Əcnəbi tələbələr Şuşada: “Biz Şuşanın səfiriyik” layihəsi start götürüb – Fotolar

0
1242

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbələrin Şuşaya səfəri təşkil olunub.

Arazinfo.az xəbər verir ki, Türkiyə, Pakistan, Slovakiya, ABŞ, Böyük Britaniya,  Hindistan, Çin, İran və  Koreya Respublikası da daxil olmaqla, ümumilikdə 18 Ali təhsil müəssisəsindən  36 ölkədən 44 nəfər əcnəbi tələbənin iştirak etdiyi tədbir “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində baş tutub.

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin Qarabağın incisi Şuşa şəhərinə ilk səfər turu Prezidentin xüsusi nümayəndəliyinin binasının qarşısındakı meydanda ucaldılmış xalqımızın tanınmış mədəniyyət və incəsənət xadimləri Üzeyir Hacıbəyov, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş heykəl abidələrinin ziyarəti ilə başlayıb. Onlara xalqımızın mədəniyyət beşiyi olan Şuşada dünyaya göz açmış adı çəkilən görkəmli şəxslərin həyat və fəaliyyəti, eləcə də güllələnmiş heykəllərinin tarixi barəsində məlumat verilib. Daha sonra əcnəbi tələbələrin şəhər gəzintisi başlayıb.

Hər küçəsi, hər binası bir tarix olan qədim Şuşa şəhəri ilə tanışlıq, o cümlədən Şuşa qalası, Vaqifin muzey-məqbərə kompleksi və Cıdır düzünü ziyarət əcnəbi tələbələrdə xoş və unudulmaz təəssüratlar yaradıb. İndiyə qədər barəsində  eşitdikləri və oxuduqları qədim Şuşada olmaqlarından məmnun qaldıqlarını deyən əcnəbi tələbələr şəhərin təbiət gözəlliyi, qeyri-adi relyefinin də onlarda böyük maraq doğurduğunu ifadə ediblər. Şəhər gəzintisi zamanı Şuşanın işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrini, mədəniyyət və təhsil ocaqlarını da görən tələbələr rastlaşdıqları acı mənzərədən təəssüf hissi keçirdiklərini də gizlətməyiblər.

Şəhər gəzintisindən sonra Cıdır düzündə ətrafı seyr edən əcnəbi tələbələrə layihənin rəhbəri, İSAY İB-nin sədri Eyyub Kərimli tərəfindən Şuşanın tarixi və Azərbaycan xalqı üçün mənəvi dəyəri barəsində ətraflı məlumat verilib:

“44 günlük Vətən müharibəsi, o cümlədən Şuşanın Ermənistan işğalından azad olunması Azərbaycan xalqının müasir tarixinin qürur və şərəf dolu qəhrəmanlıq salnaməsidir. Böyük Zəfərin memarı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ötən il Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ili “Şuşa ili” elan etməsi bu qədim şəhərə verilən ən böyük dəyərin bariz nümunəsidir”.

Eyyub Kərimli onu da qeyd etdi ki, Şuşa şəhəri zəngin tarixə, mədəniyyətə sahib olduğu kimi, həm də qədim təhsil ənənələrinə malikdir:

“1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəb məhz Şuşada inşa olunub. Şuşa 1 nömrəli tam orta məktəbi, Şuşa real məktəbi Azərbaycanın zəngin tarixə malik olan qədim məktəblərindəndir. İşğala qədər  tam orta məktəb kimi fəaliyyət göstərən bu təhsil ocaqları da tamamilə dağıdılıb”.

İSAY sədrinin sözlərinə görə, “Biz Şuşanın səfiriyik” layihəsinin məqsədi də ölkəmizdə təhsil alan əcnəbi tələbələrdə Şuşanın timsalında Azərbaycanın tarixi həqiqətləri barəsində canlı təsəvvür yaratmaqdır.

Tədbirdə iştirak edən  Elm və Təhsil Nazirliyinin sektor müdiri Müjdət Həsənov və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov çıxış edərək əcnəbi tələbələrə xoş arzularını bildirdilər.

Tədbir əcnəbi tələbələrin Cıdır düzündə sülh və dostluğun tərənnümü olaraq böyük ölçülü Azərbaycan bayrağı ətrafında toplaşması və birlikdə “Biz Şuşanın səfiriyik” şüarını səsləndirməsi ilə başa çatıb.

Tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkilati dəstək verilmişdir.

“Biz Şuşanın səfiriyik” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfindən elan edilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibidir və Agentliyin maliyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində əcnəbi tələbələrin Şuşa səfəri ilə bağlı təəssüratlarını özündə ehtiva edən eyniadlı filmin də çəkilişləri aparılıb. İngilis dilində olacaq film Zəfər Günündə yerli və beynəlxalq media qurumları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə yerli və xarici ölkə ictimaiyyətlərinə təqdim olunacaq.

Fotolar Arif Bədəlzadəyə məxsusdur.