Əcnəbi biznesmenlər deputatdan şikayət etdi -“1001 gecə” qalmaqalı

0
705
YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun adı yenə də gündəmdədir. Həmişə olduğu kimi, Hüseynbala Mirələmovun adı bu dəfə də neqativ planda çəkilir.
Deputat özünə məxsus, oğlunun adına rəsmiləşdirilən “Min bir gecə” İstirahət Mərkəzini ötən il icarəyə verib. 2 illik icarə haqqını alıb cibinə qoyub və müqavilənin varlığını unudub. İndi də İraq vətəndaşları olan icarədarları “Min bir gecə” İstirahət Mərkəzinə yaxın buraxmır. Fadhil Nairooz Abed və Amjed Mohammed Abed Msaaara baş verənlər barəsində ölkə rəhbərliyinə açıq məktub yazmaqla kömək istəyiblər.
Deputat oğlunun adından müqaviləyə qol çəkdi
Məktubdan belə aydın olur ki, 2017-ci ilin iyununda Bakı şəhəri 6 saylı notariat kontorunda Hüseynbala Mirələmov İraq vətəndaşlarına “Min bir gecə” İstirahət Mərkəzini icarəyə verib. Mərkəz rəsmi sənədlərlə deputatın oğlu Rauf Mirələmova məxsusdur. Buna görə də notariat kontorunda Hüseynbala Mirələmov oğlunun nümayəndəsi kimi iştirak  edib. Bağlanan nüqaviləyə görə, Rauf Hüseynbala oğlu Mirələmova aid olan “Min bir gecə” İstirahət Mərkəzi hər biri 333 kvadratmetr olmaqla 3 icarəçiyə – Rəşad Yusif oğlu Qasımova, Fadhil Nairooz Abed Abednaya və Amjed Mohammed Abed Msaaaraya icarəyə verilib.
396 min manata icarə və 100 min manatlıq təmir işləri…
İcarə müqaviləsinin 5-ci bəndinə görə, icarəyə götürənlərin hər biri aylıq olaraq icarəyə verənə – yəni deputat Hüseynbala Mirələmova 2 min manat verməyi öhdələrinə götürüblər.
İcarə müqaviləsinin şərtinə görə, icarə haqqının hər ay ödənilməsi nəzərdə tutulsa da, “Min bir gecə”ni deputatdan icarəyə götürənlər icarə haqqının 2 illik məbləğini qabaqcadan ödəyiblər.
Həmin müqavilənin 8-ci bəndinə görə – müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməli olub.
Həmin müqavilənin 3-cü bəndinə görə isə – icarə müddəti 01.06.2019-cu il tarixədək müəyyən edilib və bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir.
İcarədarlar deputata 2 illik icarə haqqı olaraq ümumilikdə 396 min manat ödəyiblər. İstirahət mərkəzini icarəyə götürdükdən sonra isə orada əsaslı təmir işləri aparıb, müşahidə kameraları, çimərlik ətrafına çətirlər quraşdırıb və s. işlər görülüb.
Ölkə rəhbərliyinə ünvanladıqları açıq məktubda qeyd edirlər ki, deputata məxsus “Min bir gecə”nin təmirinə  təxminən 100 min manata yaxın əlavə vəsait xərcləyiblər.
İraqlılar “1001 gecə”də ərəb turistlərə xidmət etmək istədilər…
“”Min bir gecə” İstirahət Mərkəzi dəniz kənarında yerləşdiyindən mövsümi iş prinsipinə malikdir. Həmin istirahət mərkəzini icarəyə götürməkdə əsas məqsədimiz ərəb turistlərinin Azərbaycana cəlb edilməsi və turizmin inkişafında azərbaycanlı dostumuza dəstək vermək olub. Bu ilin yay mövsümü yaxınlaşanda istirahət mərkəzinin faktiki sahibi deputat Hüseynbala Mirələmov müqavilə şərtlərini və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, bizi məlumatlandırmadan müqaviləni ləğv edərək istirahət mərkəzini başqa şəxsə icarəyə verməklə bizə küllü-miqdarda maddi və mənəvi ziyan vurdu. Belə ki, icarə müqaviləsindən də göründüyü kimi, müqavilə 1 iyun 2017-ci il tarixdə bağlanıb və 1 iyun 2019-ci il tarixə kimi qüvvədədir. Buna baxmayaraq, 1 aprel 2018-ci il tarixdə icarəçisi olduğumuz “Min bir gecə” İstirahət Mərkəzinə gəldikdə deputat Hüseynbala Mirələmovun köməkçisi Elşən adlı şəxs bildirdi ki, Mirələmov  tapşırıb ki, bizi  içəri buraxmasın, “obyekti” başqa adama icarəyə vermişik və sizinlə olan müqaviləni ləğv etmişik. İcarəyə verən Rauf Hüseynbala oğlu Mirələmovun adından etibarnamə əsasında çıxış edən deputat Hüseynbala Mirələmovun bu qanunsuz əməlləri Azərbaycan qanunlarına və Beynəlxalq hüquq normalarına uyğun deyil. Sizin sədrliyiniz ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışınız ümid yaratdı ki, baş vermiş qanunsuzluğa görə də məsul şəxslər öz layiqli cəzalarını alacaqlar.  Milli Məclisinin deputatı Hüseynbala Mirələmovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün əlaqədar qurumlara göstəriş verməyinizi və bizə dəymiş ziyanın ödənilməsi üçün deputata tapşırıq verilməsini xahiş edirik”-deyə açıq məktubda qeyd olunur.
Xatırladaq ki, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov 17 iyul 2012-ci ildə “Min bir gecə” İstirahət Mərkəzində qətl törədib. Bu cinayətə görə bir çox adam həbs edilib. İstintaq zamanı təqsirləndirilən şəxslər Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzov “Min bir gecə” İstirahət Mərkəzində kütləvi dava zamanı Rəşad Mirələmovla mübahisə ediblər. İyulun 17-də gecə saat 03.00 radələrində restoranda dava yenidən başlayıb. Rəşad Mirələmov odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Ramal Bayramov döş qəfəsindən, İmişli rayon sakini Səməd İbadət oğlu Mənsimov isə qolundan güllə yarası alıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib. Bu məsələdə Hüseynbala Mirələmovun oğlu, polis polkovnik-leytenantı Fərid Mirələmovun da adı hallanıb. Deputatın istirahət mərkəzində baş vermiş cinayətə görə qardaşı oğlu Rəşad Mirələmov ömürlük azadlıqdan məhrum olunub.(musavat.com)

BIR CAVAB BURAXIN