Bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya regionlararası forum keçirilib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanı İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkənin dövlət rəsmiləri, parlament və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və sair sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-ə yaxın olmaqla ümumilikdə 600 iştirakçı qatılıb.
Forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının forum iştirakçılarına təbrik məktublarını oxuyublar.
Forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev tədbirin keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi iki ölkə arasında uğurlu əməkdaşlığın göstəricisidir: “Əminəm ki, builki forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.
“VII Azərbaycan-Rusiya regionlararası forumu iki ölkə arasındakı münasibətlərdə mühüm meydançadır”. Bunu jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O bildirib ki, hər il Azərbaycan-Rusiya regionlararası foruma 500-dək nümayəndə qatılır.
“Bu foruma Rusiya əyalətlərindən, mərkəzi hökumətdən 250-dən çox nümayəndə qatılıb. İki ölkə münasibətlərinin geniş spektri, o cümlədən iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, humanitar sahədəki əlaqələr müzakirə olunacaq. Ötən forumdan bu vaxtadək görülən işlərlə bağlı hesabat yönümlü çıxışlar olacaq, qarşıdan gələn illər üçün təkliflər müzakirə ediləcək”, – deyə o vurğulayıb.
Ə. Həsənov qeyd edib ki, bu forum beynəlxalq və regional münasibətlərin indiki vəziyyətində çox aktualdır: “Forum iki ölkənin xalqlarının maraqlarına xidmət edir. Rusiya- Azərbaycan əlaqələri gündən-günə inkişaf edir. Bu əlaqələrin inkişafı iki ölkə prezidentinin diqqət mərkəzindədir”.
Publika.az