«Bizim gücümüz çoxdur, lakin sahib olmadığımız bir şey var, o da ― birlik»
Bu sözlərin müəllifi mən deyiləm, Əfqanıstandakı Azərbaycan türklərindən Zarmina Afşar xanımdır. Əfqanıstanlı soydaşımız Zarmina xanım hal-hazırda ABŞ-da yaşayır, Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı 4 əsrlik Afşar-Nənəkçi kəndindəndir.
Zarmina Afşar xanım Pakistandakı Azərbaycan türklərinin biznes və siyasətdə təsirli olduqlarını, böyük əkin torpaqlarının olduğunu, bunların bəzilərinin hətta kiçik ölkə ilə müqayisə ediləcək qədər olduğunu deyir. Dünyadakı bütün soydaşlarımızı bir arada toplamalı olduğumuzu və bizim böyük gücə, potensiala sahib olduğumuz halda sadəcə birliyimimizin çatışmadığını deyir. Həm Pakistan, həm də Hindistandakı Azərbaycan türklərinin təsirli, imkanlı insanlar olduğunu qeyd eləyir. Əfqanıstandakı soydaşlarımızın da həmçinin böyük biznesdə və mediada təsirli olduqlarını vurğulayır. “Biz dünyada daha güclü olmaq üçün bu insanların hamısını bir araya yığmalıyıq”.
Zarmina xanım, Pakistan, Hindistan və Əfqanıstandakı Azərbaycan türklərinin Qərb ölkələrində, özəlliklə ABŞ, Kanada, Avstraliya və Britaniya kimi ingilis dilli ölkələrdə böyük diasporalarının olduğunu söyləyir, bunlarla əlaqə saxlayır, məlumatı var. Bu ölkələrdəki soydaşlarımız Türkiyə və Azərbaycanın onlarla maraqlanmamasından gileylənirlər. Halbuki biz onları adı çəkilən Qərb ölkələrindəki diaspora tədbirlərinə dəvət edə bilərik, deyilmi?
“Azərbaycan dilini öyrənmək üçün Azərbaycana hər il 50 nəfər göndərmək olar. Əgər biz hər il 50 nəfər Azərbaycana və 50 nəfər Türkiyəyə yollasaq, 10 il sonra bu bütün əhalini kökündən dəyişə bilər” ― deyərək çox faydalı bir təklifi edir. Bu əcdadlarımızın fəth etdikləri, ayaq basdıqları yerlərdə qoyub getdikləri insan kapitalının 4 əsr sonra yenidən öz vətəninə fayda vermək üçün çağırışıdır. Bəs bu soydaşlarımız necə oralara gedib çıxıblar? Səbəbi böyük Nadir Şah Avşar! Nadir Şah Avşar özü Xorasanda doğulmuşdu, əcdadları isə Şah İsmayıl vaxtında Azərbaycandan imperiyanın sərhədlərinə köçürülmüşdü, oraları müdafiə etmək üçün. Nadir 1736-cı ildə Azərbaycanda, Muğanda şah seçiləndən sonra, 1738-ci ildə Hindistanı fəthə başlayır və Əfqanıstandan keçərkən bölgədə özü ilə Azərbaycandan gətirdiyi 12,000 türk ailəsini yerləşdirir, bunlar Nadir Şahın Hindistana gedərkən qoyub getdiyi arxa-dayağı idi. Nadir Şahın qətlindən sonra Əfqan Dürrani hökmdarları burada qalan soydaşlarımızın yüksək hərbi potensialına görə onlarla müttəfiq olurlar, ordularına cəlb edirlər və hətta Dürrani hökmdarlarının şəxsi mühafizə alayı da bu Azərbaycan türklərindən təşkil olunur. Azərbaycan türklərinin Əfqan dövlətində siyasi və hərbi qüdrətləri Əmir Dost Məhəmməd dövründə (1835-1839) zirvəyə yüksəlir, belə ki, Əfqan dövlətinin hökmdarı Dost Məhəmməd özü yarı Azərbaycan türkü idi, anası Qarabağlı Musa Xan Cavanşirin (Qarabağ xanlarının tayfası) qızı Zeynəb Bəyim idi. Dost Məhəmməd özü sərkərdələri və dövlət idarəçiləri ilə Azərbaycan türkcəsində danışırdı, Əfqan tayfa başçıları ilə isə Puştunca.
1839-cu ildə Mərkəzi Asiyada Rusiya və Britaniyanın rəqabəti qızışır və Əfqan cəbhəsində hərəkətli dövr başlayır. Britaniya ordusu Kabilə daxil olur, bu zaman Qızılbaş bəylərinin bir qismi Britaniyaya meyl edir, 1842-ci ildə məşhur Kabil üsyanı hadisəsində Britaniya qoşunu məğlub olur, Qızılbaş bəylərinin bir qismi yaxınları ilə birlikdə Britaniyalıların sağ qalanları ilə Hindistana gedirlər və onlara müasir Pakistan ərazisindəki Lahor vilayətində mülk verilir. Britaniyalılarla gedənlərin başında əslən Azərbaycanın Şirvan mahalından Əli Rza Xan idi. Bu insanlar hətta 20-ci yüzilin əvvəllərində belə müsahibə və şəcərə məlumatlarında əsillərinin Azərbaycanın Şirvan mahalından olduğunu qeyd eləməyi unutmayıblar. Şirvanlı Əli Rza Xana müasir Hindistanın Uttar Pradeş əyalətində 147 kənddən ibarət geniş bir mülk ərazisi, Xan Bahadur və Nəvvab titulları verilir. Oğulları, nəvə nəticələri də daima yüksək ad-san və hörmət sahibi olmuşlar. Həmin bu ailənin nümayəndəsi Müzəffər Əli Xan Qızılbaş 1958-ci ildə Qərbi Pakistanın 3-cü baş naziri olur. Bu ailənin nümayəndələri daha sonra da Pakistana bir qadın nazir verirlər, ayrıca Pakistan ordusunda da bu ailədən olan Azərbaycan türkü zabitlər olub və çox güman bu gün də var.
Qayıdaq yenidən Əfqanıstanda qalan Azərbaycan türklərinə. 19-cu yüzildə Əfqanıstanda soydaşlarımızın sayı ilə bağlı rəqəmlər 50 min nəfərdən 200 min nəfərədək dəyişir, ümumi Əfqanıstan əhalisi isə o dövrdə 3.5-5 milyon arasında təxmin edilir. Burada qalan soydaşlarımızdan bir çox adlı-sanlı nümayəndələr çıxıb. Bunlardan biri 1795-ci ildə Əfqan Dürrani dövlətinin Kəşmir (!) valisi olmuş Əmir Arslan Xan Cavanşirdir. Onun da əsli Qarabağdan, Qarabağ xanlarının da aid olduğu Cavanşirlər nəslindəndir. Əmir Arslan Xan Cavanşir Kəşmir tarixinin ən qayğıkeş hökmdarlarından biri sayılır. Onun Kəşmirin mərkəzi Srinaqar şəhərində tikdirdiyi möhtəşəm Şirgarh sarayı özündən sonra da buraya hakim olmuş Hind Maharacaları tərəfindən çox bəyənilmiş və onların da iqamətdahı olmuşdur. Bu gün, soydaşımız Əmir Arslan Xan Cavanşirin qoyub getdiyi bu abidə Kəşmirin ən önəmli turistik yerlərindəndir.
Əfqanıstandakı soydaşlarımız Azərbaycanın müxtəlif bölgələrindən və imperiyanın digər yerlərindən toplanmış Cavanşir, Avşar, Şahsevən, Bayat, Qaşqay, Köçəri, Kəbəri (Kəbirli), Şirvanlı türklərdən və başqa tayfa və tirələrdən ibarətdirlər. Yuxarıda qeyd edilən 1839-42-ci illər Əfqan-Britaniya münaqişəsindən sonra Əfqanların məzhəbi hislərinin də təsiri ilə Qızılbaş topluluğu təqiyyə etməyə, yəni məzhəblərini gizlətməyə başlayırlar. Bununla əlaqədar olaraq bu gün oradakı soydaşlarımızın sayı ilə bağlı təxminlər çox fərqlidir, toplam əhalinin 1-3 %-i qədər, yəni 0.3-0.9 milyon qədər olduqları güman olunur. Azərbaycan türkləri müasir dövrdə Əfqanıstanın bütün önəmli şəhərlərində yaşayırlar, bir çox yerdə kəndləri var, ancaq daha sıx olduqları yer Kabil ərazisidir, Amerikalı professor Ludwig W. Adamec-in məşhur çoxcildli “Historical and political gazetteer of Afghanistan” kitabında Kabil vilayəti ərazisində 15 Qızılbaş kəndi qeyd olunur, bunların ikisi Türk-Tacik qarışığı kənddir, qalanları Azərbaycan türklərindən ibarətdir. Azərbaycan türkləri Kabilin 240 km quzey-batısındakı Bamiya vilayəti ərazisində də kəndlərdə yaşayırlar. 20-ci yüzildə bölgəyə araşdırma üçün gəlmiş Qərbli alimlər məhz bu iki vilayətdəki Azərbaycan Türkləri içində ana dilini hələ də qoruyub saxlayanların olduğunu qeyd ediblər. Kabildə Avşar-Nənəkçi kəndindəki soydaşlarımızın ləhcəsi ilə bağlı Fransız, Alman və Türkiyəli türkoloqların araşdırmaları var. 1960-cı illərdə Əfqanıstana antropoloji araşdırmalar üçün getmiş Sovet alimi Georgiy Debets Kabildəki soydaşlarımızla da görüşmüş və bunların ana dillərini bildiklərini və, ― yəqin ki, bu əcnəbiyə anlaşıqlı olsun deyə İrandan öyrəndikləri terminlə, ― “Azəri dili” dediklərini bildirir. Əlbəttə bu termini onlar, bu əcnəbi alimə özlərinin məhz Azərbaycandakı türklərdən olduqlarını vurğulamaq üçün işlədiblər, çünki bütün qalan qaynaqların hamısı onların öz dillərini “Türki dili” adlandırdıqlarını yazır. Soydaşlarımızın ən çox olduğu yer isə Kabil şəhərinin özüdür. İlk gəldikləri zamandan Kabil şəhəri ərazisində özlərinə aid Azərbaycan məhəllələri salaraq yığcam şəkildə yaşamışlar, Murad Xani məhəlləsi, Çindavul məhəlləsi və başqaları. Çindavulda hələ də çoxlu soydaşımız yaşayır, bura Kabilin mərkəzindədir, Kabil havala limanı da köhnə Azərbaycan məhəllələrindən birinin ərazisində yerləşir. Kabildəki soydaşlarımızın sayı ilə bağlı yeganə rəsmi bilgi 1876-cı ildə Kabildə keçirilmiş əhali sayımıdır. Bu dövrdə 140,700 nəfər Kabil əhalisinin 6,500 nəfəri “Qızılbaş”, yəni Azərbaycan Türkü imiş.
Son olaraq, soydaşlarımızla bağlı görməli olduğumuzu düşündüyüm bəzi fikirlər. Yuxarıda artıq eyd elədiyim kimi, Kabildəki soydaşlarımızdan Zarmina Afşar xanım hər il 50 nəfər soydaşımızın dil öyrənmək üçün Azərbaycana oxumağa çağrılmasını təklif edir. Bu məncə heç də böyük bir rəqəm və çətin bir iş deyil. Əfqan reallıqları və 4 əsrlik vətəndən ayrı düşmələri səbəbindən bu gün soydaşlarımızın ana dili Kabil Farscasıdır, ancaq qeyd elədiyim kimi, Avşar-Nənəkçi kəndində və ola bilsin bir neçə başqa kənddə daha, ana dilimizi bilənlər hələ də qalıb. Bu insanlar, soydaşlarımız vətənlərini imperiya dövründə tərk elədilər, kolonial dövrdə ayrı düşdük və indi vətənlərində müstəqil Azərbaycan dövləti qurulub və bu insanlar qismən də olsa dillərini müstəqil Azərbaycanın meydana çıxdığı bu günlərə qədər saxlaya biliblər, bir növ bir missiyanı yerinə yetiriblər, vaxtilə imperiyanın dayağı olublar, şərəf və ləyaqətlərini saxlayıblar, kimliklərini qoruyub bu günə qədər gətirə biliblər. Bundan sonrası artıq Azərbaycana düşür. Bu işə Güneyli soydaşlarımızdan cəlb eləmək lazımdır, Farsca bilirlər, Əfqan reallıqlarını bizdən yaxşı bilirlər. Uşaqlar üçün ikidilli Farsca-Türkcə kitabçalar və əlavə dərs vəsaiti tərzli nəşrlər hazırlamaq olar, içində xəritədə Azərbaycan Türklərinin etnik arealı, onların köç marşrutu, Nadir Şahın şəkli, Azərbaycanla bağlı maraqlı etnoqrafik elementlərin göstərildiyi rəsmlər, xüsusən məncə Güney Azərbaycandan kəndli və Şahsevən köçərilərinin rəsmləri, həyat tərzi onlara Qafqaz sayağı görüntülərdən daha yaxın, doğma və cəlbedici olacaq. Nəşrlər əlbəttə yüksək keyfiyyətli birinci dərəcəli kağızlarda, əlvan rəngli, gözoxşayan olmalıdır. Həmçinin, ― yenə də, əsasən Güney Azərbaycandan, ― folklor rəqsləri, mahnıları DVD-ləri ola bilər. Qarabağ xanlığı ilə bağlı materiallara geniş yer vermək lazımdır, belə ki, bu insanların önəmli hissəsi elə Qarabağlılardır, Cavanşir tayfası, Qarabağ xanlarının aid olduğu eyni tayfa, bunlar Qarabağ xanlarının birbaşa qohumlarıdır. Azərbaycanda Cavanşir nəslindən çıxmış adlı-sanlı alim, yazar, həkim, hərbçi və b. diqqətəlayiq kim varsa bunların da hazırlanmalı olan kitabçalarda olması vacibdir. Unutmayaq ki, bu insanlarda tayfa, elat şüuru var və onlar üçün bu cür paralellər, nümunələr qəlblərinə yol tapmaq üçün lazımlıdır. Ayrıca, bölgəyə mütləq Azərbaycandan etnoqraflar, dilçilər, tarixçilər getməli, çoxlu miqdarda material toplamalıdırlar. Soydaşlarımız haqqında çoxseriyalı sənədli film çəkilməsi həm onların Azərbaycanda tanıdılması, həm də qayğı və diqqət görmələri hiss etmələri üçün vacibdir. Azərbaycandan Kabilə iş adamları və dövlət adamlarından ibarət heyət də getməlidir. Bu onlarda Azərbaycana diqqət, maraq və sevgi yaradacaq, Azərbaycanla biznes əlaqələri qurmağa həvəsli olacaqlar. Əfqanıstanın hal-hazırda ən varlı adamlarından biri, iş adamı, milyarder Ehsan Bayat soydaşlarımızdan biridir. Bu iş adamlarının Pakistan, Hindistan və Qərb bazarları ilə əlaqələri, çıxışları var. Onlarla irtibat qurmaq bizim buranın iş adamlarına da maraqlı olmalıdır. Soydaşlarımız üçün Kabil şəhərində lisey açılmasını arzu edirik.
Yazı uzun alındı, elmi məqalə şəklində deyil, nəql etmə, söhbət tərzində yazılıb və ona görə istinad etdiyim ədəbiyyat siyahısı ilə oxuyanları yormaq istəmədim, ancaq məlumatlar əlbəttə qaynaqlara əsaslanır.
Yazımı 1976-cı ildə Kabildəki soydaşlarımızdan toplanmış folklor nümunələrindən biri ilə sonlandırmaq istəyirəm:
Gezləri yaladır, alar canemi,
Kiprigi nəştərdir, tekər qanımi,
Əmri-Əmri, can, Əmri, gəl ki, qurbanıy mənəm,
İldə bir qurban kəsəllər, gində qurbanıy mənəm,
Bivəfadır vay bu dünya, çox verən çox can çəkər.