90-cı illərdə böyüyən uşaqlarda mərhəmətin, sevginin, aydın təfəkkürün formalaşmasında valideynlərin və bilik ocaqlarının təlim-tərbiyəsi ilə yanaşı, bir qəhrəmanın da böyük rolu vardı. O, mavi ekranlardan ölkənin bütün balacalarını oxşayacaq qədər böyük ürəyə, qəlbindəki sevgini bütün bəşər övladı ilə bölüşəcək qədər zəngin mənəviyyata sahib idi. O, yaşından asılı olmayaraq, hər kəsin “Ələkbər əmi” deyə müraciət etdiyi doğma sima idi. Ələkbər əmi artıq 10 ildir ki, bu həyatda yoxdur. Lakin bu cismani yoxluq onu sevənlərinə, xüsusən də ailə üzvlərinə unutdurmur. Həmsöhbətim sevimli aktyor, Təbəssüm Ordeninə layiq görülən yeganə azərbaycanlı, mərhum Ələkbər Hüseynovun həyat yoldaşı Afaq Hüseynovadır.
– Afaq xanım, Rusiyanın Sergey Suponevi, Türkiyənin Barış Mançosu vardısa, bizim də Ələkbər əmimiz vardı. Ölkədə onu tanımayan yox idi. Maraqlıdır, bəs siz onunla harda tanış olmuşdunuz?
– Analarımız “dəmiryol xəstəxanası”nda birgə işləyiblər. Tez-tez bizi özləri ilə işə aparardılar, hətta bağçaya da bir dövrdə getmişdik. Yəni, bir ətrafda böyümüşük. Amma bütün bunlardan sonralar xəbərimiz olub. Analarımızla işləyən bir xanım deyib ki, oğlan aktyordu, qız da konservatoriyada oxuyur. Hər ikisi incəsənət adamıdır, münasibətləri yaxşı tutar. Həmin xanımın vasitəsilə bizi tanış etdi. Ondan sonra da aramızda isti münasibət yarandı. Anladıq ki, bir dildə danışırıq.
– O hansı dil idi?
– İncəsənət dili…
– İnsan peşəsinə hörmətlə yanaşan ömür yoldaşı seçəndə yaşamaq daha asan olur.
– Əlbəttə, mən onun tamaşalarına gedirdim. O, mənimlə musiqi barədə danışmağı sevirdi. Beləcə bir-birimizə bağlandıq.
– Bəs neçənci ildə ailə qurdunuz?
– 1989-cu ildə evləndik. Çox ağır və çətin illər idi. 1990-cı ildə oğlumuz doğuldu, səkkiz ildən sonra isə qızımız. Onlar da hər ikisi bu sahəni seçdilər. Oğlum İncəsənət Universitetini bitirib, qızımsa Bakı Musiqi Akademiyasının skripka sinfində oxuyur, prezident təqaüdçüsüdür. Konsertlərdə, festivallarda çıxış edir.
– Afaq xanım, dediniz, mən onun tamaşalarına gedirdim. Biz Ələkbər əmini ekrandan və Kukla Teatrından tanımışıq. Bəs başqa hansısa teatrda çalışıb?
– İnstitutu bitirəndən sonra 5 il Şəki Dram Teatrında işləyib. 1988-ci ildə Bakıya qayıdıb və Gənc Tamaşaçılar Teatrında çalışıb. Bundan sonra isə Namiq Ağayevin dəvətilə Kukla Teatrına getdi və bu sahəni çox sevdi. Bilirsiniz də, Kukla Teatrı yeni sənət idi. Heç İncəsənət Universitetində belə ixtisas yoxdur. Aktyor tamaşalarda oynadıqca təcrübə qazanır. Ələkbər isə nə edirdisə, birinci olmaq istəyirdi. Hətta məşhur “Humay” mükafatı 1993-cü ildə ilk dəfə təqdim ediləndə, ən yaxşı aktyor nominasiyası üzrə qalib oldu. Kukla Teatrının repertuarına bir çox yeniliklər gətirdi. Ən əsası monotamaşalar etməyə başladı. Səhnəyə çıxırdı. Ona qədər aktyorlar pərdə arxasında olurdular axı… Rejissor kimi yeni tamaşalar səhnələşdirirdi. Hətta monotamaşaların birində düz 9 alətdə ifa edirdi. Nəlbəki, saz, tütək, qarmon, qoşa nağara və s. Bunların hamısının müəllim yanına gedib ifasını öyrənirdi. İnadkarcasına sənətində ilk olmağa doğru gedirdi. Çox gözəl rəqs edirdi, mahnılar oxuyurdu. Müxtəlif obrazların hamısını öz səsi ilə canlandırırdı.
– Öz sahəsində unikal insan idi.
– Məncə, bəli. Bəlkə də mənim deməyim düz olmaz, amma bunu hamı təsdiqləyir.
– Bəs televiziyaya necə gəldi?
– Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Səyyarə Tağıyeva Kukla Teatrının tamaşasına gəlmişdi. Orada Ələkbərə dedi ki, səni televiziya verilişinə aparıcı kimi dəvət etmək istəyirəm. Bir neçə ay “Göydən 3 alma düşdü” verilişində çalışdılar. Sonra isə “Hər birimiz bir çiçək” verilişini yaratdılar. Bu proqram düz 13 il fasiləsiz hər ay efirə getdi.
– Bu gün hamımızın evində azyaşlı uşaqlar böyüyür. Texnika, internet o qədər sürətlə inkişaf edir ki, mütləq ayaq uydurmalıyıq. Amma bununla da yanaşı, internetdə yayılan tərbiyədən uzaq oyunlar, şiddət təbliğ edən cizgi filmləri uşaqları autizmə, hətta intihara sürükləyir. Artıq ekranlarda Ələkbər əmi kimi balacalara nəvazişlə yanaşan kişi obrazına çox ehtiyac var.
– Təəssüf ki, doğrudur.
– Bəs Ələkbər Hüseynov necə ata idi?
– Övladlarımızı sərhədsiz sevirdi. Oğlum dünyaya gələnə yaxın ad seçməyə başlamışdıq, amma qəti qərar verməmişdik. Oğlumuz doğuldu. Körpə ilə xəstəxanada idim. Mənə gül yolladı, üzərində də bir məktub vardı: ”Mənim Cavidan oğlum necədir?” (Gülürük). Yəni artıq adını vermişdi. İlk övladı idi. Cavidanı çox sevirdi.
– Qızınız isə 8 il sonra doğuldu.
– Çox vaxt məndən soruşurlar, niyə bu qədər fasilə vermisiniz? Axı çox çətin vaxtlar idi. Müharibə dövründə kimə lazım idi teatr? Hamı bir parça çörək dalınca qaçırdı. Yavaş-yavaş bu ağır günlər geridə qaldı və 1998-ci ildə qızımız Nərgiz doğuldu. Təsəvvür edirsiniz də, oğlumuz məktəbə gedirdi, evdən yenidən körpə səsi gəlməyə başladı. Həm də qız uşaqları özlərini bir başqa cür sevdirirlər axı… Nərgizi də xüsusi həssaslıqla sevirdi. Təəssüf ki, nə övlad toyu gördü, nə də nəvə görə bildi.
– Nəvələriniz oğlumla birgə bağçaya gedirlər. Hətta birinə elə Ələkbər adı vermisiniz.
– Bəli, oğlumun iki oğlu var. Nəvəmin biri onun adını daşıyır.
– Bildiyimə görə, Ələkbər əminin anası ilə birgə yaşayırsınız.
– Bəli. Bir ana üçün övlad itkisi bilirsiniz də necə ağırdır. Özü də yeganə oğlu idi.
– Təbii ki, dözülməzdir. Afaq xanım bir neçə il öncə təsadüfən internetdə Rövşən Cavadovun həyatından bəhs edən yerli film izlədim. Ən qəribəsi də odur ki, Cavadov obrazını Ələkbər Hüseynov canlandırırdı.
– Bu filmin rejissoru Ramiz Fətəliyev idi. Ələkbər xarici görünüşdən Rövşən Cavadova bənzəyirdi. Filmə dəvət olunanda Ramiz bəy onu tanımırdı. O vaxt da “Bala başa bəla” televiziya tamaşası yenicə efirə çıxmışdı. Bir çox aktyorlar öncə narazılıq bildirsələr də, film çəkildi və Ələkbər böyük uğurla bu obrazın öhdəsindən gəldi. Baxmayaraq ki, ətrafına təbəssüm saçırdı, şən insan insan idi, amma dram teatrı aktyoru ixtisasında təhsil almışdı.
– Və belə bir məşhur aktyor maddi sıxıntı çəkirdi…
– Çox çətin vaxtlar idi. Amma Ələkbər deyirdi ki, mən öz peşəmə xəyanət edib, başqa yolla pul qazana bilmərəm. Hətta buna cəhd də etdik, amma heç nə alınmadı. Nəhayət qərar verdi ki, bağçalara, məktəblərə şaxta baba obrazında getsin. Televiziyada daha geniş kütləyə tanınandan sonra isə şəhərin məşhur klublarında öz komandası ilə birgə çıxış etməyə başladı. Bəzən gün ərzində 5 seans şənlik olurdu. Onun hamısını yüksək səviyyədə başa vururdu. Pulunu alın təri ilə qazanırdı. Mən də onunla gedirdim. Yeməyini, dəsmalını, ehtiyacı olan əşyaları aparırdım.
– Yəni ilham pərisi idiniz.
– (Gülür) Onu özü deyə bilərdi, mən yox… Amma çox vaxt deyirdi ki, sənsiz mənə çox çətin olardı.
– Hər birimizin çatışmayan cəhəti var. Bəs onda sizi qane etməyən nələrsə vardı?
– Bəlkə də vardı, amma mən onu olduğu kimi qəbul edirdim. Xasiyyətinə bələd idim. Mən onun xarakterində mənfi cəhət axtarmırdım. İdeal deyildi, amma ailəsini hər şeydən çox sevirdi. Çox vaxt deyirlər, qısqanırdınız onu? Təbii ki, qısqanmırdım. Axı mən ailə quranda bilirdim ki, həyat yoldaşım aktyordur.
– Ələkbər əmi gənc yaşında dünyasını dəyişdi. Acı da olsa, o illərə qayıdaq.
– Bu barədə danışmaq o qədər ağırdır ki, mənə… 2002-ci ildə Fransaya getməli idi. Artıq bileti də alınmışdı. Səfərə bir neçə gün qalmış dişi şişib, ağrımağa başladı. Bir dostu da diş həkimi idi, dedi, gəl, mənim yanıma. Elə öz kabinetində də dişini çəkdi. Fransaya getdi qayıtdı. 1 ildən sonra isə narahatçılığı başladı. Müxtəlif xəstəxanalarda qan analizi verdi. Hamısı da dedi ki, dişini çəkdirəndə infeksiya keçib, Hepatit C virusuna yoluxub. Həkimlər bildirdilər ki, müalicə olunsan ömrün 8 il uzana bilər. Əks təqdirdə 3 il yaşayacaqsan. Onun da orqanizmi allergik idi. Pəhrizlə, qulluqla 3 il yaşada bildik.
– Sizcə, ölüm xofu onun qəlbini çoxmu didirdi?
– İnternetdə xəstəliyi haqda çox oxuyurdu, amma bu barədə heç vaxt danışmırdı. Ölümə boyun əymək istəmirdi sanki… Hər birimiz acımızı ürəyimizdə yaşayırdıq. Anası səhəri yaşlı gözlə açırdı. Mən qəlbimdə daş boyda ağırlıqla gəzirdim, amma büruzə vermirdik. 2007-ci ilin 2 avqustunda dünyadan köçdü… Ölümüdən bir neçə gün sonra qeyd dəftərçəsini vərəqlədik. Hətta oktyabr ayınadək planlarını yazmışdı. Nikbin insan idi. Həmin il oğlum da sənədlərini İncəsənət Universitetinə vermişdi. Elə o xəstəxanada yatanda Cavidan gəlib dedi ki, ata mən ali məktəbə qəbul oldum. Gözü ilə sevincək işarə elədi.
– Afaq xanım, siz də çox güclü qadınsınız. Övladlarınızı tək böyütmüsünüz. Bunu hər qadın edə bilməz. Hətta ikinci dəfə ailə qursaydınız, buna haqqınız vardı.
– Çox çətin idi. Hətta qaynanam dəfələrlə mənə demişdi ki, ölən mənim oğlumdur. Sənin nə yaşın var ki? Gəl ayrılaq, sən də get, tədricən öz həyatını qur. Qəti şəkildə dedim ki, yox. Mən onu heç kimlə əvəz edə bilməzdim. Bunu özümə sığışdırmazdım da. Axı o sıradan bir insan deyildi.
Ələkbər əminin bacısı qədər sevdiyi xalası qızı, sevimli diktorumuz Şərqiyyə Hüseynova ilə də yad etdik:
– Bilirsən, Leyla, istər övladım olsun, istərsə də qardaşım, vaxtsız gedənlərim haqda danışmağı sevmirəm. Bu məni çox incidir. Heç bir kanala, sayta bu haqda müsahibə də vermirəm. Amma bir neçə cümlə deyəcəm sənə. Səbəbini bilmirəm, amma mən oğlan uşaqlarını qızlardan çox sevirdim. Demək, 1961-ci ilin dekabrında xalamı xəstəxanaya apardılar. Mən də həmin gün nənəmgildə idim. Ümumiyyətlə, tez-tez nənəmgildə qalırdım. Çünki çox sevirdik onu. Nənəm səhər doğum evidən gəldi. Dedim, xalamın nəyi oldu? Cavab verdi ki, qızı doğuldu. Təəssüflə üzünə baxdım. Birdən, dedi zarafat edirəm, oğlan oldu, oğlan… Sevincimin həddi yox idi. Ələkbərlə aramızda 14 yaş fərq vardı. Elə qucağımda böyümüşdü. Nənəmin “Sovetski” məhəlləsində evi vardı. Xalam da həyat yoldaşı ilə orada yaşayırdı. Sonralar mən də digər xalamın oğlu ilə ailə qurub, “Sovetski”yə köçdüm. Bilirsiniz, çox koloritli məhəllə idi. Bəlkə elə buna görədir ki, bu məhəllədə böyüyən uşaqlar, çox məşhur incəsənət xadimi olurlar. Xalam da xəstəxanada işləyirdi deyə, tez-tez gecə növbəsində qalırdı. Ona görə Ələkbər bizim evdə böyüyüb.
– Necə uşaq idi?
– Sakit, eyni zamanda da çılğın uşaq idi. Axi “Sovetski”də böyüyüb, başqa cür olmaq mümkün deyil. Onuna bağlı bir şey danışım. Mənim atam hərbçi idi. Müharibə illərində Berlində vuruşmuşdu. Çoxlu orden, medalı vardı. Ələkbər tez-tez oturardı, bu medalların tozunu silib, səliqəyə salardı. Yəni dəyərləndirməyi bacarırdı. Həmişə də deyirdi ki, mənim də belə medalım olacaq. Ölümündən bir il əvvəl Polşanın təsis etdiyi Təbəssüm Ordeninə layiq görüldü. Özü də bu elə bir mükafatdır ki, uşaqlar böyüklərə təqdim edirlər.
– Çox gözəl şoumen idi.
– Elə bir məclis yox idi ki, Ələkbər diqqət mərkəzində olmasın. Ümumiyyətlə, istedad belə bir şeydir də… O ya var, ya da ki, yoxdur. Qüsursuz rəqs edirdi, mahnılar ifa edirdi. Çox güclü yumor hissi vardı. Baxmayaraq ki, uzun illər dövlət televiziyasında ciddi verilişlər aparmışam, mən də xaraktercə şən insanam. Bir məclisdə diqqətimizi çəkən gülməli məqam olanda mütləq gözlərimiz toqquşurdu və bunu yalnız biz anlayırdıq.
– Bir müddət kanalların birində nəvənizlə birgə uşaq verilişi apardınız.
– İnanırsınızmı, bu layihəyə ona görə razılıq verdim ki, ara-sıra Ələkbərin adını çəkib, onu yad edim. Çünki mən ona tək xalam oğlu yox, qardaşım, balam gözü ilə baxmışam hər zaman. Bizim Ələkbərlə o qədər gözəl xatirələrimiz vardı. Mən yenicə ailə qurmuşdum, məişət qayğıları, televiziyadakı işim, bir sözlə, heç nəyə vaxtım qalmırdı. Ələkbər də gəlib, oturardı bizdə ki, Şərqiyyə yeni filmə baxmışam, gəl otur danışım. Mən də deyirdim, sən danış, amma mən otura bilməyəcəm, işim çoxdur. İşlərimi bitirənə qədər otaq-otaq ardımca gəzir, əl-qol hərəkətləri, müxtəlif obrazların səsləri ilə filmi danışıb, bitirərdi. Çox ərköyün, əziz-xələf uşaq idi. Düşünürdük ki, evlənsə, ailəsinə ciddi yanaşmayacaq. Amma o qədər gözəl həyat yoldaşı, ata oldu ki, özümüz də heyrətlənirdik.
Vaxtsız gedişi məni çox yandırır, nə edə bilərik qismətli belə imiş qardaşımın.
Uşaqların sevgisi daha saf və qərəzsiz olur. Onların məhəbbətini qazanmaq isə asan deyil, çünki məsum baxışları ilə qarşılarındakı insanın qəlbini görə bilirlər. Uşaqlıq dövrü müharibənin çətin illərinə təsadüf edən minlərlə balacaya, ərzaq qıtlığını, geyim yoxluğunu qayğı, nəvaziş selinə bürüyərək unutduran, hər birimizin bir çiçək olduğumuza inandıran sehirbaz idi Ələkbər əmi.
Leyla Sarabi