“Ərdoğanın Qarabağa hər gəlişində İranın sərhəddəki hərbi təlimləri Türk birliyinə təhdiddir” – AY Partiya başqanı

0
1048
“İranın Azərbaycana münasibətdə tək səmimiyyəti onun qeyri-səmimiliyidir”.
Bu sözləri İranda baş verən olayları, bu ölkənin hərbi qüvvələrinin Azərbaycanla sərhəddə keçirdiyi təlimləri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılışına qatılmaq məqsədilə Azərbaycana növbəti səfəri ilə bağlı məsələlərə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Qaynarinfo-ya müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik:
– Anar bəy, Rusiya-Ukrayna müharibəsində artıq yeni fazalar müşahidə olunur. Belə ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Həmçinin, Ağ Ev bəyan edib ki, Rusiya Ukraynada davam edən müharibə üçün İrandan yüzlərlə Pilotsuz Uçuş Aparatı (PUA), o cümlədən zərbə tipli PUA-lar əldə almaq niyyətindədir. Ukrayna Silahlı Qüvvələri isə Rusiya Federasiyasının atdığı İran istehsalı olan “Şahed-136” kamikadze PUA-larının azı 85%-ni vurduğunu açıqlayıb. İran PUA-ları ilə Ukraynadakı dinc əhalinin vurulması beynəlxalq cinayət sayılmalıdırmı və bu fonda İrana hansısa sanksiyalar tətbiq olunmalıdırmı?
– Ukraynada baş verənlər, əlbəttə, bizi çox narahat edir və savaşın ilk günlərindən istər rəsmi səviyyədə, istərsə də cəmiyyət olaraq Ukrayna xalqının haqlı davasında yanındayıq. Lakin heç şübhə doğurmur ki, Ukraynada hazırda sadəcə qanlı müharibə getmir. Eyni zamanda illərdir bir-birinə qarşı olan geosiyasi qütblərin ideoloji və psixoloji davası hökm sürür. Rəsmi Tehran və Moskva İrana aid silahlı pilotsuz uçuş aparatlarının (PUA) Ukraynada istifadə olunduğunu hər vəchlə inkar edir. Eyni israrla da Qərb və Ukrayna hərbi-siyasi dairələri bu PUA-ların varlığını isbat edən çoxsaylı faktları ortaya qoyurlar. İran və Rusiyanın bu gün eyni qütbdə birlikdə dayanması müvəqqətidir. Çünki öz aralarında bir çox məsələdə anlaşa bilməyən bu iki ölkənin “dostluğu” uzun sürə bilməz. Xüsusilə qeyd edək ki, ötən il İranın yeni təyin olunan xarici işlər nazirinin Moskvaya səfərində sırf Zəngəzur dəhlizi ilə bağlı açıq təhdidedici narahatlığına rəsmi Moskva əhəmiyyət vermədi və o məsələdə Tehranla eyni mövqeni bölüşmədiyini açıq ortaya qoymuşdu. Əslində İran qütblərin qlobal miqyasda gedən savaşında hələlik öz yerini müəyyənləşdirməyib.
Ukraynada dinc əhalinin PUA-larla vurulmasına gəlincə, bu, bütünlüklə Rusiyanın vicdanına və hüquqi baxımdan törətdiyi hərbi cinayətlərin sırasına yazılacaq cinayətdir. Təsadüfi deyil ki, bu günlərdə Rusiya beynəlxalq miqyasda, onu idarə edənlərlə birlikdə terroru dəstəkləyən, terrora rəvac verən ölkə kimi sanksiyalaşdırıldı. Bütün bunlar atılacaq daha sərt addımlar üçün həm də bir beynəlxalq siyasi zəmin və şərait hazırlamaqdır. Beynəlxalq hərbi-siyasi təhqiqatın gedişində məlum PUA-lar İran istehsalı olması sübug olunarsa, əlbəttə, müəyyən sanksiyalar qaçılmaz olacaq.
Ümumilikdə prosesləri diqqətlə izləyəndə görürük ki, qardaş Türkiyə hazırda öz milli və strateji, eyni zamanda bölgəsəl maraqlarını əldə rəhbər tutaraq rəsmi Moskva ilə normal münasibət saxlayan ölkə kimi, haqsız müharibədə Rusiyaya silah satmadı. Əksinə bütün siyasi platformalarda Ukrayna ərazilərinin işğalını qınadı, sülhün və barışın yalnız Ukraynanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmaqla yarana biləcəyi mövqeyində israrlıdır. Yəni beynəlxalq hüquq var və bu hüquqa hörmət etmək, bu hüququn işləməsini təmin  etmək hər bir ölkədən tələb olunur. Gizli və ya açıq terrorçuluğu illərdir dəstəkləyən bir ölkə kimi İran üçün bu gün də gizli silah satmaq aşa bilməyəcəyi əngəl deyil. Bunu uzun illərdir edib, bu gün də edə bilər. İndi elə bir çağda yaşayırıq ki, hər hansı informasiyanı uzun müddət gizli saxlamaq mümkün deyil, bu mənada İranın inkarçı mövqeyi kimsəni qane edə bilməz.
– Sizcə, Qərblə danışıqların rəvan getmədiyi indiki şəraitdə İran daha çox nəyə nail olmağa çalışır? 
–  Son vaxtlar Qərbin daha cox küncə sıxışdırdığı İran nüvə zənginləşdirməsi prosesini intensivləşdirməklə,  sanki ABŞ və Avropaya meydan oxumaqda davam edir. Uzun illərdir ki, Qərbin sanksiyaları altında əzilən rəsmi Tehranın Rusiya ilə əlaqələri daha sıx tutmaqda məqsədi bir tərəfdən embarqolardan qorxmadığını göstərməkdirsə, digər tərəfdən alternativlərinin olduğunu nümayiş etdirməkdir. Ən son Rusiya prezidenti Vladimir Putinin İrana səfərindən çıxan nəticə də məhz bunu deməyə əsas verir. Hazırda İrana məxsus silahlı pilotsuz uçuş aparatları Ukrayna səmalarında mülki və hərbi obyektlər üçün əsas təhdid yaradan silaha çevrilib. Bunun qarşılığında heç şübhə yoxdur ki, Moskva İranın nüvə zənginləşdirməsindən ötrü ona lazım olan elementləri təmin edir. Baxmayaraq ki, uzaq perspektivdə İranın nüvə bombası əldə etməsi regional təhlükəsizlik nöqteyi-nəzərindən heç Rusiya isteblişmentinin də isti baxmadığı məsələdir. Təbii, burada son vaxtlar rəsmi Moskva üçün münasibətləri daha yeni mərhələyə yönəldən Ankaranın da məsələlərə baxış bucağı önəm kəsb edir. Ümumiyyətlə, 200 ildən sonra Cənubi Qafqaza daxil olan Türkiyənin son vaxtlar yeritdiyi xarici siyasət və əsasən də prezident Rəcəb Tayyip Ərdoğanın timsalında Türk Dövlətləri Təşkilatı çərçivəsində verilən mesajlar, atılan addımlar rəsmi Tehranı narahat etməyə başlayıb. Bölgədə vəziyyətin gərginləşməməsi, çoxdan ehtiyac duyulan davamlı sabitliyin, sülhün, barışın, iqtisadi canlanmanın olmasından ötrü irəli sürülən “6-lıq” formatına qoşulmaq yerinə, İranın bütün dünyanın hiddəti ilə üzləşmiş Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə alət olması, Rusiyaya bu işğalçılıqda kömək etməyə qalxması, əlbəttə ona qarşı beynəlxalq hüququn imkan verdiyi səviyyədə cəzalar tətbiq olunacağına səbəblər yaradır.
 Bu gün Rusiya beynəlxalq hüququ pozursa, şəhərləri, qəsəbə və kəndləri, yolları bombalayaraq viran qoyursa, mülki insanlar bu raket atəşləri altında ölürsə, avtomatik olaraq bütün bunlar Cenevrə Konvensiyasının müddəalarının pozulmasıdır. Belə bir prosesdə İran tükənməkdə olan Rusiya silah arsenalının tamamlanmasına bu qədər açıq formada səy göstərirsə, deməli, müvafiq beynəlxalq qanunvericiliyin pozulmasında İran da iştirak etmiş sayılır. Bu mənada İrana daha kəskin və konkret sanksiyaların tətbiqi istisna olunmur. Burada İranın Qərbi müəyyən mənada şantaj etməsi və fakt qarşısında qoyması da sezilir. Ola bilsin ki, rəsmi Tehran Ukrayna-Rusiya müharibəsində Moskvaya hərbi dəstək verməklə, Qərbin ona qarşı olan münasibətini konkretləşdirməyə və nüvə danışıqları fonunda sanksiyalarla bağlı daha ciddi yumşaldıcı qərarların alınmasına təhrik etməyə çalışır. Ancaq Tehran sanki qaş düzəltdiyi yerdə vurub göz çıxarır. Dünyaya guya onun da qlobal miqyasda nüfuz qazana biləcək hərbi təyinatlı dronlar, PUA-lar yaradıb sata biləcəyi havasını atmağa çalışsa da, Ukraya Silahlı Qüvvələrinin (SQ) bununla bağlı son açıqlaması işin bu tərəfini də fiaskoya uğradıb.
 Ukrayna SQ məlumat verib ki, Rusiyanın İrandan alıb Ukrayna səmalarında istifadə etdiyi silahlı pilotsuz uçuş aparatlarının 85 faizini hava hücumundan müdafiə qüvvələri zərərsizləşdirib. Bu isə o deməkdir ki, İran PUA-ları keyfiyyət etibarilə dünya standartlarından çox geri qalır. İran hər nə qədər atom bombası əldə etməyin yalnız barışı təmin etmək məqsədi güddüyünü iddia etə də, Qərb Tehranın bu məramına inanmır. Ən son BMT-nin Beynəlxalq Atom Enerjisi Təşkilatının verdiyi məlumata görə, İran hazırda 60 faizə qədər zənginləşdirilmiş 43 kq uran sahibdir. Bu miqdar isə İran dövləti silah istehsal etmək qərarı versə, nüvə silahı üçün yetərli parçalana bilən material deməkdir. Qərbi ən çox da narahat edən budur. Son vaxtlar İranda xalq ayaqlanması və bu prosesin hələ də davam etməsi fonunda Qərbin İranı daha sərt sanksiyalarla cəzalandırmağa hazırlaşması arasında da bir paralellik aparmaq olar. Bütün səviyyələrdə dünyadan qopmuş, terrorçu dövlət elan edilmiş Rusiya ilə çiyin-çiyinə dayanmaqla mütərəqqi beynəlxalq güc mərkəzləri ilə münasibətlərin korlanmasını, davakar ritorikanı istəyən daha çox rəsmi Tehrandır və bu perspektiv bölgəyə yaxşı heç nə vəd eləmir.
 
-Rusiyanın işğalçılıq siyasətində İranın dəstəyini və İranın ermənipərəst mövqeyini nəzərə alsaq, bu iki ölkənin yaxınlaşması gələcəkdə Azərbaycan üçün də hansısa təhlükə yarada bilərmi?
–  Azərbaycan coğrafi olaraq, elə əlverişli yerdədir ki, istər-istəməz qonşuları Rusiya və İranın Qərblə münasibətlərdə manevr imkanlarını daraldır və daha çox pozur. Çünki qlobal miqyasda enerji təhlükəsizliyi siyasətin əsas tərkib hissəsidir və neft-qaz ölkəsi olaraq Azərbaycan bu siyasətdə özünəməxsus əhəmiyyəti ilə son dövrlər qlobal güc mərkəzlərinin maraq dairəsindədir. Xüsusilə Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarının Qərb bazarlarına çıxarılmasından ötrü Azərbaycanın hərbi-siyasi müttəfiqi Türkiyə ilə birlikdə reallaşdırdığı BTC, TAP, TANAP layihələri respublikamızı qonşuluğundakı imperialist ölkələrin hədəfinə gətirir. Həm Tehran, həm də Moskva anlamalıdır ki, artıq tarix 200 il əvvəlki tarix deyil və Azərbaycan müstəqil ölkə kimi öz xarici siyasətini, beynəlxalq münasibətlərini özü müəyyənləşdirir. Xüsusilə 2020-ci ildə tarixi zəfərlə bitən Vətən Müharibəsində torpaqlarının 30 il davam edən işğalına son qoyan Azərbaycanla münasibətdə hər iki ölkə ehtiyatlı olmalı və köhnə stereotiplərdən uzaq durmalıdırlar.
 Bir vacib məsələni də xüsusi vurğulayaq ki, ümumiyyətlə, hansısa dövlətlərin, qonşuluğumuzdakı Rusiya və İran isteblişmentinin də Azərbaycanı sevmələrinin, bizimlə dost olmalarının qayğısını çəkmək kimi bir narahatlığımız olmamalıdır. Siyasəti maraqlar formalaşdırır və məsələyə bu konteksdən yanaşmalıyıq. Kimsə bizi düşmən hesab edəcəksə, artıqlaması ilə cavabını alacaq və bu müqaviməti təşkil etməyə Azərbaycan dövlətinin kifayət qədər rıçaqları var. Azərbaycan rəsmiləri dəfələrlə müxtəlif geosiyasi və geoiqtisadi platformalarda qonşuları ilə bərabərhüquqlu mehriban münasibətlərin, tərəfdaşlıqların qurulmasında maraqlı olduğunu ifadə edib və indi də bu xətt davam etdirilir. Əgər təhlükələr olacaqsa, bunu aşmaq üçün istər diplomatik, istərsə də hərbi-siyasi planda imkanlarımız hər zaman var. Qardaş Türkiyənin bu müddətdə Azərbaycan üçün əhəmiyyəti xüsusi vurğulanmalıdır. Türkiyənin regionda artan nüfuzu bu təhlükələrin təsirini minimallaşdıran başlıca faktordur. Türk dövlətlərinin birgə fəaliyyəti, böyük bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatının bu planda fəaliyyətinin daha çoxşaxəli və çoxtərəfli olması, həmçinin gələcəyə yönəlik istər iqtisadi, istər hərbi-siyasi müttəfiqlik səviyyəsinə qədər inkişaf etdiriləcək birgə əməkdaşlığa dair fəaliyyət Cənubi Qafqaz və Xəzər hövzəsinin açar ölkəsi olan Azərbaycan üçün bütün təhlükələrin təsir gücünü azaldır.
– Azərbaycanın İranla sərhəd rayonların iqtisadi inkişafı istiqamətində mühüm layihələr həyata keçirməsi rəsmi Tehranı nə üçün narahat edir?
– Tehranın narahatlığının tarixi-siyasi, eyni zamanda bölgənin milli kimlik çoxluğundan qaynaqlanan əsasları var. İranın teokratik fars-molla rejimi heç vaxt qonşuluğunda Azərbaycan adında bir müstəqil dövlətin mövcudluğunu həzm edə bilməyib. Əhalisinin yarısı Azərbaycan türkü olan bir ölkədən danışırıq. Bu mənada İran bizi özünün dövlət kimi varlığına təhlükə sayır. Zəngəzur dəhlizinin açılması perspektivi və sərhədyanı bölgələrin Azərbaycanın sərhəd qoşunlarının nəzarətinə keçdikdən sonra iqtisadi cəhətdən inkişafı, əhalinin tədricən bu ərazilərə yerləşdirilməsi, sərhədyanı bölgələrə həyatın qayıtması İranın son 30 ildə həmin bölgələrdən narkotik ticarəti, qanunsuz silah alveri kimi zərərli işlərinin qarşısını almağa başlayıb. Bir məsələni də əlavə edim, sizin ilk sualınızda İrana sanksiyalardan bəhs etmişdiniz. İran illərdir ağır sanksiyaların tətbiq olunduğu ölkədir. Bu mənada İran iqtisadiyyatının qeyri-qanuni silah və narkotik alverindən bəhrələnməsi adi hala çevrilmişdi. İndi bu imkanlar məhdudlaşdıqca Tehran daha çox qıcıqlanır. Ümumiyyətlə, Azərbaycan hökuməti 30 il işğal altında qalmış İranla sərhədyanı ərazilərimizlə bağlı iqtisadi siyasətində kifayət qədər həssas olmalıdır. Qətiyyən bu bölgələrdə yaşayan və gələcəkdə işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürüləcək əhalinin molla rejiminin zərərli təsir dairəsinə düşməsinə yol vermək olmaz.
Azərbaycana daim müxtəlif formalarda problemlər yaratmaq kimi plan-proqrama malik olan İranla sərhəd rayonlarımızın iqtisadi cəhətdən inkişafı, müasir aqrar proqramların işə salınması, bölgənin kənd təsərrüfatı potensialını açacaq daha yenilikçi, məhsuldar sistemini qurmaqda ləngiməməliyik. Ümumiyyətlə, sərhədlərimizin möhkəmləndirilməsi, türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində həmin sərhədboyu ərazilərdə mütəmadi birgə hərbi təlimlərin keçirilməsi, dövlətlər arasındakı birliyin siyasi-iqtisadi planda da özünü göstərməsini İran isteblişmenti varlığı üçün gerçək bir təhlükə sayır. Bu bir tarixi-siyasi faktdır ki, İranda 40 miliyona yaxın insan “Mən türkəm” hayqırır, Azərbaycan və Türkiyə bayraqlarını hər fürsətdə başları üzərində əsdirirlər. Təbii olaraq da İranın fars-molla rejimi bundan təşviş keçirir. Hesab edir ki, Türkiyə və Azərbaycanın bölgədə həyatın bütün zəruri sahələrində ciddi inkişafa nail olması, güclənməsi İran vətəndaşı olan Azərbaycan türklərinin milli özünüdərki və müstəqillik uğrunda mübarizəsi üçün əlavə ilham mənbəyinə çevrilər. Ruhlanan xalqlar sonda İrandakı teokratik rejimin sonunu gətirə bilər ki, son vaxtlar İranda baş verən hadisələr bunu bir daha ortaya qoydu. Özünü İslam dövləti hesab edən, müsəlman çoxluğa malik həm Azərbycana, həm də Türkiyəyə dost olmayan münasibət sərgiləyən İranı bu iki türk dövlətinin güclənməsi, bütün istiqamətlərdə birgə addımlaması,  bölgədə əsas söz sahibinə çevrilməsi rahatsız edir.
 
-Ötən il Füzuli aeroportu açılan ərəfədə İran Azərbaycanla sərhədə hərbi texnika yığdı. Bu gün isə Zəngilan Beynəlxalq Hava Limanının açılış ərəfəsidir. Füzuli aeroportunun açılışında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Zəngilan hava limanının açılışında da onun iştirakı gözlənilir. Azərbaycanın öz ərazisində həyata keçirdiyi proseslər İranın əleyhinə olmasa da, rəsmi Tehranın qıcıq olması açıq şəkildə özünü göstərir. Sizcə, İranın məhz aeroport açılışları ərəfəsində Azərbaycanla sərhədə hərbi texnika yığmasını bir mesaj və ya təhdid kimi qəbul etmək olarmı?
– Zəngilan hava limanı Füzuli hava limanından sonra İranla sərhədyanı zonada açılan ikinci hava limanıdır. Bunun əhəmiyyəti  sadəcə sərnişindaşımaları üçün yeni xidmət növünün yaradılması ilə məhdudlaşa bilməz. Müasir nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması bölgəyə yeni investisiyaların gəlməsini təşvfiq edən əsas amildir. Çünki qlobal miqyasda fəaliyyət göstərən investisiya mərkəzləri yatırım edəcəkləri bölgələrdə magistral yolların, dəmir yollarının, eyni zamanda daha sürətli daşımalara imkan verən hava-nəqliyyatı insfrastrukturunun olub-olmamasına diqqət edərlər. Limanların işləməsi, uçuşların başlaması o deməkdir ki, müharibə artıq başa çatıb, təhlükə sovuşub, bölgədə yenidənqurma və bərpa işlərinə start verilib, maraqlı olan dairələr buyurub yatırımlarını edə bilər. Bu mənada istər Füzulidəki, istər açılışı olacaq Zəngilan hava limanının əhəmiyyəti çox böyükdür. Digər tərəfdən, hava limanı ölkənin poçt, rabitə-əlaqələndirmə kimi strateji hədəflərini yerinə yetirən vasitələrdən biridir. Turizmin bölgəyə ayaq açması üçün hava limanları iş adamlarına əlavə bir stimul yaradır. Bunlardan da vacibi limanların həm də hərbi əhəmiyyətidir. Hər nə qədər də bölgəyə davamlı sabitliyin, təhlükəsizliyin, sülhün gələcəyini arzulasaq da, hər bir dövlət regional və qlobal miqyasda baş verəcək geosiyasi kataklizmlərə hazır olmalıdır. Hərbi-hava qüvvələrimizin, xüsusilə PUA-ların daha rahat və çevik idarə olunması baxımından mürəkkəb coğrafi şəraitə malik ərazilərimizdə, xüsusilə Zəngilan və Laçında hava limanı infrastrukturunun mövcudluğu vacib amil idi. Zəngilandakı isə ötən il Füzulidə açılan hava limanı ilə birlikdə İranla sərhədyanı bölgədə açılan ikinci hava limanıdır. Yəni strateji hədəf və vasitənin ikisini İranla sərhəddə açırıq və hər ikisinin açılışına da qardaş ölkənin Prezidenti Rəcəp Tayyip Ərdoğan gəlir. Bu, son dərəcə mühüm bir əlamətdir. Dosta güvən, düşmənə gözdağıdır! Türkiyə Prezidentinin gəlişi heç şübhəsiz, həm də bir siyasi mesajdır. Bu mesajdan hər ölkəyə bir pay var. İran sərhədə qoşun yığmaqla bölgədə baş verən hadisələrdən kənarda qalmaq istəmədiyini, bir növ öz payını müəyyənləşdirmək üçün güc faktorundan istifadə edir. Bununla da Azərbaycana hədə-qorxu gəlmək istəyir, onu öz milli və strateji hədəflərindən çəkindirməyə çalışır. Fəqət İran bir həqiqəti unudur ki, Azərbaycan bu davada tək deyil və daha güclü, daha təsiredici silaha malikdir: Türklüyümüz!
Bu gün dünyanın bütün beyin mərkəzlərinin də bildiyi və nəzərə aldığı bir fakt odur ki, regionun əhalicə ən böyük etnik tərkibi türklərdir. Rusiya və İranı ən çox narahat edən budur. Hər iki ölkədə türk milli kimliyi əhəmiyyətli saya malikdir və bunu gözardı etmək ağılsızlıq olardı. Azərbaycan cəmiyyəti, eləcə də Türk Dövlətləri Təşkilatında birləşən digər qardaş ölkələrin cəmiyyətləri bu həqiqətin gündəmdən çıxmaması üçün bütün həlledici məsələlərdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fəaliyyəti gücləndirməlidir.
 
– Əgər İranın məqsədi Azərbaycanı qorxutmaq cəhdidirsə, bu aspektdə Azərbaycan necə davranmalıdır? İran sərhəddə apardığı təlimlərlə bağlı rəsmi bəyanat verərək, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verdiyini açıqlayıb. Əgər İran həqiqətən ölkəmizə dostluq münasibəti göstərirsə, nəyə görə məhz Azərbaycan üçün əlamətdar sayılacaq günlərdə hərbi təlimlərə başlayır? İran Azərbaycanla münasibətində nə dərəcədə səmimidir?
– İranın Azərbaycana tək səmimi yanaşması var: o da qeyri səmimiliyidir, reallıqları qəbul etməməsidir. Üzdə bir siyasət aparıb, pərdə arxasında düşmənçilik etmək mehriban qonşuluq prinsiplərinə ziddir. Əslində belə bir siyasi avantüranın aşkara çıxması daha çox işimizə yarıyır. O mənada ki, düşmənlə üz-üzə olmaq arxadan alacağımız zərbələrdən daha yaxşıdır. Tehran, Moskva, eləcə də Qərb paytaxtları artıq bölgədəki Türk dövlətləri faktorunu hər mənada nəzərə almağı öyrənməlidirlər. Bu gün TDT timsalında öz qütbümüzü yaradırıq və bundan müxtəlif güc mərkəzlərinin narahatlığı bizi həyati əhəmiyyətli hədəflərimizdən geri çəkilmək üçün əsas ola bilməz. Turan dünən xəyalı idisə, bu gün ən ciddi perspektivdir. Biz hərbi-siyasi müttəfiqlərimizlə bölgədə baş verən hadisələri daim birlikdə təhlil və koordinasiya edib, vahid mövqedən çıxış edərək münasibət sərgiləməliyik. Qardaş Türkiyə ilə imzaladığımız Azərbaycanın təhlükəsizliyinə zəmanət verən Şuşa Bəyannaməsi bu planda bizə unikal imkanlar açır. Belə bir təcrübə digər türk dövlətləri arasındakı münasibətlər üçün də örnək ola bilər. Qara Dəniz hövzəsinə, Cənubi Qafqaza, Xəzər Dənizi hövzəsinə, eləcə də Mərkəzi Asiyaya davamlı sabitlik, təhlükəsizlik, iqtisadi tərəqqi yalnız bu bölgələrdə yerləşən dövlətlərlə hesablaşmaqla mümkün olacaq. ABŞ, Çin, Rusiya kimi qüdrətli dövlətlərin qlobal miqyasda qarşıdurmasında məhv olmamaq,   İran kimi saxtakar və terrorizmi, narko-qaçaqmalçılığı, qanunsuz silah ticarətini dəstəkləyən ölkənin zaman-zaman təhdidləri ilə üz-üzə qalmamaq üçün türk dövlətlərinin birliyi, sahib olduqları coğrafiyada hakim olmaları, Qızıl Alma hədəfi, Böyük Turanın yaranması yeni çağın tələbdir. Bu tələbi gerçəkləşdirmək isə indiki məqamda bizim üzərimizə düşən ən başlıca vəzifədir.