“Gəncədə əminin öz qardaşı qızını evlənmək məqsədi ilə qaçırması xəbərini yayan qadın əvvəldən psixoloji problemli idi”. “Yeniavaz.com” xəbər verir ki, bunu “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova bildirib.
“Bunu sığınacaq rəhbəri kimi tam məsuliyyətimlə deyirəm. Çünki o bizim, yəni “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində olan sığınacaqda qalıb. Evdən getməsinin səbəbini qayınanasının ona qarşı zorakılıq etməsi ilə əlaqələndirirdi. O zaman hamilə idi”,-deyə S. Məmmədova bildirib.
Təşkilat sədri bəzi maraqlı məqamları da açıqlayıb: “Həmin qadın bizim sığınacağa gələn zaman hamilə idi. Və hamiləliyinin 6 aylıq olduğunu və bətnində 2 əkiz uşağın olduğunu deyirdi. Lakin biz onu ginekoloqa müayinə etdirdik və o zaman hamiləliyin 2 aylıq olduğu məlum oldu. Sığınacaqda qaldığı müddətdə biz onun həyat yoldaşı ilə əlaqə saxladıq və onu ofisimizə dəvət etdik. Adam zəhmətlə dolanan sakit bir insan idi. Qadın ümumiyyətlə ərindən narazı olmadığını deyirdi və bizdən xahiş edirdi ki, onu əri ilə barışdıraq. Əri yoldaşının uşaqları ilə birgə sığınacaqda qaldığını bilən kimi onlara lazım olan ərzaq və əşyaları alıb gətirdi. Elə məqamlar var ki, biz onu açıqlaya bilmərik. Çünki ailənin şəxsi həyatını ictimailəşdirmək düzgün deyildi. Əslində bu məsələni ictimailəşdirmək və TV-də bütün millətə nümayiş etdirmək ayıbdır. Bu fakt yoxlanılıbmı? Yoxsa internetdən xəbəri olmayan, televizora baxmağa vaxtı belə olmayan, ağır zəhmətlə dolanan (əri dəmir yığmaqla məşğul idi) savadsız bir insan ləkələnir? Onun şərəfi tapdalanır. Xəbər başlıqları elə cəlbedicidir ki, hadisədən dəqiq məlumatı olmayan insanlar şoka düşürlər”.
S. Məmmədova qeyd edib ki, əgər bir əmi öz qardaşı qızını qaçırıbsa, hanı bunun qız qaçırması, niyə ortada belə bir fakt yoxdur: “Gör nə gündəyik. Bir psixoloji problemi olan qadın uşaqlarının atasına şər atır və millət bunu yoxlamaq əvəzinə Gəncəli olub-olmamasını araşdırır. Gəncə və yaxud Bakı – bunun nə dəxli? İstənilən halda bu iyrənc xəbər düzgün deyil. Mən qadını tanıyıram”.
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə bildirib ki, əgər deyilənlər həqiqətdirsə və bu hadisədə qadın böhtan atırsa, kişini müdafiə edir: “Gəncədə fəaliyyət göstərən “Təmas” təşkilatı məlum hadisə ilə bağlı başqa fakt səsləndirir. Mənə maraqlıdır ki, bu xəbər efirə necə verilib. Kimdi mənbə olub bizim dəyərlərə belə zərbə vuran? Əgər qadın yalan danışırsa, cinayət məsuliyyəti daşıyır. Çünki o tək ərini deyil, bütün cəmiyyətin dəyərlər sistemini zərbə altına qoyur”.
Nicat