

Beləliklə, ət-Təbərinin Ərəb xilafətinin tarixinə həsr olunmuş əsərində Azərbaycan ölkəsi və onun yerli sakinləri olan türklər haqqında bir sıra maraqlı faktlara rast gəlinir.

Ət-Təbərinin əsərindən və digər yazılı mənbələrdən əldə olunan məlumatlara əsasən, Azərbaycan türklərinin köklərini Azərbaycanın özündə axtarmaq lazımdır. Azərbaycan türklərinin əcdadları bu bölgənin qədim sakinləri olmuş və digər türkdilli tayfaların gəlişi ilə tarix boyu onların dil və mədəniyyəti bir-birinə qarışmış, inkişaf etmiş və nəhayət, bu günkü formaya gəlib çıxmışdır. Azərbaycan türk dilinin formalaşması və qələbəsi ölkə əhalisinin böyük əksəriyyətinin əsrlər boyu türk dilində danışması və türk dillərində danışan ətraf aləmlə sıx əlaqələri ilə izah edilməlidir. Başqa sözlə, Azərbaycan-türk dili birdən-birə yaranmamış və böyük bir regionda hakim dilə çevrilməmişdir. Bu tarixi proseslərin qanunauyğun nəticəsi idi və yalnız Azərbaycan torpaqlarının qədim dövrlərdən türklər və türkmənşəli xalqlar tərəfindən məskunlaşması ilə izah edilməlidir.

 

 

ƏDƏBİYYAT:

 

1. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: “Elm”, 1989, 334 s.

2. Şeşen R. Müslümanlarda tarih-coğrafiya yazıçılığı. İstanbul. 1998. 451 s.

3. Bahb bin Munəbbih. Kitab ət-tican fi muluki Himyər. Səna. 1979, 506 s.

4. Əbu Məhəmməd əl-Həsən əl-Həmədani. Əl-İklil. əl-cuz əs-səmin. Səna. 268 s.

5. Nəşvan bin Səid əl-Himyəri. Muluk Himyər va əqyalu-l-Yəmən. Beyrut. 1978, 238s.

6. Ət-Təbəri. Tarix ər-rusul va-l-müluk. Azərbaycanın VII-IX əsrlər tarixinə dair çıxarışlar. Ərəbcədən tərcümə edəni, ön söz, qeyd və şərhlərin müəllifi Cabir İsgəndərli / Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə dair materiallar. Bakı: Nurlan, 2005. s. 101-148.

7. Kitab surət əl-ard, təlif Əbu-l-Qasim ibn Hovqəl əl-Nəsibi, Əl-təbət əs-saniyə, əl-qism əl-sani, təbə fi mədinət Leyden bimətbət Bril, sənə 1939.

8. Kitab surət əl-ard, təlif Əbu-l-Qasim ibn Hovqəl əl-Nəsibi, Əl-təbət əs-saniyə, əl-qism əl-əvvəl, təbə fi mədinət Leyden bimətbət Bril, sənə 1939.

9. Əl-Yəqubi. Kitab əl-buldan. Leyden, 1860, 159 s.

10. Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1993, 157 s.

11. Oder K. Azerbaycan. İstanbul: 1982, 180 s.

12. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk, İsnə aşar cuz. Əl-Qahirə, əl-mətbət əl-Hüseyniyyə, əl-cuz əs-sabi, 283 s.

13. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk, İsnə aşar cuz. Əl-Qahirə, əl-mətbət əl-Hüseyniyyə, əl-cuz əs-səmin, 301 s.

14. 148. Асадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку: Элм, 1993, 202 с.

15. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk, İsnə aşar cuz. Əl-Qahirə, əl-mətbət əl-Hüseyniyyə, əl-cuz ər-rabi, 584 s.

16. Bələmi Əbu Əli Məhəmməd. Tarix-e Bələmi. Tehran 1353.

17. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk, İsnə aşar cuz. Əl-Qahirə, əl-mətbət əl-Hüseyniyyə, əl-cuz əl-əvvəl, 305 s.

18. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk, İsnə aşar cuz. Əl-Qahirə, əl-mətbət əl-Hüseyniyyə, əl-cuz əs-səni, 300 s.

19. Ət-Təbəri. Tarix ər-rusul va-l-muluk, İsnə aşar cuz. Əl-Qahirə, əl-mətbət əl-Hüseyniyyə, əl-cuz əl-aşər, 301 s.

 

BIR CAVAB BURAXIN