Seyidxanım Hüseynova 2 il əvvəl həyat yoldaşından boşanıb. Amma nə biləydi ki, ailəsi dağılmaqla bərabər, daha böyük problemlərlə üzləşəcək.
Onun sözlərinə görə, İlkin və Elgün adlı övladlarının 8 ay onunla qalması həyat yoldaşı Rasim Yüseynovu qıcıqlandırıb.
Məhkəməyə müraciət edərək, guya onun uşaqlara işgəncə verdiyini, döydüyünü bildirərək valideynlik hüququndan məhrum etdirib. Həm də məhkəmədə Seyidxanımın özü iştirak etmədən. Məhkəmənin qərarını isə anaya çox gec təqdim ediblər.
Keçən ilin aprelindən 7 və 8 yaşlı İlkinlə Elgünün üzünü görmür. Heç hansı internat məktəbində oxuduqlarını da bilmir. Yeganə təsəllisi böyük oğlunun telefonunda qalan şəklinə baxmaq və ağlamaqdır.
Məsələni vəkil Asif Abdullayevlə müzakirə etdik. Deyir ki, Seyidxanım Hüseynova vaxtında məhkəmə qərarından tez xəbər tutsaydı, növbəti instansiyaya müraciət edərək uşaqları incitmədiyini, normal həyat tərzi keçirdiyini sübut edə bilərdi.
Amma indi də gec deyil. Seyidxanım valideynlik hüququnu bərpa edə, övladlarına qovuşa bilər. Bunun üçün yenidən məhkəməyə müraciət etmək, ailə üzvləri-qonşuları şahid qismində dəvət edərək əsl analıq borcunu yerinə yetirmək potensialında olduğunu sübut etmək lazımdır.
İndi Seyidxanım vəkilin dediklərinə əməl etməli və yenidən məhkəməyə müraciət etməlidir. (“Xəzər TV”)