Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında söylədiyi fikirlər ermənilərdə qorxuya səbəb oldu.
Dövlət başçımız açılış mərasimində çıxışı zamanı Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlərin görüldüyünü bildirdi:
“Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir”.
İlham Əliyev vurğulayıb ki, bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.
“Sputnik” agentliyinin erməni xidmətinin yazdığına görə, söhbət çox güman ki, Türkiyə istehsalı olan “Qasırğa” artilleriya kompleksləri və Rusiya istehsalı olan “Toçka U” komplekslərindən gedir.
Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı onu idarə edən heyətə müvafiq təlimlər keçirilib.
“KamAZ” avtomaşınlarının şassisi üzərində yerləşən “Qasırğa”ları universal dizayna malikdir. 2017-ci ilin yanvar ayında Azərbaycan Pezident İlham Əliyevin Naxçıvana səfərində ölkəmizdə olan bəzi yeni silahlar nümayiş etdirilib. Orada diqqət çəkən silahlardan biri də Türkiyədən aldığımız 300 mm-lik “Qasırğa” raketləri idi. Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. Raketin uzunluğu 5.24 metr, ağırlığı isə 585 kiloqramdır. “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfləri məhv etmək olar.
Bununla həmçinin Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür.
“Toçka-U” raket kompleksləri Azərbaycan Ordusunun arsenalında yer alır və keçirilən paradlarda ictimaiyyətə nümayiş olunub. Ordumuzun arsenalında olan “Toçka-U” Ermənistan ordusunda olan arsenaldan daha müasirdir.
“Toçka”lar yüksək dəqiqliyə malik komplekslər kimi tanınır. Bu kompleks üçün 4 növ raket hazırlanıb. İlk versiya uçuş məsafəsi 70 kilometr olan 9M79-dur. İkinci versiya 9M79M 120 kilometr uçuş məsafəsinə malikdir.
Üçüncü 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunub. Uçuş məsafəsi 120-185 kilometrdir. Dördüncü 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunub. Uçuş məsafəsi 120 kilometrdir.
“Sputnik Ermənistan” saytına şərhində erməni hərbi ekspert David Arutyunov da Azərbaycan Ordusunun gücünü etiraf edib.
“Biz burada (Naxşıvanda – red.) Azərbaycanın hərbi imkanları haqqında bilirik. Naxçıvanla həmsərhəd Ermənistan ərazisi həmçinin, erməni paytaxtı həqiqətən zəifdir”, – hərbi ekspert bildirib.
David Arutyunov bununla belə, İrəvanın Rusiyaya arxalandığını növbətə dəfə dilə gətirib. O iddia edib ki, mümkün münaqişə bütün regiona toxunacaq və dünyanın güc mərkəzlərinin mənfi reaksiyasını doğuracaq.
“Belə eskalasiya qəbuledilməzdir. Bundan başqa, məlum olduğu kimi, Ermənistan və Rusiya arasında müqavilə qüvvədədir. Moskva sərhədlərin bütün perimetri üzrə Ermənistanın təhlükəsizliyini müdafiə etməyə məcburdur. Ermənistana qarşı döyüş əməliyyatları Rusiya ilə toqquşmanın təhlükəsi yaradır”, – Arutyunov hesab edir.
“Sputnik Ermənistan” saytı isə qeyd edir ki, Azərbaycan indi Dağlıq Qarabağda lokal əməliyyatlara başlamaq imkanına malikdir və belə ssenari Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) təşkilatının Ermənistanın müdafiəsi üçün nəzərdə tutulmuş mexanizmlərinin qüvvəyə minməsini nəzərdə tutmur.