ƏSLİNDƏ İXTİSASCA HƏKİMƏM

0
840

Müsahibim maraqlı sima, maraqlı insan, günün çox hissəsini işinə həsr edən çalışqan aktyor və ssenarist Kənan Yusifdir. Üzümüzdə təbəssüm yaratmağa çalışan tanınmış aktyoru yaxından tanıyaq.

 

Kənan bəy, necəsiniz? Hazırda hansı yeniliklər üzərində çalışırsınız?

 

– Salam, təşəkkür edirəm Günay xanım, çox sağ olun. Hazırda yeniliklər var, təbii ki, cizgi film çəkirik inşallah, 3d cizgi film olacaq, tammetrajlı. Və bir film üzərində işləyirik, ssenarisi üzərində çalışırıq. Əslində iş doğurdan da çoxdur, hətta o qədər çoxdur ki, indi eləsi var ki, heç yadıma da düşmür. Bir də biz son vaxtlar reklam filmləri də çəkirik “Senat production” olaraq.

 

“Senat Production” kimə məxsusdur?

 

– Hamımıza məxsusdur, yəni qurum olaraq yaratmışıq.

 

İnşallah yaxşı olacağına əminəm, uğurlar arzulayıram. Neçə yaşınız var?

 

– Mən 1987-ci il təvəllüdəm, qoca kişiyəm. İndi 31 yaşım var mənim.

 

31 gənc yaş dövrüdür, elə də qoca deməzdim mən. Amma ki, bu günə qədər də müəyyən işlər görmüsünüz, bu qədər uğurlar qazanmısınız. Belə deyək, bəs  mənəvi-psixoloji sıxıntı keçirəndə nədə özünüzü tapırsınız?

 

– 30-u keçəndə gənc olmur insan artıq. Vallah açığı psixoloji gərginlik məndə son illər yaranıb, ümumiyyətlə, əsəblə də bağlı narahatçılıqlarım var. Yəni çox hirslənməkdən dolayı. Özümü tapıram bir çox şeylərdə, yəni həmin ki, durumdan asılıdır hər şey musiqidə olur, təbiətdə olur.

 

Bu işlə məşğul olmasaydınız, hansı işlə məşğul olardınız?

 

– Əslində mən belə deyim, diplom olaraq, ixtisasca həkiməm. Kliniki həkim, laborant ixtisası. Amma gənc yaşlarımdan KVN-lə məşğul idim deyə, həyat gətirdi bura çıxartdı. Əslində mən buranı istəyirdim, evdə bir az narahatçılıq olmuşdu. İncəsənət universitetinə getmək istədim, qoymadılar, ancaq tale yenə gətirib bura çıxartdı.

 

O zaman, ixtisasınıza uyğun olaraq həkim gözüylə baxdınız və düşündünüz ki, ürəyim istəyən sahəni seçim.

 

– Bu sahənin çətinliyi çox olur, ilk başlardan ümumiyyətlə, maddi problemlərindən tutmuş, bir çox problemə qədər. Sevməsən bu işlə çox gedə bilməzsən.

 

Bəs uğurunuzun təməl nöqtəsi nədə dayanır, yəni nədən ilhamlanırsınız?

 

– Nədən ilhamlanıram? Yəqin ki, istedadımdan. Bilmirəm, yəni belə tam olaraq ilhamlandığım özgüvən ola bilər, böyük deyil, ancaq normaldır.

 

İncidiyiniz dostunuz varmı?

 

– Vallah, bilirsiniz, elə adamam ki, çox dava-şava adamı deyiləm. Lap pik nöqtəyə çatdırmasa heç kim, heç kimlə də münasibət qırmaram. İnciyəndə çox vaxt demirəm. Nənələrimiz demiş, “içimə salıram”. İçəri salmaq, fikir çəkmək təbii ki, yaxşı hal deyil, ancaq mən dava-şava admı deyiləm. Çox vaxt da tez bağışlayıram adamları, kin saxlamaq yoxdur məndə.

 

Hirslənəndə təqribi nə qədər çəkir kininiz, əsəbiniz, 5 dəqiqəmi, bir saatmı, günlərləmi?

 

– Çox güclü əsəbiləşə bilirəm, amma çox uzun çəkmir. Yəni insanlar var ki, az hirslənir və uzun müddətli davam edir, amma məndə çox az davam edir və xüsusi olaraq da əsəb kifayət qədər güclü olur.

 

Qeyd etdiniz ki, seçdiyiniz sənətə görə evdə narazıçılıq vardı . Heç təkid olunurdunuzmu ki, biz istəmirik sən aktyor olasan?

 

– Hər halda bizdə, bizim nəsildən artist, aktyor çıxmayıb kimi söhbətlər hamıda olur. Bəli, bu cür söhbətlər var idi, ancaq onu da deyim ki, belə qəddarcasına olmadı. Narazıçılıq vardı açığı, ancaq 16 yaşımda, lap məktəb vaxtlarımdan həvəsim olub, həmin yaşlarda heç insan özü bilmir nə istəyir. Məktəb vaxtı bütün tədbirlərin aparıcısı olurdum, bütün tədbirlərdə aktyor olurdum, nəsə bir hiss var idi içimdə. İnstitutun birinci kursunda artıq KVN komandasında oynayırdım, sonra kapitan oldum, Azərbaycan çempionatında ssenarist oldum. Sonra bir oyunda məni gördülər, çağırdılar işləməyə.

 

Xaricilərin filmoqrafiyası ilə bizim filmlər arasında olan fərqi nədə görürsünüz? Nələr çatışmır?

 

– Film sahəsindən danışırıqsa, film sahəsində kifayət qədər çatışmayan şey var. O da tək istedadlardan asılı deyil, ölkədə yetəri qədər istedadlı insanlar çoxdur. İstər ssenarist olsun, istər aktyor, istər rejissor. Film kommersiyadır, bazardır, bu bazarda da müştəri olmalıdır. Məsəlçün, götürək bizim ölkəmizin əhali sayı ilə Türkiyənin əhali sayını. “Prokata” çıxan filmə heç cürə çox büdcə qoyula bilməz, çünki insan azdır, yəni filmi kommersiya məqsədilə satdığımız adam azdı. Bizdə kinoteatra film izləməyə gedən kütlənin sayı təkcə “Bozbas pictures” 150 minə, “Qız qaçırtma” filmi 100 minə çatıb, 150 mini keçən olmayıb. Film də biznesdir, pulu buraya buraxan adam fikirləşir ki, bu filmə bu qədər pul buraxsam, biletlər filan qiymətdən satılsa, vurur, bölür, baxır ki, bura bir milyondan artıq pul yatırmaq sərf eləmir. İnsanlar da pullarını çöldən tapmayıblar. Ancaq düşünürəm az büdcəylə də yaxşı filmlər çəkmək olar, daha da professionallaşmaq lazımdır. Düşünsək 10 il qabaq Azərbaycanda kino sektorunu və indini, görərik ki, kifayət qədər irəliləyiş olub. Və məncə müəyyən müddətdən sonra artıq Rusiyaya, Türkiyəyə, İrana çıxışlarımız da olacaq və sözsüz ki, bazar böyüdükcə inkişaf da çox olacaq.

 

Hansısa rolda özünüzü tapmısınızmı?

 

Mən özüm ssenarist olduğuma görə də çox vaxt da öz yazdıqlarımda oynamışam. Sırf mən bu obraza çox uyğun idim, bu obrazda mən özümü tapdım, elə olmayıb, Kənanın özünü oynamamışam.

 

Bəs həyatdakı Kənan Yusif necədir?

 

İnsanın şəxsi keyfiyyətləri barədə kənar qərar versə daha yaxşı olar. Çünki özü haqqında mənə elə gəlir ki, pis düşünən heç kəs yoxdur. Çox az insan olar ki, özünü pis dəyərləndirsin. Hətta elədiyi davranışlarda belə hər bir insan çalışır ki, doğru addım atsın. Belə bir söz var: “Pis adam yoxdur, sadəcə əqidəsində problem olan adam var”. İnsan səhv eləyib deyə, bu o demək deyil ki, o pis adamdır, sadəcə o adamın fikri, ideyası, əqidəsi səhv ola bilər. Belə deyim, mən də digər insanlar kimi pis adam deyiləm.

 

Sizin Xəzər televiziyasında yayımlanan “Qaynana” serialındakı Potu obrazınızı şəxsən mən sevirdim. Çox insanlarda “tema” kimi yaranmışdı bir ara:  “meyvələrdən qalmadı” sözünüz.

 

– Şəxsən o mənim ilk serial təcrübəm idi. O obraz ən sevdiyim obrazım idi, indiyə qədər də sevdiyim obraz olub. Çox rahat idim o obrazı oynayanda. Potu ümumiyyətlə, şən, həm də çox kövrək bir obraz idi. Potuda da Kənandan nəsə var idi, onun özü sevimli bir adam idi, ona görə sevirdim onu.

 

Kənardan sizi deyib-gülən, pozitiv biri kimi tanıyırlar, həyatda da bu cürsünüzmü?

 

– Bəli, deyən-gülən, zarafatcıl xasiyyətlər var məndə. Bəzən bizim tamaşaçılara elə gəlir ki, efirdə necəsənsə, həyatda da tam olaraq elə olmalısan, təbii ki, elə deyil.  Pozitiv biriyəm, yeri gəldikcə də ciddi oluram.

 

Ciddiləşəndə qorxmaq lazımdır sizdən?

 

– Baxır nəyə görə ciddiləşmişəm. Ciddi ilə əsəbilik arasında fərq var. Ancaq əyləncəli adamam, komiklik də olur.

 

Fərqliliyiniz nədədir?

 

Ümumiyyətlə, sənət adamlarında fərqlilik var. Bütün günü başqa-başqa adamların obrazına girir, ona görə də heç cürə adi ola bilməz. Psixologiyaları fərqli olur aktyorların da, şairlərin də. Sənət adamları hal əhli olurlar, onlara bəzi şeyləri keçmək lazımdır.

 

Deyirlər ki, azərbaycanlılar şeir sevən xalqdır. Bizim millətin içində elə bir insan yoxdur ki, ələlxüsus da incəsənətə meylli olan insan ömründə bircə dəfə də olsun şeir yazmasın.

 

– Mən də vaxtilə şeir  yazmışam, hətta sonralar da yazmışam. Ancaq onlara şeir yox, cızma-qaralar deyərdim. Açığı yadımda qalan yoxdur. Şairlərin yanında yazıram demək düzgün çıxmaz, necə ki, mənim yanımda deyirlər, mənim bir ssenarim var. Bilirsən ki, yəni bu, o deyil də. Hər kəs elə bilir ki, oturdun yazdın, bu da oldu ssenari. Halbuki bu işin prinsipi var, sistemi, vərdişi, bir çox nüansları da var. Yəqin ki, şeiriyyatda da elədir. Məktəb yaşında insana elə bir enerji gəlir ki, gah şair olursan, gah müğənni, gah da aktyor. Ona görə də ailədə aktyor olmaq istəyim keçici həvəs kimi qəbul olunmuşdu, çünki uşaqlıqda məşhurluğa meyllilik olur. Sadəcə sənətin özünə gələndə görürsən ki, asan və çətin tərəfləri var. Ümumiyyətlə, insanı həyatda iki şeydir xoşbəxt edən, birincisi sevdiyi işlə məşğul olmaq, ikincisi sevdiyilə ailə həyatı qurmaq.

Müəllif: Günay Fuadqızı

BIR CAVAB BURAXIN