Əhali niyə kartofa keçib?

0
869

Bazarda kartof satışı.

Bazarda kartof satışı.

«Əhalinin aztəminatlı təbəqəsi qida ehtiyacını ödəmək üçün indi çörəyə və kartofa üstünlük verməli olur»

Kartof idxalı 31,6 faiz, istehsalı isə 7,4 faiz artıb. Alıcılıq qabiliyyəti aşağı düşdüyündən, əhali bahalı ərzaq yerinə, kartofa üstünlük verməli olur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ildə Rusiya, İran, Türkiyə, Gürcüstan, Belarus, Pakistan və digər ölkələrdən 183 min tona yaxın kartof gətirilib. Bir il öncə bundan 58 min ton az kartof idxal olunmuşdu. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov idxal göstəricilərinin artmasını gömrük orqanlarında şəffaflaşmanın və inhisarçılığın azalmasının təzahürü kimi qiymətləndirir və eyni zamanda bunu əhalinin maddi durumunun pisləşməsi ilə də izah edir.

«Əhalinin pulu çörəyə və kartofa çatır»

«İqtisadiyyatda müşahidə olunan mənfi meyllər əhalinin pul gəlirlərinə mənfi təsir göstərib. Qiymətlər də durmadan artır. Elə kartofun özü də indiki qədər baha olmayıb. Əhalinin aztəminatlı təbəqəsi qidaya olan ehtiyacını ödəmək üçün indi çörəyə və kartofa üstünlük verməli olur».

Yerli istehsalın tələbatı ödəmək iqtidarında olmadığı deyən E. Hüseynov hökuməti düşünülmüş ərzaq və kənd təsərrüfatı siyasəti yürütməməkdə günahlandırır.

 

KTN rəsmisi: «Dövlət dəstəyi sayəsində…»

Kənd Təsərrüfat Nazirliyinin (KTN-in) bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovisə yaxın illərdə kartofçuluqda irəliləyişə nail olunacağını deyir. «Xəstəliklərdən azad kartofun yetişdirilməsi üçün nazirliyin dəstəyilə müasir laboratoriya qurulub. Bunun sayəsində fermerlər məhsuldarlığı artıra, ölkənin kartofa olan tələbatını ödəyə biləcəklər».

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə yerli fermerlər 62,8 min hektar sahədə 902,4 min ton kartof yetişdirə biliblər. Hər hektarın məhsuldarlığı 4 sentner artaraq 140 tona çatıb.

Kartofu da az yeyirik?

Komitə 2015-ci ölkədə adambaşına kartof istehlakının ildə 71 kiloqram olduğunu açıqlayıb. Müstəqil ekspert Vahid Məhərrəmli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarına söykənərək deyir ki, ölkədə hətta kartof istehlakı da beynəlxalq normadan (ildə adambaşına 124 kq) aşağıdır. Hökumət 2014-cü ildə minimum ərzaq səbətində kartofa 50,7 kq-lıq yer ayırıb.

Bəzi mütəxəssislərin fikrincə, hökumət ölkənin kartofla özünütəminetmə göstəricisini şişirtməklə qeyri-leqal idxalı pərdələməyə çalışıb. Rəsmi hesabatlara görə, 2015-ci ildə kartofa olan ehtiyacın 14,8 faizi idxal hesabına ödənilib.

Gömrükdə qiymət artmayıb, leqallaşıb

Ötən il Azərbaycan gömrüyündə bir kiloqram idxal kartofu 18,4 sentə (təxminən 30 qəpiyə) rəsmiləşdirilib. İnişilsə vergi və rüsumlara cəlb olunmaq məqsədilə gömrük sənədlərində kartof bundan iki dəfə ucuz – təxminən 9 sentə ( təxminən 14 qəpiyə) göstərilirdi. Pərakəndə satışda kartofun kiloqramı 0,90-1,50 manat arasında dəyişir.

BIR CAVAB BURAXIN