Əbədi qardaşlıq rəmzi: Zəfər Paradı

0
1615

Əbədi qardaşlıq rəmzi: Zəfər Paradı

Azərbaycan xalqının çoxəsirlik tarixi əlamətdar hadisələrlə çox zəngindir. Lakin etiraf etməliyik ki, son iki yüz illik tariximizdə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər qədər möhtəşəm qələbə yoxdur. Qazandığımız bu Zəfərdən bir il bir ay keçsə də,  istər ölkəmizdə, istərsə də ölkəmizdən çox-çox uzaqlarda hələ də danışılır, müzakirələr və tədqiqatlar aparılır. Əminik ki, əsrlər keçəcək əsrin müharibəsi sayılan Vətən savaşımızın Zəfər salnaməsi  başqa xalqlar üçün də  qəhrəmanlıq dastanı kimi örnək olacaq. Ərazi bütövlüyümüz bərpa olduqdan sonra, Azərbaycan ictimaiyyəti qardaş Türkiyə, eləcə də, dünya azərbaycanlıları və Azərbaycanın dostları  hətta dövlət orqanları rəsmi elan etməzdən öncə sonsuz sevinc gətirmiş bu zəfərin Azadlıq meydanında təntənə ilə paradla qeyd edilməsini gözləyirdi və səsləndirirdi. Xalq səbirsizliklə azadlıq meydanında bu zəfəri qazanan Qəhrəman və Müzəffər Milli Ordunun qüdrətini, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanın xalqa və dünyaya müraciətini gözləyirdi. Bu paradda bütün xalq Şuşa şəhəri azad edildikdən sonra, cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını  görmək istəyirdi.  Çünki bu, həqiqətən də möhtəşəm bir tarixi hadisə idi və xalqımız bu şərəfli və qürurlu tarixin şahidi idi.

Bu mənada 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin də iştirakı ilə keçirilmiş zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşına əbədi yazılan bir hadisədir. Sözsüz ki, ölkəmizin bütün siyasi elitası, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də paradda iştirak etmişdilər. Həmin gün bütün dünya mediası da zəfər paradını izləyirdi. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də müharibə zamanı erməni ordusundan ələ keçirilmiş qənimətin, hərbi texnikanın bir qismi də nümayiş etdirilmişdi. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın  tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsində olduğu kimi, parad vaxtı da ölkəmizin bütün ictimai-siyasi qüvvələri bir yumruq kimi həmrəylik nümayiş etdirirdi. Bu həmrəylik xalqımızın əvəzedilməz Liderinə olan inam,  etimadın və onun ətrafında sıx birliyinin göstəricisi idi. Paradın qürurvericiliyi bir də onda idi ki,  bütün müharibə boyu  eləcə də parad vaxtı  ölkəmizin bütün bölgələri xalq tərəfindən Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.

 

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc