Əhməd Cavadın 130 illiyə həsr edilmiş qiraət müsabiqəsi keçiriləcək

0
1071

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan İncəsənət Məktəbinin texniki dəstəyi ilə “Gənc qiraətçilər arasında Əhməd Cavad yaradıcılığının təbliği” layihəsinə start verilib.

İnterpress.az xəbər verir ki, bu barədə layihə rəhbəri Fərid Bağırov məlumat verib. O, bildirib ki, layihə ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından olan Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı 20 aprel 2022-ci il tarixində imzaladığı sərəncamdan irəli gəlib.

Layihənin məqsədi  gənclər arasında Əhməd Cavad və onun yaradıcılığının təbliğ edilməsidir.

Layihə çərçivəsində Bakı şəhərində gənc qiraətçilərdən ibarət “Əhməd Cavad” klubu yaradılacaq. Klubun gənc üzvləri üçün mütəmadi olaraq layihə rəhbəri Fərid Bağırov tərəfindən peşəkar ustad dərsləri təşkil olunacaq, gənc qiraətçilərin bacarıqlarının artırılmasına dəstək göstəriləcək. Eyni zamanda onlar arasında Əhməd Cavad əsərləri təbliğ ediləcək. Klub fəaliyyətinin sonunda iştirakçılar arasında Əhməd Cavadın əsərlərindən ibarət müsabiqə təşkil ediləcək. Jurilərin və digər gənclərin iştirakı ilə təşkil edilmiş müsabiqə Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu illiyinə həsr edilmiş olacaq.

 

Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibidir.